Bəs Göyçədə nə baş vermişdi? Hadisə nə üçün imperatorun diqqətini cəlb edəcək qədər ciddi xarakter almışdı?

9-09-2026, 10:14           
Bəs Göyçədə nə baş vermişdi? Hadisə nə üçün imperatorun diqqətini cəlb edəcək qədər ciddi xarakter almışdı?
1826-1828-ci illər rus-iran müharibəsi və onu başa vuran Türkmənçay sülhü (1828), ardınca 1828–1829-cu illər rus-osman müharibəsi və onu başa vuran Ədirnə sülhü (1829) minlərlə İran (Qacar) və Osmanlı təbəəsi olan ermənilərin Rusiya nəzarətindəki Cənubi Qafqaza köçməyə sövq etdi.
Ümumiyyətlə, İran və Osmanlı təbəələrinin bir hissəsinin Rusiya tərəfindən Cənubi Qafqaza köçürülməsinə dair sovet və xüsusilə erməni tarixşünaslığında müxtəlif rəqəmlər qeyd edilir. Bir mənbəyə görə, İran təbəələri olan ermənilərin sayı 7458 ailə, Matenadaranda saxlanan digər bir sənədə əsasən isə 8510 ailə olmuşdur.
Bu ailələrin gətirilməsinə başlanmazdan əvvəl Cənubi Qafqazda Rusiya işğal etdiyi iki xanlığı - Naxçıvan və İrəvan xanlıqlarını bir inzibati vahid tərkibində birləşdirərək Erməni vilayəti yaratmışdı. İrandan gətirilən bu erməni ailələrinin 1963 ailəsi Erməni vilayətinin keçmiş Naxçıvan xanlığı, 3900 ailə isə keçmiş İrəvan xanlığı ərazisində yerləşdirilmişdir. Qalanları Qarabağa və digər ərazilərə göndərilmişdir.
Lakin bu köçün hələ sonu deyildi. Düz bir il sonra Rusiya bu dəfə Osmanlı torpaqlarından qat-qat böyük bir köç dalğasına start verdi. Ərzurumdan 7298 ailə, Bəyazid paşalığından 4216 ailə, Qarsdan 2467 ailə və nəhayət Ərdəhandan 67 ailə olmaqla 14048 ailədən ibarət Osmanlı təbəəsi olan erməni işğalçı rus ordusu ilə bərabər həmin torpaqları tərk edərək Cənubi Qafqaza gəldi.
Bayazid paşalığından çıxan ermənilərin bir qismi hətta 1829-cu ilin iyununda Bayazid qalasının işğalında və daha sonra osmanlı ordusunun əks hücumu zamanı rus qoşunları ilə birlikdə qalanı müdafiə etdiklərinə görə ruslar tərəfindən medallarla təltif olunmuşdular. Bu detal sonrakı hadisələrdə əhəmiyyət kəsb edəcək.
Sənədlərə görə, Bəyazid paşalığından gətirilən erməni qaçqınlar rəsmi şəkildə 1830-cu ilin iyununda Göyçə gölünün cənub-qərb sahilindəki boş torpaqlarda (əslində müsəlmanların qaçqın düşməsi üçün boş idi), Kəvər kəndi ətrafında və mahalın 30-a yaxın kəndində yerləşdirilmişdir. Rusiya imperiyası gətirdiyi bu "qonaqllara" həmin torpaqlarla bərabər bir dəfəlik 10-20 rubl gümüş pul yardımı və altı illik vergi güzəşti vermiş oldu. Bu müddət ərzində onlar həm də bir sıra əlavə mükəlləfiyyətlərdən, məsələn, poçt xidmətindən, qarovulçu saxlanmasından, odun daşınmasından və hətta 1833-cü ildə Çeçenistana göndərilən hərbi ekspedisiyaya atlı verilməsindən də azad edilmişdilər. Bir sözlə gətirilən ermənilər Rusiya imperiyasının Cənubi Qafqazda əsas etibar etdiyi və qayğı göstərdiyi icma oldu.
Gətirilən ermənilər ərazidə etnoqrafik balansı tam dəyişə bilməsə də, bölgədə erməni icmalarının sayı əhəmiyyətli dərəcədə artmağa başladı. Eyni zamanda, keçmiş Naxçıvan və İrəvan xanlıqlarının ərazisini təxminən 35 min nəfər müsəlman tərk etməli oldu. Beləliklə, Rusiya imperiyasının köçürmə siyasəti bölgənin yalnız əhali tərkibinə deyil, sosial və siyasi münasibətlərinə də təsir göstərən yeni bir mərhələnin əsasını qoydu.
Amma bu dəyişikliklərin ilk ciddi nəticələri özünü heç də gözlənilən yerdə göstərmədi. Ermənilərin xüsusilə sıx yerləşdirildiyi ərazilərdən birində, Erməni vilayətinin keçmiş İrəvan xanlığına aid Göyçə mahalında, çox keçmədən gözlənilməz bir hadisə baş verdi.
Göyçədə baş verən hadisə o qədər ciddi idi ki, məsələ artıq yerli səviyyədə qalmadı. Baş verənlər rus hakimiyyətini, hətta Rusiya imperatorunun özünü belə narahat etdi.
Bəs Göyçədə nə baş vermişdi? Hadisə nə üçün imperatorun diqqətini cəlb edəcək qədər ciddi xarakter almışdı?
(Ardı növbəti statusda)
Сабухи Гусейнов












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]