İftiralara cavablar silsiləsindən: Səfəvilərin Əliallahılarla mübarizəsi

3-09-2026, 08:24           
İftiralara cavablar silsiləsindən:
İstər orta əsrlərdə, istərsə də günümüzdə bəzi qərəzlilər bütöv Azərbaycanın qurucusu Şah İsmayıl Səfəvinin ünvanına ən çirkin ittihamları səsləndirmişlər. Onlardan bir neçəsini qeyd edək:
- Şah İsmayıl guya özünü İmam Mehdi elan etmişdi;
- Qızılbaşlar Şah İsmayıla nəuzubillah Tanrı kimi sitayiş etmişlər;
- Səfəvilər İslam şəriətinə düşmən kəsilmişdilər.
Sonuncu iftiranın əsas məqsədi qızılbaş cəmiyyətini cahil, dinsiz toplumlara bənzətmək, orada hüququn deyil, kobud gücün hökmran olduğunu göstərməkdir. Lakin faktlar bunun əksinə dəlalət edir. Qızılbaş dövlətinin mərkəzində də, onun ucqarlarında da, hətta qeyri-müsəlmanların yaşadıqları vilayətlərdə də o dövr üçün ən mükəmməl qanunlar tətbiq olunurdu.
Şah İsmayıl dünya tarixinin ən ədalətli hökmdarlarından biri idi. O, öz ölkəsində qanunun aliliyini təmin etmişdi. Şah İsmayıl məzhəbindən və dinindən asılı olmayaraq hər bir təbəəsinin hüququnu qoruyurdu. Oxucuya təqdim etdiyimiz misal da birmənalı şəkildə sübuta yetirir ki, Səfəvilər həm hüquq sisteminin, həm də üsuliddinin – İslam dininin sütunlarının keşikçiləri olmuş, bu yolda canlarından da keçmişlər.
Səfəvi tarixçisi İsgəndər bəy Münşi özünün “Aləmi bəzəyən Abbasın tarixi” adlı əsərində yazırdı: “(Şah İsmayıl) İraqi-Ərəb məsələlərini nizamladıqdan və mübarək ocaqlara zəruri diqqət yetirdikdən sonra Xuzistan fəthinə bayraq qaldırıb, o tərəfə rəvan oldu.
Xuzistan hüdudunda Hüseyn bəy Lələ və Bayram bəy Qaramanlını qələbə nişanlı ordunun on min əsgərilə birlikdə Luristan hakimi Məlik Rüstəmin üzərinə göndərdi. Humayun ordu isə Həvizəyə tərəf hərəkət etdi. Həmin vilayətdə yaşayan müşəşə ərəbləri o zamanlarda azğınlıq yoluna düşərək, Şahi-Vilayət pənahın (Həzrət Əlinin) Allah olduğunu iddia edirdilər.
Qəribə hadisələrdən biri də budur: Xalq arasında söylənildiyinə görə, müşəşələr öz ibadətlərini icra etdikləri zaman onlara bıçaq və ya şəmşir zərbəsi təsir etmirdi. Onlar şəmşirin ucunu öz qarınlarına dirəyərək “Əliyullah”, yəni “Əli Allahdır” və başqa batil sözlər söyləyirlər. Bu vaxt şəmşir kaman kimi əyilir, amma onların bədənlərinə zərər dəymirdi.
Həmin tayfanın hakimi həmişə seyidlər arasından seçilirdi. Qızılbaşlar oraya göndərildikləri vaxtda isə Sultan Fəyyaz ibn Sultan Möhsün onların hakimi və öz atasının qayimməqamı idi. O tayfa üçün şəriət ehkamlarının icrası qadağandır. Onlar azğınlıq yoluna daha çox düşüb Fəyyazın uluhiyyətini etiraf edirdilər.
Cah-cəlallı ordu Həvizəyə yaxınlaşanda, “Həbibüs-siyər” əsərinin müəllifinin sözünə görə, Fəyyaz müşəşə təbəqəsi ilə iqbal qoşununun müqabilində səf bəzəyərək döyüşə hazır oldu. Həvizə kənarında böyük hərb başlandı. Həvizə torpağı müşəşəçilərin axan qanlarından ləl rənginə döndü. Bəd niyyətli Fəyyaz o azğınların çoxu ilə birlikdə amalları zəfər olan qazilərin iti qılıncları vasitəsilə ədəm yoluna tələsdi:
Qanı müşəşənin o təhər axdı,
Sanki yer üzünə lalələr çıxdı.
O qədər töküldü qan o başlardan,
Fələk qurşağacan oldu qızıl qan.
Üst-üstə qalandı elə çox ölü,
O çölə bağlandı küləyin yolu.
Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]