16 iyul 1919-cu ildə Həştərxan Vilayəti (Quberniyası) Xalq Maarif Şöbəsinin müdiri Nəriman Nərimanovun Azərbaycan Cümhuriyyəti hökumətinin başçısı Nəsib bəy Yusifbəyliyə məktubu
3-09-2026, 10:34

Azərbaycan üçün belə gərgin bir dönəmdə – 16 iyul 1919-cu ildə Həştərxan Vilayəti (Quberniyası) Xalq Maarif Şöbəsinin müdiri Nəriman Nərimanov Azərbaycan Cümhuriyyəti hökumətinin başçısı Nəsib bəy Yusifbəyliyə məktub yazdı və tezliklə Azərbaycan bolşevikləri arasında oxunaraq yayıldı. Özünü, görünür, Çiçerinin (1918-1930-cu illərdə RSFSR və SSRİ Xarici İşlər Xalq Komissarı) yerində hiss edən maarif müdiri məktubda özünün də bir vaxtlar Azərbaycandan çıxdığını unudaraq ən iyrənc, utancverici bir şəkildə Rusiyaya yaltaqlanaraq onun mənafelərini can-başla müdafiə edir, Nəsib bəyi və silahdaşlarını müstəqil Azərbaycan Cümhuriyyəti qurmaqda və Rusiyanı Bakıdan (əslində Bakı neftindən!) məhrum etməklə bütün Rusiya xalqına, Rusiya proletariatına xəyanət etməkdə suçlayır və bir vaxtlar dueldə uduzduğu Baş naziri Rusiyanın qırmızı ordusu ilə "müdhiş saat yaxınlaşır" deyə hədələyir, onu hakimiyyətdən əl çəkməyə çağırırdı. Özünün də "tarixi sənəd" adlandırdığı bu rüsvayçı məktubdan seçmələri oxuculara təqdim edirik:
"Mən türkləri Qafqaza dəvət etmək tərəfdarlarına qarşı daim ciddi surətdə çıxış etmişəm. Hətta mənim Duma salonunda oxuduğum son mühazirə də tamamilə bu məsələyə həsr olunmuşdu və mən sizin indiki vəziyyətinizi aşikar və aydın surətdə göstərmişdim. Siz pantürkizm və panislamizm ideyalarını yayarkən mən bir kommunist kimi sizin qəti əleyhinizə çıxmışdim, lakin sizin Türkiyə qanadı altına girmək cəhdinizə, bir psixoloq kimi lütfkaranə baxırdım. Türkiyə “zəfərlə” gəlib rüsvayçılıqla getdi. [...]
Bütün siyasətiniz üçün Zaqafqaziya müsəlman fəhlə və kəndlilərinin məhkəməsi qarşısında cavab verməli olacaqsınız. Müdhiş saat yaxınlaşır... [...]
...Sizdən soruşacaqlar: bəs bilmirdinizmi ki, Azərbaycan və Bakı şəhəri Sovet Rusiyası üçün xüsusi mövqe tuturdu? [...]
Sovet Rusiyasının Ermənistan və Gürcüstan ilə əlaqələri xüsusi rol oynamır, amma Bakı Sovet Rusiyasının həyatıdır. Siz qabaqcıl müsəlmanlar isə daim bu ciddi məsələ ilə oynayaraq rus fəhlələrinə və kəndlilərinə son
dərəcə nankorluq etdiniz... [...]
Bütöv bir xalqın hayatı ilə, qızıl əsgərləri xarüqələr yaradan bütöv bir dövlətin
həyatı ilə oynamaq olmaz, amma siz cinayətkarcasına bu cür oynadınız... [...]
Qoy bütün dövlətlərdə sovet hakimiyyəti bərpa edilsin, islam dininə inanan xalqlar 100 ildə edə bilmədiklərini 10 ildə etsinlər.
Belə bir perspektiv qaşısında bir ovuc əxlaqsızın cibişdanı haqqında danışmaq və düşünmək bizim üçün nə qədər eyib olar, həm də onlar ona görə əxlaqsız olmuşlar ki, kapital hakim idi, əmək isə həqarət hesab edilirdi...
Belə bir ciddi dövrdə, dünya inqilabının alovları ayaqdəyməz adaları belə bürüdüyü bir zamanda mən sizi və sizin həmfikirlərinizi qəbirqazan rolundan əl çəkməyə çağırıram. Mərd-mərdanə deyin: biz Rusiya inqilabının
xarakterini anlamamışıq, biz dağıdıcı imperialist müharibəsinin bütün nəticələrini
nəzərə ala bilməmişik, biz meydandan çəkilirik, Azərbaycanda qoy Sovet hakimiyyǝti olsun! Mən əminəm ki, bununla siz rus proletariatı qarşısında təqsirinizi yüngülləşdirmiş olarsınız...".
"Papadan artıq katolik olmağa" - Azərbaycanın müstəqil dövlətini yıxaraq onu Rusiyanın mənafelərinə qurban verməyə çağıran N.Nərimanovu bu cür Rusiya sevdalısı olmağa vadar edən nəydi? Məncə, bunun kökünü araşdırmağa ehtiyac var, çünki indinin özündə də Nərimanova bəraət qazandırmaq, onu bu cür davranmağa kommunist əqidəsinin vadar etdiyini söyləyənlər var. Ancaq tarixi gerçəklik əksini sübut edir - Nərimanovu bu məktubu yazmağa təhrik edən onun Moskvada yüksək vəzifə tutmağa can atması olub.
Bu məktubdan 9 gün sonra 25 avqust 1919-da N.Nərimanov Şərq xalqları kommunist təşkilatları mərkəzi bürosunun iclasında Xarici İşlər Komissarlığı Yaxın Şərq şöbəsinin müdiri kimi məşvərətçi səslə büroya daxil edilib. Bizcə, artıq izahata ehtiyac qalmır.
Mənbə "Fikir və əməl böyüklərimiz". Bakı-2014-cü il
Azərbaycan Tarixi

