ŞAH İSMAYIL,ƏLƏVİLİK,ŞİƏLİK VƏ SƏFƏVİ DÖVLƏTİNİN MAHİYYƏTİ HAQQINDA.2-ci yazı

3-09-2026, 09:34           
ŞAH İSMAYIL,ƏLƏVİLİK,ŞİƏLİK VƏ SƏFƏVİ DÖVLƏTİNİN MAHİYYƏTİ HAQQINDA.2-ci yazı
Şah İsmayıl və Səfəvilər mövzusuna geri dönərkən, tarixi mövzularda mənim üçün ən mötəbər avtoritet olan və hələ 70-ci illərdə Tarix fakultəsində mənə il yarım dərs demiş, Azərbaycanın da ən görkəmli tarixçilərindən biri hesab etdiyim Böyük müəllimim Əbülfəz Elçibəyin Səfəvilik və şiəliklə əlaqədar fikirlərinin improviziyası ilə davam etdirmək istəyirəm.
Əbülfəz Elçibəy istər keçmişdəki tarixi şəxsiyyətlərimizin, istərsə də, Azərbaycanın ən yeni dövrünün görkəmli siyasi simalarının ifrat dərəcədə ideallaşdrılmasının və ya onların tarixdəki xidmətlərinin üzərindən xət çəkib bir tərəfli qaydada neqativ dəyərləndrilməsinin qəti əleyhdarı idi.Əbülfəz Elçibəy bir sıra məqalələrində və “Bütöv Azərbaycan Yolunda” adlı fundamental əsərində bir tarixçi kimi Şah İsmayıl və Səfəvilər haqqında da obyektiv yanaşma sərgiləmişdir.
Elçibəy Şah İsmayıl Xətaini qüdrətli türk dövlətçiliyi tarixinin, milli özünüdərkin və ana dilli ədəbiyyatın ən uca nümayəndələrindən biri kimi qiymətləndirmiş ,1993-cü ildə Azərbaycanın ali hərbi mükafatı olan "Şah İsmayıl" ordenini təsis etmiş və ona əzəmətli heykəl qoymuşdur. Bütün bunlar onun Şah İsmayılın sərkərdəlik və dövlətçilik fəaliyyətinə verdiyi rəsmi və uca qiymətin göstəricisi idi.
Elçibəy Şah İsmayıl Xətayiylə Sultan Səlim arasındakı savaşı dini zəmində baş vermiş savaş kimi dəyərləndrilməsinin qəti əleyhdarı olmuş, onları bir-birinə qarşı mübarizə aparıb, bir-birini qılıncdan keçirsələr də hər ikisini türk tarixinin nəhəng, müqəddəs adamları hesab etmişdir.
Lakin bunlarla yanaşı Əbülfəz Elçibəy türklüyünə heç bir şübhə yeri qoymadığı Səfəviləri, şiəliyi dövlət dini kimi Azərbaycanda bərqərar etmələrinə görə çox kəskin şəkildə tənqid etmiş, Səfəvilərin gətirdiyi şiəliyin türklərin tarixi taleyində oynadığı neqativ rolu xüsusi qeyd etmişdir.
Elçibəyə görə Şiəlik əslində böyük ərəb-İran imperiyasının - xilafətin mərkəzi hakimiyyətinə qarşı yaranan müxalifət hərəkatıdır ki, daha çox imperiyanın ucqarlarından ara-sıra baş qaldırmış, bəzən də yeni dövlətlərin yaranması ilə nəticələnmişdi.Səfəvilərdən öncə şiəlik IX-XI yüzillərdə Quzey Afrikada Əğləblər və Fatimilər, X yüzildə Deyləmdə Buveyhilər, IX-X yüzildə Qərmətilər dövlətlərində məhz mərkəzi hakimiyyətə qarşı din-təriqət pərdəsi altında aparılan mübarizə nəticəsində yaranmışdır.
Büveyhilərin sultanlığı dövründə sünnülərlə şiələrin şərikli hakimiyyəti yüz ildən çox davam etdi. Bunun nəticəsində xilafətin İraq da daxil olmaqla bütün doğusunda islam cəmiyyəti dərin parçalanma keçirdi.Sünnü-şiə ziddiyətləri başlandı.Xilafət tarixində ilk dəfə olaraq Büveyhilərin müdaxiləsi nəticəsində əzanda və şəhadətdə "əşhədu ən la ilahə illəllah, əşhədu ənna Muhammədən rəsulullah"dan sonra "əşhədu ənna Əliyyən vəliyullah" oxunmağa başlandı.Əzanda və şəhadətdə "əşhədu ənna Əliyyən vəliyullah" Büveyhilərin hakimiyyəti devriləndən sonra ləğv, qadağan edildi, yalnız Şah İsmayılın şahlığı dövründə (1501-1524) onun göstərişi ilə yenidən əzana və şəhadətə salındı.
Fars şovinizmi şiəliyi bütün islama qarşı qoydu, tarixi şəxsiyyətlər olan imamların tərcümeyi-hallarını, həyat və yaradıcılıqlarını miflərlə qarışdırdı, miflərlə saxtalaşdırdı. Əliallahiliyi (IV xəlifə, imam həzrət Əlini Allah sayanlar), ismaililliyi farslar yaratdılar.Xəlifə Osman 656-cı ildə qətlə yetiriləndən sonra hz. Əli ibn Əbutalıb (656-661) xəlifə seçildi. Bundan sonra xilafətdə daxili çəkişmə qızışıb iç savaşa keçdi. Parslar bundan yararlanmağa çalışırdılar. Onların özlərini hz. Əliyə tərəfdar kimi göstərmələrinin bir səbəbi öldrülmüş Sasani şahı III Yəzdəgirdin qızı Şəhrəbanunun hz. Əlinin oğlu Hüseynə ərə getməsi ilə bağlıydı.Artıq şahpərəst fars əyanları özlərini peyğəmbər ailəsinə "qohum" sayırdılar.
yeri gəldikcə ərəb və türk ağalığına qarşı istifadə etmişlər.
Əbülfəz Elçibəy Şah İsmayılın mənsub olduğu Səfəviyyə təriqətinin tarixi kökləri haqqında yazır:” Orta əsr tarixçisi Fəzlullah Ruzbihan öz əsərində Azərbaycan Səfəvilər dövlətinin yaradıcısı, görkəmli sərkərdə və dövlət xadimi Şah İsmayıl Xətayinin atası Şeyx Heydər haqda yazır ki, bu adam Azərbaycanda Babəkin fikirlərini, qanunlarını yayırdı. Səfəviyyə sufi təriqətinin banisi Şeyx Səfiəddinin təlimi Səfəvilər dövlətinin (xüsusən ilk çağlarında) ideologiyası olmuşdur. Bizcə Səfəvilərin silahlı mübarizəyə qoşulub nəticədə dövlət yaratmaları ilk öncə xürrəmiliklə bağlı olmuş, sonra onların ideologiyasında şiəlik üstün mövqe qazanmışdı. Bu ideologiyada xürrəmilik, şiəlik və sufilik birləşdirilmişdir. Daha doğrusu, bunların hər üçündən istifadə edilmişdi. Çünki, sufilikdə siyasi mübarizə rədd edilir, yalnız bəzi sufi təriqətinin müəyyən təşkilatında (məsələn, futuvvədə) güc tətbiq edilməsinə icazə verilmişdi.”
Əbülfəz Elçibəyin də qeyd etdiyi kimi Səfəvilərin Anadolu qızılbaş-ələvi türkmənləri ilə əlaqəsi hələ sünnü sufi təriqətinin başçısı Şeyx Sədrəddinin dövründə qoyulmuşdur.Sultan Bəyazid üzərində qələbə çalan Əmir Teymur geri dönərkən Ərdəbildə Şeyx Sədrəddini ziyarət etmiş və Şeyxin xahişi ilə Anadoluda əsir aldığı türkmənləri azad etmişdir.Bu çox saylı əsirlərin bir qismi öz vətəninə geri dönsə də böyük qismi Şeyx Sədrəddinə biyət edərək onun xidmətində qalmışlar.Şamlu,rumlu,ustaclı tayfalarına mənsub və şeyxin müridləri olan bu insanların vasitəsi ilə təriqət Anadoluda türkmən tayfaları içərisində geniş vüsət aldı.
İrena Məlikov Şah İsmayılın vizyonunu belə təsvir edir:”İslam mədəniyyətini qəbul etsə də, dini məsələlərdə Ağqoyunlulardan miras aldığı Orta Asiyadan gələn arxaik ayin və inancların xatirəsi onda qalmışdır. Şeirlərində reinkarnasiyaya və formaların çoxluğuna inanc tapırıq. O, özünü Zat-i Hak, Tanrının Mahiyyəti, Məzhar-i Hak, Əlinin dövri təcəssümü elan etmişdir. O, özünü Əlinin sirri adlandırır.”
Şah İsmayılın fars dili və poeziyası ilə tanışlığı ona LahicandaQuran, ərəb və fars dili ədəıbiyyatı dərsi verən Mövlana Şəmsəddin Məhəmməd Lahici ( ö. 1506) vasitəsilə olmuşdur.Lahici Səfəvilər dövlətinin ilk sədri, tanınmış fars dilli şair, ilahiyyatçı və fars sufizmimim formalaşmasında önəmli rol oynayan Nurbəxşiyyə təriqətinin sufi mütəvəssifidir
Şah İsmayıl Xətainin dövründə Şah öz müəllimini imperiyanın ilk sədri (dini, hüquqi və maliyyə işlərinə rəhbərlik edən ali vəzifəli şəxs) təyin etmişdir.
Səfəvi dövləti haqqında kitabın müəllifi Faruk Sümər şiəliyin İrana Anadoludan gətirildiyini, və onu İrana gətirən ünsürün Səfəvi dövlətini quran Qızılbaş kimi tanınan Anadolu türkləri olduğunu yazır. Anadolu türkləri Səfəvi dövlətini qurdular və şiə inancını da məcburi yolla İranın misilsiz məzhəbinə çevirdilər.
Şah İsmayılın gətirdiyi şiəlik bəzi türk tədqiqatçıların da qeyd etdiyi kimi Cüneyd və Heydərin sıx münasibətdə olduğu Anadolu türkmən tayfalarının etiqad etdikləri türk ələvi-bektaşiliylə ilə eyni idi.Kökünü Türklərin tenqriçi-şamanizmi ilə islamın sintezi təşkil edirdi.
Şah İsmayılın hakimiyyəti dövründə onunla eyni düşüncələri paylaşan türkmən tayfaları sonradan cənub-şərqi Anadolunun Osmanlıların əlinə keçdiyinə görə Səfəvi dövlətində baş verən dini dəyişiyliklərdən uzaq qalmış və qızılbaş-ələvi-bektaşi inancını on iki imam şiəliyi təsirindən qoruyub saxlamışlar.
Ələvilikdə Dörd qapı qırx məqam inancı onun təməl prinsipləridir: Şəriət, təriqət, mərifət və həqiqət mərhələlərindən ibarət yol xəritəsidir.
Ələvilikdə ibadət cəm mərasimi şəklində Cəm evlərində sazlı musiqinin müşaiyəti ilə dönülən mistik rəqs formasında həyata keçirilir.
Şah İsmayılın dini inancının qızılbaş-ələvi inancı ilə eyni olduğunu sübut edən amil hələ müasir dövürdə Güney Azərbaycanda öz mövcudluğunu qoruyub saxlayan qızılbaş ələvilərdir.(Molla rejimi hələ də güneydəki qızılbaş ələvilərə qarşı amansız repressiya tətbiq edir, onların fəallarını edama məhkum edir.)
Şah İsmayılın məğlubiyyəti və Anadolunun şərqinin Osmanlı torpaqlarına qatılması ilə türk ələvi etiqadı şiəçilik təsirinə məruz qalmayaraq Şah İsmayıl dövründə olduğu şəkildə öz varlığını qoruyub saxladı.Lakin Şah İsmayıldan sonra Səfəvi dövlətində hakimiyyətə gələn varisləri I Abbas və digərlərinin dində ifrat şiəçiliyə doğru apardıqları islahatlar nəticəsində qızılbaşlıq ciddi dəyişikliyə məruz qaldı.
Həsən-i Rumlunun qeyd etdiyi kimi, İsmayıl on iki imam şiəliyini rəsmi məzhəb elan etdikdə, Təbriz bölgəsində İslam şiə doktrinasını düzgün başa düşən demək olar ki, heç kim yox idi. Onlar hətta kitabxanalarda klassik şiə mənbələrini belə tapa bilmirdilər. Şiə məzhəbini və onun inanclarını izah edən yeganə kitab Şeyx Cəmaləddin Muxtar əl-Hillinin Nəsrullah Zeytuninin şəxsi kitabxanasında olan *Qəvaid əl-İslam* əsəri idi.
Dinin əsaslarının izah edilməsində mövcud olan boşluğu doldurmaq üçün Şah İsmayıl və onun varisi Təhmasib uzun müddət Livan bölgəsində kök salmış din alimlərinin ailələrindən alimlər gətirdilər. Bu ərəbdilli imami alimləri Səfəvi şiəliyinin nəzəri əsaslarının ilk təbəqəsini meydana gətirdilər.
Şah İsmayıl dövründə Livandan gətirilən şiə ülama ailəsinə mənsub olan Məhəmməd Bağır Məclisi , bütün zamanların ən mühüm şiə üləmalarından biri kimi özünün fəaliyyətini Səfəvi dövlətində sünniliyin ortadan qaldırılmasına və on iki imam şiəliyinin-işna aşariyənin möhkəmlənib hakim mövqe tutmasına həsr etmişdi.Məclisi dövrünə qədər şiəlik və sufizm bir-biri ilə sıx bağlı idi və həqiqətən də sufizm sünnilər arasında şiə tərəfdarı əhval-ruhiyyənin bir vasitəsi idi.Məhəmməd Məclisi on iki imam şiəliyini şərh etdiyi əsərlərini fars dilində yazdığı üçün bu dil ruhanilərin və onların vasitəsilə xalq kütlələrinin önəmli ünsüyyət vasitəsinə çevrilirdi.
Məclisi "iranlıların müntəzəm olaraq tətbiq etdiyi Azadari, Ərbəinziyarəti, Ələm yürüşləri, Təziyyə və Lətmiyyə kimi çoxsaylı şiə rituallarını" təbliğ etməklə tanınır.Lakin bütün cəhdlərə baxmayaraq şiəliyi hamının sözsüz aqəbul etdiyi bir etiqada çevirmək mümkün olmurdu.Qızılbaş-ələvi türkmən bəyləri öz etiqadlarından imtina edib tabe olmaqda dirənirdilər.I Abbasın (1587–1629) dövrünə qədər şiəlik Səfəvi dövləti ərazisində tam dominantlığa malik ola bilməmişdi.O,imperiyanı On iki imam şiəliyi dövlətinə çevirmək üçün bir sıra inzibati dəyişikliklər həyata keçirməyə məcbur olu.
Beləliklə Şah İsmayıldan 63 il sonra hakimiyyətə gələn nəvəsi Şah Abbas (1587-1629) farsların təsiri altında olduğundan türk elitasını öz ətrafından uzaqlaşdırmış, müqavimət göstərən qızılbaş əmirlərini edam etmiş,itaət göstərən qızılbaşların cüzi bir hissəsi ilə yenə də başqa türk tayfa elitasını birləşdirərək yeni hərbi-feodal birliyi yaratmış və onun adını "şahvesənlər" qoymuşdu.
Şah İsmayılın, bu gün ümumiyyətlə Ələvilik adlandıra biləcəyimiz "Qızılbaş sufizmi" mövcud olduğu halda, hakimiyyətinin ilk ilindən On İki İmam şiəliyini rəsmi məzhəb elan etməsinin səbəbi mübahisə mövzusudur.
Şah İsmayılın ölümündən sonra vəziyyət dəyişmiş, oğlu I Təhmasib dini təsəvvürlərdə də müəyyən dəyişikliklər həyata keçirməyə məcbur olmuşdur.
Şah Təhmasib özünü "dindar mistik şiə kralı" kimi təsvir edirdi.1533-cü ilə qədər qızılbaş liderləri ona təlqin edirdilər ki, gənc şah atasının yolundan getməlidir. Çünki qızılbaşlar onun atası Şah İsmayılı təkcə dövlətin başçısı kimi deyil, həm də dini rəhbər hesab edir, onun Mehdi olduğunu düşünürdülər. Həmin il o, ruhi baxımdan yenidən dünyaya gəlmə- reinkarnasiya prosesini keçərək tövbə etdi və dindən kənar davranışlarını tərk etdi. Təhmasib atasının Mehdi olma iddiasınından imtina etdi, İmam Əlinin mistik sevgisi və şəriətə bağlı şah olmağı üstün tutdu.
Tarixçi Mazzaoui və bir çox digər tarixçilər Səfəvi təriqətində Qızılbaş çevrilişinin Şeyx Cüneydin zamanında qoyulduğunu və "Səfəvi Sufi Təriqətinin” "Səfəvi Hərəkatına” dönüşdüyü fikrini irəli sürürlər.Cüneydin Şeyxlik məqamına yüksəlməsilə Səfəvi Sufi təriqəti iki qola ayrıldı, bu qollardan birinə Cüneydin atası Şeyx İbrahimin qardaşı və köhnə Sufi təriqətinin ənənəvi yolunu davam etdirən Şeyx Cəfər və ikincisinə isə reformist və inqilabçı Şeyx Cüneyd.
Yəni Şeyx Cüneydin həyata keçirdiyi Qızılbaş inqilabı yarım əsr sonra Şah İsmayılın rəhbərliyi altında yaranan şiə Səfəvi dövlətinin başlanğıc nöqtəsini təşkil edir.Şeyx Cüneydə qədər Ərdəbil sufi dərgahının tərəfdarları əsasən şəhər və kəndlərin oturaq kəndli və sənətkar əhalisindən ibarətdi.Lakin Aşıkpaşazadənin də yazdığı kimi Cüneydin əmisi Cəfərlə arasındakı qovğaya görə Anadoluya və Hələbə uzun zaman davam edən səfərləri və türkmənlərlə təmasları nəticəsində əvvəlcədən sufi təriqətini qəbul edən Anadolu türkmənlərinin vasitəçiliyi ilə Ərdəbil sufi dərgahının msüridlər kütləsinin əksəriyyətini Anadoluda və Suriyada yaşayan köçəri türkmən tayfaları təşkil edirdi.
Tarixçi Rza Yıldırımın da qeyd etdiyi kimi Cüneydin Trabzonda Rum imperiyasına qarşı mübarizədə əsas dəstəkçisi olan Çepni türkmənləri qeyri-islam dini ayinləri və ələvi meylləri ilə tanınırdılar. XV əsrin sonlarına yaxın xeyli sayda Çepni tayfası Səfəvi sıralarına qoşuldu. Şeyx Cüneydin Canik bölgəsindəki dəstəyini əsasən Çepni tayfaları və ərazidə məskunlaşmış digər türkmən tayfaları təmin edirdi. Bu yeni növ mürirdlər həm də basqınlar həyata keçirən döyüşçü-sufilər idi.
Fəzlullah Ruzbixan Hunci Şeyx Heydərin Qızılbaş papağı geyməsini onun bir yuxusu ilə əlaqələndrir.Rəvayətə görə, bir gecə yuxuda qeyb aləmindən bəzi elçilər Heydəri ziyarətə gəlir və ona müridlərinə on iki zolaqlı qırmızı tac geydirməyi tapşırır. Beləliklə, Heydər oyandıqda, o dövrdə hər kəs tərəfindən geyilən adi türkmən papağını məmnuniyyətlə dəyişib Tac-i Heydəri kimi tanınan on iki zolaqlı papağı geyinir. Tac-i Haydari ucu, uzun konus formasında qırmızı, yun baş geyimi idi. Baş geyiminin zolaqlı hissəsi On İki İmamın əlaməti olaraq on iki təbəqədən ibarət idi. Qırmızı baş geyiminin ətrafında ağ və ya yaşıl yun və ya ipəkdən hazırlanmış bir halqa var idi .
Beləliklə Şeyx Heydər özünü Ərdəbil sufi təriqətindən fərqləndirmək üşün Qızılbaş ünvanını qəbul etdi.
Osmanlı dövlətində sünnü məzhəbinin dövlət dini statusu qazanması və xəlifəliyin Osmanlı sultanlarına keçməsi ilə osmanlı hakimiyyətinə tabe olmaq istəməyən ələvi türkmən tayfalarına qarşı təzyiqlər artmış oldu və bu şəraitdə Anadolu türkmənlərı Səfəvi hakimiyyətinə bir xilaskar ümidi ilə baxırdılar.
Tarixçilər birgə fikirdədirlər ki, şiəliyin fars xalqı arasında həlledici qələbəsi Səfəvilər imperiyası zamanında başa çatıbdır, yəni XVI yüzildə.
Bir həssas nöqtəni də qeyd edək ki, şiəlik Abbasilər imperiyasının mərkəzindən Xorəzmədək ərazidə XII yüzilliyədək din-təriqət məfkurəsindən daha çox ictimai-siyasi, sosial ədalət uğrunda mübarizədə dini örtük xarakteri daşımış, XII yüzildən dini ideya kimi təkmilləşmişdi. O zamandan şiəlik sufiliklə daha çox çuğlaşmış, dini-fəlsəfi mahiyyət qazanmışdır.
Əbülfəz Elçibəy qeyd edir ki,VII-XVI yüzillərdə sünnü-şiə ixtilafı nəticəsində fərq qoyulmadan ərəblə ərəb, farsla fars, türklə türk bir-birini qırırdı. XVI yüzildən sonra bu qırğın əsasən türklər arasında gedirdi. Bu məsələdə Səfəvi imperiyası əsas qızışdırıcı faktor olsa da Osmanlı imperatorluğu və özbək xanları da onlardan geri qalmır, sünnü-şiə ixtilafından hər biri öz hakimiyyət ehtiraslarından ötrü istədikləri yozumda istifadə edirdilər. Tam inamla və yəqinliklə deyirik ki, XVI-XIX yüzillərdə sünnü-şiə didişmələri nəticəsində yalnız və yalnız türklər bir-birinə saldırmış, türklər bir-birini qırmış, birgəlikdə türk milləti fəlakətlərə düçar olmuş, gücünü yıpratmış, gücsüz duruma düşmüş, sonucda düşmənlərinə yem olmuşdur.
Əbülfəz Elçibəy yazır ki, fars şovinizmi və sünni-şiə münaqişə və müharibələri, onların islama və türklərə vurduğu tarixi yaralar, bu münaqişənin həlli yolları haqda dərindən-dərinə, köklü araşdırmalara böyük ehtiyac vardır. Bu problemin araşdırılmamasından, aydınlaşdırılmamasından yararlanan türk-islam düşmənləri millətimizin başına çox bəlalar gətirmişlər və gətirə bilərlər. Bunun üçün də türk siyasətçi və bilginləri buna ayrıca diqqət yetirməli, bu böük, mürəkkəb elmi-nəzəri məsələni ələ almalı, gündəlikdə saxlamalı və onu böyük, dərin elmi araşdırmalar əsasında həll etməlidir.
Hakimiyyət uğrunda mübarizədə öz rəqiblərinə qalib gələn İsmayıl 1501-ci ilin payızında Təbrizə daxil olaraq özünü şah elan etdi. Bununla da paytaxtı Təbriz olan Azərbaycan Səfəvilər dövlətinin əsası qoyuldu. 14 yaşlı bir gəncin bu aqədər hərbi uğurlar qazanmasının əsas səbəbkarları "Dede", "lələ", "xəlifə" ünavanları ilə Qızılbaş dini təşkilatında mövqe tutaraq şahın xidmətində olan, döyüşkən Türkmən tayfalarına başçılıq edən bəylər idi.Bir çox tarixçinin də qeyd etdikləri kimi qızılbaşlar İsmayılın ilahi gücə malik olduğu fikrini qəbul edir, onu bəzən Tanrının özü, bəzən Əli, bəzən də Mehdi hesab edirdilər.
Hüseyn bəy Lala Şamlu qəbiləsindən, Abdal Əli bəy Dədə Dulkadir qəbiləsindən, Hadim bəy Hüləfa Talış qəbiləsindən, Rüstəm və Bayram bəy Karaman qəbiləsindən, İlyas bəy Aykutoğlu Hınıs qəbiləsindən,Kara Piri bəy Qaçar qəbiləsindən olub Səfəvi dövlətinin əsas qurucu babaları idilər.Qızılbaş hərəkatının bu yeddi ən görkəmli liderindən beşi Anadolu mənşəli biri isə Şimali Suriyadan idi.Səfəvi dövlətinin qurulması prosesində önəmli rol oynayan bu sərkərdələr İsmayılın 1501-ci ildə Təbrizdə taxta çıxmasından sonra dövlətdə mühüm vəzifələrə gətirildilər.Hüseyn bəy Lalə şahın müavini və əmir əl-ümara, yəni ordunun başçısı ; Abdal Əli bəy Dədə xüsusi qüvvələrin (kurçi başı) başçısı oldu; Hadim bəy Hüləfa xəlifəsi, yəni Qızılbaş sufi təşkilatının rəhbəri, Bayram bəy Karamanlı əmir-i divan, Abdi bəy isə tovacı-başı oldu.
SƏFƏVİLƏR VƏ İRAN MİLLİ ŞİƏ DÖVLƏTÇİLİYİ.
Azərbaycan tarixşünaslığında Səfəvi dövləti hər nə qədər Azərbaycanda Mərkəzləşmiş dövlətin bünövrəsi hesab edilsə də, İran tarixşünaslığında bu məsələyə fərqli baxış mövcuddur.Biz Şah İsmayıla, onun yaratdığı Səfəvi dövlətinə və bu dövlətin dini olan on iki imam şiəliyinə bir də İranın iki görkəmli ictimai-siyasi xadimi bu ölkənin ictimai-fəlsəfi fikrində dərin iz qoymuş şiəlik təəssübkeşliyindən uzaq açıq fikirli sosioloq Əli Şəriətinin və İran İslam Respublikasının keçmiş xarici işlər naziri və Əli Xamneyinin müşaviri olmuş İran milliyətçi şiə idoloqu Əli Əkbər Vilayətinin prizmasından yanaşaq.
Səfəvilərin İrana gətirdiyi şiəliyə tənqidi yanaşan İslam dini tədqiqatçısı Əli Şəriəti səfəvilərin şiəlik tarixində oynadıqları önəmli rola nəzərən şiəliyi “Əli şiəsi” və “Səfəvi şiəsi” olaraq iki kateqoriyaya ayırır.Əli şiəliyi hərəkat xarakterli ilkin inancdır və Səfəvi şiəliyi isə dövlət institutuna çevrilmiş rəsmi dindir.
Əli Şəriətiyə görə İslam tarixində sufizmin iki ziddiyyətli ölçüsü var. Biri mənfi ölçü, həyatdan uzaqlaşmaq, imtina etmək və zahidlik ölçüsü; digəri isə cəsarət, təcavüzkarlıq, igidlik və davakarlıq ölçüsüdür. İran İslam sufizmi ilə qarışan və hətta sünni alimləri arasında da yayılan "cəsarət" və "cəngavərlik" ruhu ilə qidalanan və sözün tarixi mənasında ənənəvi İran "intellektual" ruhunu daşıyan Şeyx Səfinin oğulları bu təbəqəyə aiddir.
Əli ibn Əbi Talib bu təbəqənin sevimli siması hesab olunurdu. Bu ənənəvi dini istiqamət çox böyük və təsirli bir sosial qüvvə təşkil etmişdi. Lakin bu qüvvə sonradan əsasən gənc Şah İsmayıl və Qızılbaş militanları kimi hərbi qəhrəmanlardan ibarət aqressiv bir liderlik yaratmışdı. Bu liderlik və hərbi qüvvə kütlələr arasında və İran cəmiyyətinin vicdanının dərinliklərində ən böyük sosial, intellektual və mənəvi enerjini toplamışdı.
Müəllif əsərdə şiəliyin əsas prinsiplərinin Səfəvi dövründə necə tam tərsinə çevrildiyini izah edir:
1.Əli şiəliyi (Hərəkət dini): Şəriəti bunu zülmə, haqsızlığa və korrupsiyaya qarşı çıxan "Xeyr" (Etiraz) şiəliyi adlandırır. Bu cərəyan ədaləti, azadlığı və məzlumların hüquqlarını müdafiə edən dinamik, aktiv ideologiyadır.
2.Səfəvi şiəliyi (Saray dini): Səfəvilər imperiyası dövründə şiəliyin rəsmi dövlət dininə çevrilməsi ilə yaranan "Bəli" (İtaət) şiəliyidir. Mövcud siyasi hakimiyyəti qorumaq məqsədi güdür və xalqı passivliyə, taleyə boyun əyməyə çağırır.
Klassik Əli şiəliyin və Səfəvi şiəliyinin şiəliyin əsas ehkamlarına münasibətində də əsaslı fərqlər mövcuddur.
-İmamət və Vilayət: Əli şiəliyində rəhbərin (İmamın) cəmiyyətə ədalətlə bələdçilik etməsi, ləyaqəti əsas götürülürdüsə, Səfəvi şiəliyində bu, sadəcə bir soy-nəsil aristokratiyasına və şahlara mütləq itaət formasına çevrildi.
-İntizar (Qeybə çəkilmə və gözləmə): Əli şiəliyində İmam Mehdinin gəlişini gözləmək ədalət uğrunda fəal mübarizə aparmaq demək idi. Səfəvi şiəliyində isə "İmam gələnə qədər heç nə etmək olmaz" anlayışı ilə passivliyə və zülmə dözməyə bəraət qazandırıldı.
-Şəhadət (Aşura və Məhərrəmlik): İlkin inancda şəhadət zalımlara qarşı aktiv dirəniş rəmzi (İmam Hüseyn məktəbi) olduğu halda, Səfəvi modelində bu, sadəcə ağlamaq, özünə əziyyət vermək və tarixi yas ritualları ilə təsəlli tapmaq formasına salındı
-Təqiyyə (İnancı gizlətmək): İlkin dövrdə təqiyyə çətin şəraitdə inqilabi mübarizəni qorumaq üçün gizli taktika idi; Səfəvi dövründə isə qorxaqlığa, məsuliyyətdən qaçmağa və səssiz qalmağa bəhanə oldu.[1]
Şəriəti vurğulayır ki, Səfəvi şiəliyi İslam ümmətinin birliyinə ciddi zərbə vurmuşdur. Bu model, şiələrlə sünnilər arasında süni düşmənçilik toxumları səpərək diqqəti əsl ortaq düşmənlərdən (müstəmləkəçilik, istismar və ədalətsizlik) yayındırmaq üçün istifadə edilmişdir.
Şəriətiyə görə Səfəvi hərəkatının bacarığı və müdrikliyi idarəetmə strukturunu iki möhkəm sütun üzərində qurmaqda idi: 1- Şiə məzhəbi,şiə hisslərinə və məqsədlərinə xidmət.
2- İran milliyyəti. Bu İran milliyətçiliyinə və milli adət-ənənyə əsaslanırdı.Bu iki sərhəd İranı hər cəhətdən böyük İslam ümmətindən və İslam libasını geyinmiş və Səfəvilərə rəqib olan böyük Osmanlı İmperiyasından ayırırdı.Bununla Şəriəti vurğulayır ki, Səfəvi şiəliyi İslam ümmətinin birliyinə ciddi zərbə vurmuşdur. Bu model, şiələrlə sünnilər arasında süni düşmənçilik toxumları səpərək diqqəti əsl ortaq düşmənlərdən (müstəmləkəçilik, istismar və ədalətsizlik) yayındırmaq üçün istifadə edilmişdir.
Şəriəti İran milliyətçi hərəkatı olan “Şüubiyyə” ilə Səfəvi şiəliyi arasında əlaqəni də qeyd edir.Əməvi dövrünün sonunda və Abbasi dövrünün əvvəlində, "İslam xilafəti"nin yerini "ərəb hökuməti"nə verdiyi və Əməvi xilafətinin mərkəzində ərəb qüruru və iranlılara qarşı nifrət ruhu canlandığı zaman əks-hərəkat yarandı: İran ruhunun milli zadəganlığına qayıdış və etnik qürura meyl, "Şüubi hərəkatı" adlanan bir hərəkatla tam və aydın bir görünüş aldı.
Əvvəlcə məqsədləri ərəblərin və farsların bərabərliyi olan Şuubiyyə tədricən farsların ərəblər üzərində üstünlüyünü müdafiə edərək "ucalma tərəfdarı"na çevrildi. Onlar tarixi şöhrət və şərəfi, etnik dəyərləri canlandırmaqla və İslamın yaddaşlardan sildiyi şeyləri xatırlamaqla xilafəti sarsıtmağa, İran etnikliyini İslamın doktrinal və mədəni hərəkatında yüksəltməyə İslam İranının köklərini qədim İrana bağlamağa çalışdılar.
Şüubiyyə keçmişlə öyünməyə, İran padşahlarının izzətinə və əzəmətinə, iranlıların torpağının və qanının fəzilətinə və İslamın dəyərsizləşdirdiyi dəyərlərin dirçəlişinə güvənirdi.
İndi yenidən dünya İslam xilafətinin gücü qarşısında olan Səfəvi sülaləsi İran millətçiliyinə, İranın köhnə ənənələrin dirçəlişinə və keçmişlə öyünməyin tərbiyəsinə güvənməli idi. Bu yolla həm İranı - böyük müsəlman cəmiyyəti qarşısında - gücləndirəcək, həm də Səfəvilərin düşməni olan türklər və ərəblər arasında ortaq bir bağ yaradan İslama güvənmək əvəzinə öz vətəninə, ənənələrinə və soyuna güvənəcək və beləliklə, Səfəvi rejimi xalq arasında möhkəmlənəcəkdi. Buna görə də, Səfəvi millətçiliyi Şuubiyyə millətçiliyi kimi cəmiyyətdə köksüz və əks-sədasız qalmadı; o, xalqın dini inancından və həssas vicdanından istifadə edərək xalqın dini inancı olan İslamla qarışdı.
Bəzi tədqiqatçılar Səfəvilərin hakimiyyətə gəlişini və imperiya kimliyini formalaşdırmasını erkən islam dövründəki Şuubiyə ruhunun — yəni ərəb xilafət modelindən fərqli olaraq yerli iran mədəniyyəti, dil və ənənələrinə əsaslanan dövlət quruculuğunun — yeni və ən üst təzahürlərindən biri hesab edirlər.
Tarixən Şuubilik hərəkatı bəzən şiəlik və ya qeyri-ortodoks İslam cərəyanları ilə gizli və ya aşkar simpatiya əlaqəsində olmuşdu.
-İran İslam respublikasının millətçi şiə ideoloqlarından olan Əli Əkbər Vilayəti Iranın xarici əlaqələrinin sözün əsl mənasında Sasani dövlətinin süqutundan və İslamın İranda bərqərar olmasından sonra-Səfəvilər hakimiyyəti zamanından, xüsusilə I Şah Abbasın səltənəti dövründən başlandığını yazır.
Türk dövlətinə nifrət hissi ilə yanaşan Vilayəti yazır ki, Osmanlı türklərinin qələbələri Avropa və Asiya ticarət yolunun bağlanmasına səbəb oldu.Avropada türklərin qələbələri Şərqlə Qərb arasında dərin uçurum yaratdı.
Vilayəti Səfəvilərin hakimiyyət sülaləsinin tarixi əhəmiyyəti haqqında yazır ki,Səfəvilər sülaləsinin yaranması ...İranın və məntəqənin daxili dəyişikliklərinə səbəb oldu, belə ki, Səfəvilər dövründə, xüsusən də Şah İsmayıl və Şah Abbas dövründə iki mühüm məsələ diqqəti cəlb etdi, birincisi İranın bütövlüyünü, müstəqilliyini hifz etmək və onu Osmanlı türklərinin istilası xətərindən uzaq saxlamaq , ikincisi, şiəlik məzhəbini rəsmi surətdə tanıtmaq və onun bayrağı altında siyasi birliyə nail olmaq.
İslamın İrana daxil olmasının ilk çağlarında İran xalqı xəlifələrə tabe olsalar da bir neçə onillikdən sonra başa düşdülər ki, islam dini ərəbçilikdən ayrı bir anlayış ola bilər, iranlılar ilk xalqlardan idilər ki, müxalifətə qalxdılar İslam peyğəmbərinin xanədanını və Əhli beytini qorumaq üçün cani dildən birləşdilər.Hicri I əsrin ilk onilliklərində əhli beytin və şiəliyin ardınca gedənlər Təbətristanda Ələvilər dövlətini yaratdılar.
Vilayəti İranda mərkəzi dövlət hakimiyyətinin yaranmasını haqlı olaraq Səfəvilərə bağlayaraq yazır:”Səfəvi sülaləsinin meydana gəlməsi o dövrün iki əsas tarixi məsələsini müəyyənləşdirdi:onlardan biri şiə məzhəbinin rəsmiləşməsi, digəri isə İranda mərkəzi dövlətin bərqərar olması idi.Bu iki amil bizim ölkəmizdə yeni dövrün başlanğıcını qoydu, regionda İrana xüsusi bir mövqe qazandırdı”.
Özünü xəlifələrin canişini hesab edən Osmanlı Sultanları bütün İslam məmləkətlərini öz hakimiyyəti altına almağı nəzərdə tuturdular.Amma Səfəvilər dövlətinin təşkili, İranın Osmanlılar tərəfindən istila edilməsi təhlükəsini aradan qaldırmaqdan əlavə, on doqquz əsr davam edən pərakəndəlikdən və tayfabazlıqdan, möhkəm şiə dövlət mərkəzinə malik milli vəhdətə sövq etdi.
Səfiəddin Ərdəbil məktəbinin davamçılarından olan Şah İsmayıl yadelli əmirlərə (Türkmən tayfa başçılarını nəzərdə tutur) və xarici təcavüzlərə qarşı İranın tarixi zərurətləri və təsirli ictimai amilləri içərisindən sıyrılıb çıxdı, parçalanmış məmləkətə birlik bəxş etdi, elə bir birlik ki, şiə məzhəbinin rəsmiləşməsi ilə mənəvi cəhətdən silahlandı, İranın tarixi istiqlaliyyətinə və varlığına yeni bir xüsusiyyət bəxş etdi.
Vilayəti doğru yazır bu gün milyonlarla türkü etnik və mənəvi zülm altında yaşadaraq şiyə inancı adı ilə assimlyasiyaya məruz qoyan Molla Şiə rejimi Səfəvilərin yaratdığı və on iki imam şiəliyini dövlət dini elan edən Səfəvi dövlətinin varisidir.
Vilayəti iftixar hissi ilə yazır:”Şah İsmayılın məzhəb siyasəti İrana başqalarından daha üstün bir mövqe qazandıraraq şərqdə özbəklər, qərbdə Osmanlılar kimi qüdrətli düşmənlərlə rəqabət və mübarizə meydanına çıxardı, İranın sərhədlərini şərq və şimali-şərq tərəfdən Mavərənnəhrin o tərəfinə qədər genişləndirdi və nəhayət İranın keçmiş əzəmətini, onun milli və irqi tənasübünü pozmuş müxtəlif xalqların yürüş və həmləsindən sonra yenidən şiə bayrağı altında bərpa etdi.”
Çaldırandakı məğlubiyyət bütün döyüşlərdən zəfərlə çıxan, həmişə özünü qalib və basılmaz sayan öz gücünə güvənən Şah İsmayıl üzərində mənəvi təsiri çox ağır oldu.Qara libas geyib, başına qara əmmamə qoymuş və əmr etmişdi ki, bütün seyidlər də qara libas geyinsinlər.Qüruru və izzət-nəfsi tapdalanan, idealları iflas olan Şah ismayılın Qızılbaşlara da münasibətində də kəskin dəyişiklik baş verdi. Əli Əkbər Vilayəti İranlı tarixçi Nəsrullah Fəlsəfinin 1967-ci ildə nəşr olunmuş “Zəndəganiye-Şah Abbas-i Əvvəl” əsərinə əsaslanaraq yazır ki, Şah İsmayılın şiəlik məzhəbinə münasibətində ciddi dəyişiklik baş verdi ona rəvac verməkdən, yəni onu himayə etməkdən,genişlənməsinə və inkişafına yardım etməkdən çəkindi.Şah İsmayılın hakimiyyətinin axır illərində məzhəbi və siyasi qüvvələrin ayrılması prosesi yeni bir istiqamət aldı.Qızılbaşların qüdrət və nüfuzu zəifləməyə başladı.Çaldıran məğlubiyyətindən sonra vəkalət məqamı “Nayibüs-səltənə” kimi öz əhəmiyyətini itirdi və vəkil yalnız divansalari rəisi, yəni vəzir kimi tanınırdı.
Eləcədə mühüm dövlət vəzifəsindən biri kimi sayılan və Qızılbaşların ixtiyarında olan baş komandanlıq vəzifəsi də əsaslı dəyişikliklərə uğradı .Hüseyn bəy Lələ baş komandanlıqdan kənarlaşdrıldıqdan sonra Şah İsmayıl onun canişinini qızılbaş sərkərdələrindən seçmədi.Məhəmməd bəy Ustaclunu onun yerinə təyin etdi.Şah İsmayılın bu tədbiri Qızılbaş ali təşkilatına vurulan ciddi zərbə idi və sonralar Şah Abbas Qızılbaşların qüdrətini məhdudlaşdırmaq üçün bu yolu davam etdirdi.Səfəvi dövlətinin sonrakı dövürlərində hakimiyyət idarəçiliyi farsların və ya farslaşaraq yozlaşmış türklərin əlinə keçdi və Səfəvi dövləti türk dövləti olmaq missiyasını bitirdi və Əli Əkbər Vilayətinin də qeyd etdiyi kimi fars şiəliyinin hakim din olduğu İran milli dövlətinə çevrildi
Səfəvi dövləti yarandığı gündən bütün təzyiq və cəza tədbirlərinə baxmayaraq Azərbaycanın Arazdan şimalda yerləşən hissəsindəki əhalini xoşbəxtlikdən tam şəkildə şiələşdirə bilmədi.
O ki qaldı Azərbaycanda mərkəzləşmiş dövlətinin Səfəvilər tərəfindən yaradılması məsələsiunə.Tarixi Azərbaycan ərazilərini ilk dəfə Mərkəzləşmiş dövlət şəklində öz hakimiyyəti altında birləşdirən və öz mövcudluğunu130 il sürdürən Ağqoyunlular (1378-1505) imperiyası olmuşdur.Türk dünyasının vahid sünnü inancına etiqad edən Ağqoyunlu və Qaraqoyu dövlətlərinin süqutunda Səfəvilərin önəmli rolu olmuşdur.Bu günkü İran ərazisi tam şəkildə Ağqoyunlu dövlətinin tərkibində mövcud olsa da İran millətçi şovinistləri şiə Səfəvi dövlətindən fərqli olaraq onu öz dövlətləri hesab etmirlər.
İndiki Azərbaycan respublikasının əhatə etdiyi ərazi Azərbaycanın tarixi ərazisində mövcud olmuş Şirvanşahlar dövlətinin (861–1538) tarixi varisi hesab oluna bilər.Bu dövlətin ərazisində sünnü məzhəbi həmişə üstünlük təşkil edib və Səfəvilər onları şiələşdirməyə nail ola biməyiblər.Bu ərazidə yaşayan xalqımız Səfəvilərdən çox Osmanlı dövlətinə daha çox meyl ediblər.
Əbülfəz Elçibəy ürək ağrısı ilə qeyd edir ki,fars şovinizmi şiə təriqətini siyasi alətə çevirməklə həm islama,həm də türklərə və türklüyə sağalmaz yaralar vurmuşlar. Yazıq, min yazıq biz türklərə də, zaman-zaman biz də fars şovinizminin əlində onun ən yararlı silahı olmuşuq və sünni-şiə qarşıdurmasından ən çox biz türklər zərər çəkmişik və çəkməkdəyik. Bizi bundan qurtaracaq yalnız bir güc vardır - o da türk milli demokratik hərəkatı!
Elçibəy tədqiqatçılara müraciətlə bildirir ki, fars şovinizmi və sünni-şiə münaqişə və müharibələri, onların islama və türklərə vurduğu tarixi yaralar, bu münaqişənin həlli yolları haqda dərindən-dərinə, köklü araşdırmalara böyük ehtiyac vardır. Bu problemin araşdırılmamasından, aydınlaşdırılmamasından yararlanan türk-islam düşmənləri millətimizin başına çox bəlalar gətirmişlər və gətirə bilərlər. Bunun üçün də türk siyasətçi və bilginləri buna ayrıca diqqət yetirməli, bu böük, mürəkkəb elmi-nəzəri məsələni ələ almalı, gündəlikdə saxlamalı və onu böyük, dərin elmi araşdırmalar əsasında həll etməlidir.
Bir daha təkrar etməyi gərəkli bilirəm ki, fars şovinizminin, farsizmin,paniranizmin təsirinə ən çox düşən və onlara ən çox xidmət edən və onların qurbanı olan biz Azərbaycan türkləriyik.
Bu gün biz Şah İsmayılı onun yaratdığı Səfəvi türk dövlətini nə qədər tərifləyib göylərə qaldırsaq da, tarixin acı həqiqəti göz qabağındadır.Azərbaycanda mərkəzləşmiş dövlətin əsasını qoyan Şah İsmayıl babamızın qılınc gücünə xalqımıza qəbul etdirdiyi şiə dini inancı əsrlərdir türk birliyinin qarşısında əsas mane olmaqla yanaşı bu gün də İran coğrafiyasında yaşayan 40-50 milyonluq türkü vahid şiə dini inancı ətrafında birləşdirərək onların etnik, dil, mədəniyyət baxımından assimlyasiyasının və irançılıq pərdəsi altında farslaşdrılmasının əsas vasitəsi olaraq qalır.
Bu bir tarixi həqiqətdir ki, dinimizə və etnik kimliyimizə yabançı olan xristian Rusiya imperiyasının əsarəti altına düşməyimiz, və etnik milli şüuru bizdən qat-qat güclü olan xristian erməni və gürcü xalqları ilə qonşuluğumuzun təsiri ilə biz , İranda hələ də vahid şiəlik dini inancı ilə buxovlanmış və öz türk etnik və mədəni kimliyindən məhrum edilmiş qardaşlarımızdan fərqli olaraq ümumi müsəlman-şiə mənsubiyyəti buxovundan xeyli dərəcədə xilas olub öz etnik türk kimliyi və mədəniyyətimizi qoruyub saxlamaq və inkişaf etdirməklə yanaşı öz milli dövlətimizi qurmaq imkanı əldə etdik. Qırx milyonluq Güney Azərbaycan türkləri bütün cəhdlərə baxmayaraq hələ də özlərini iranlı saymaqda davam edərək tam şəkildə türk mili şürundan və hətta milli-mədəni muxtariyyət haqlarından məhrumdurlar və bunun əsas səbəbi özlərini hakim millət hesab edən farslarla birlikdə vahid şiə inancına malik olmaq amilidir.
Elesger Siyabli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]