Koroğlu dastanını və ya qəhrəman obrazını mənimsəmək uğrunda xalqlar arasında yarışma gedir,...

2-09-2026, 10:34           
Koroğlu dastanını və ya qəhrəman obrazını mənimsəmək uğrunda xalqlar arasında yarışma gedir,...
1981-də 21 yaşımda Lt. Şmidt adına zavodun dəmirçi sexində işləyərkən iş yoldaşım erməni Ediklə aramızda bir mübahisə düşdü. Edik Koroğlunun milliyyətcə erməni olduğunu deyirdi, mən isə əksini. Mərc gəldik, əlbəttə ki bu bariz həqiqəti sübut edəcək və mərci udacaqdım. Səhərisi gün "Koroğlu"nun Bakı nəşrini gətirib gəldim, giriş sözündə yazırdı, Koroğlu azərbaycanlı, onun dəstəsi çoxmillətli idi, kürd, türkmən, avar və s. var idi. Edikin gətirdiyi kitab Moskva nəşri idi, təbii ki o dövrdə daha etibarlı mənbə sayılırdı və orada "çerno po belomu" yazırdı: Koroğlu milliyyətcə erməni idi. Və mən mərci uduzdum. Bu əməlli-başlı beyinə zərbə oldu o zamanlar. Uzun müddət içimdə qovruldum... İndi bu günlərdə "Koroğlu" dastanını nəşrə hazırlayarkən o hadisəni xatırladım. Düşünürəm ki bu işi görməyimdə o zamankı travmanın təsiri mütləq var... Ərdəbilli rəssam Şirin Gülpurla iki illik çalışma nəticəsində kitab çapa hazırdır və Koroğlu dastanının bugünəqədərki ən mükəmməl nəşri olacaq.
Yeri gəlmişkən, onu da deyim, son vaxtlarda Koroğlu ilə bağlı qarşıma bir neçə mənbədən neqativ informasiyalar çıxıb, guya Koroğlu uşaqbaz olub, hətta tanınmış bir siyasətçi bu haqda danışıb. Qısaca deyim ki, Koroğlu dastanı xalq yaradıcılığının məhsuludur və hər aşıq öz dünyagörüşünə görə onun bir versiyasını uydurub. Azərbaycan Sovet ədəbiyyatşünasları onun uşaqlar üçün seçilmiş bir variantını işləyib hazırlamışdılar və o dövrün uşaqlarında milli hisslərin formalaşmasınfa bu əsərin böyük təsiri olmuşdu... Yuxarıda dediyim kimi, Koroğlu dastanını və ya qəhrəman obrazını mənimsəmək uğrunda xalqlar arasında yarışma gedir, bizim özümüzdə isə bu obrazı ləkələyib çölə atmaq kimi bir meyl yaranıb. Nəhayət, unutmayaq ki, "Koroğlu" Üzeyir bəyin şah əsəridir və əgər millət olaraq hansısa bir identifikasiyamız varsa məhz bu simfonik əsərə çox borcluyuq.
Məncə biz "Koroğlu" dastanını ədəbiyyatımızın və mədəniyyətimizin təməl daşlarından biri kimi qiymətləndirməli, onu mümkün qədər ölməyə qoymamalı və təbliğ etməliyik. Yeni texniki imkanlarla "Koroğlu" filmi yenidən çəkilərsə çox da faydalı olar.
İllüstrasiya: Şirin Gülpurun çəkdiyi rəsmlərdən biri
Расим Гараджа












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]