KANNİBALLIQ

7-09-2026, 12:14           
KANNİBALLIQ
Böyüklər üçün nağıl
İclasa gələnlərin yan otaqda bir-bir çılpaq şəkli çəkilirdi. Pərdəarxasında soyunmalıydılar. Fotoya çevriləndən sonra geyinib iclas zalına girə bilərdilər. Heç kim qarşı çıxmırdı. Bir az utanan kimi olanları vardı, o da çox çəkmirdi. Kamera bir-iki dəfə göz vurandan sonra sevincək modellik də edirdilər. Həm də nə fərqi vardı? Onsuz da üzlərini itirmişdilər. Kanniballar məmləkəti ələ keçirəndən adamların bir-bir başını yeyirdilər. Əvvəlcə xalq bu yeyintinin fərqində deyildi. Xəbər tutanda isə artıq gec idi. Çoxunun nə çiyninin üstündə baş, nə başının üstündə üz qalmışdı.
Başsız qadın soyunmaq sözünü eşidəndə azca çəkinən kimi oldu. Qapıdakı nəzarətçilərə sarı çevrilib qurcuxdu. Nəzarətçilər başlarıyla iclas zalına işarə etdilər. Soyunmağa razılaşmasa, olacaqları bilirdi. Qabaqca mətbuatda haqqında yazılar çıxacaq, hovuzundakı balinaların, həyətindəki pələnglərin fotoları yayılacaq. Yerin altındakı banklarının, dağın başındakı holdinqlərinin, Yupiterdəki villalarının, uçan boşqablarının, tanklarının şəkilləri tirajlanacaq. Xəbərlər sosial şəbəkə səhifələrində reklama qoyulacaq, hər ağızdan bir avaz gələcək, ardan-urvatdan salınacaq. Varidat hesabında ixtisaslaşan şərhçilər də kalkulyatoru cinayətə ortaq edib hesab-kitab aparacaqlar. “Haradandır bu boyda mal-mülk?” deyərək edam hökmünün bərpasını tələb edəcək, ən ekstravaqant söyüşlər yağdıracaqlar. Kürü yeməkdən yaqut kimi cağbacaq olan ürəyi stressdən bir neçə günün içində büzüşüb elə kürü dənəsi boyda olacaq. O kürü ki, bir vaxtlar sadə adamlar üçün də əlçatan idi.
Kannibalların işğalından sonra məmləkətdə vəziyyət dəyişdi. Bu kanniballar başqa kanniballardan seçilirdilər. Təkcə adamları yox, təbiətin verdiyi nə sərvət vardısa, xortumlayırdılar. Onlar xortumu bu torpağın qara qızılına dirəyib xarici ölkələrə də sümürüb ötürürdülər. Balıqlı-kürülü hop edib dənizi də udmuşdular deyə, əhali kürünün qarasına, dənizin havasına həsrət qalmışdı. Onlar kürünün hamısını yeməmişdilər, bu can dərmanının, bu cənnət ləzzətinin yaxşı qazanc gətirəcəyini bilib onu da xarici ölkələrə satmağa başlamışdılar. Əcnəbilər qara qızıl kimi bu qara brilyantı da gözlərinə təpib kannibalların atalarına rəhmət oxuyurdular. Kanniballar kürü bizneslərinə farmazon ad da tapmışdılar: “Fişa Holding”.
Qadın yaşanacaqları düşündükcə havalanırdı. Olmayan kəlləsinin üstü az qala banka qapağı kimi köpüb atsın. Bu kameranın qarşısında soyunmasa, onu başqa kamera gözləyirdi. Türmə həyatının xofu bədəninə zəhər kimi yayılırdı. Ürəyinin kürü dənələri kimi xırdalandığını hiss eləyirdi. Yox, ölüm daha yaxşıdır… Əşşi, bu da cəsarətdir. Hər adam soyuna bilmir ki… Özünə toxtaxlıq verdi. Kanniballığımız üçün əyin-başımızı qurban verməliyik. Başımdan keçmişəm, əynimdən də keçərəm.
Lal-dinməz fotoların çəkildiyi otağa keçdi. Hələ fotoqrafın xarizmasını da bəyəndi. Bir anlıq özünü pornojurnalın üz qapağına yaraşan ulduz kimi hiss elədi. Gah dikələrək çevrilib iri çanağını obyektivə tutdu, gah kameraya tərəf dönüb irəli əyildi. Fotoqraf da elə bil bunu gözləyirdi. Qadının hərəkətlərindən qanadlanıb bir neçə göstəriş verdi:
— Bir az yana, aha, stop. Əla! Əllərinizi sinənizə tutun, elə yox, ay xanım, sinənizi ovcunuza alın, əlinizi rahat saxlayın, gərginlik olmasın. Yes! Bir az da rahat, bir az da…
Bu göstəriş qadının ürəyincə olmadı. Etiraz etməyə qorxsa da, ehtiyatla dilləndi:
— Sinə tutmaq nəyə lazımdır?
Fotoqraf əsəbləşdi:
— Ay xanım, imkan verin, işimizi görək. Burada peşəkar sənətlə məşğuluq. Şəkildə başınız yoxdur, mənalı alınmır. Heç olmasa, döşünüz olsun.
Bu sözlər elə bil qadını yumruqladı. Özünü saxlaya bilmədi:
— Bəs siz hansı başla foto çəkirsiniz?
Fotoqrafı gülmək tutdu:
— Ha-ha-ha... Siz heç bilirsiniz, mənim fotoaparatımın önündən kimlər keçib? — Fotoqraf kameranın şüşəsini cibindən çıxardığı xüsusi silgi ilə təmizləyərək: — Linza deyil e, brilyantdır, brilyant! — deyib təmizlədiyi şüşəni öpdü. — Kanniballığa başla çəkilənlər lazım deyil, xanım! — Fotoqraf təntənəylə davam etdi. — Harayla lazımdırsa, orayla da çəkirəm. İndi xahiş edirəm, dediklərimi edin, vaxtımı almayın.
Qadın sakitcə onun dediklərini yerinə yetirdi. Bir neçə çəkimdən sonra əynini geyinib otaqdan çıxaraq iclas zalına yollandı.
İçəri girəndə sədr artıq çıxışa başlayırdı:
— Hörmətli silahdaşlar! Bildiyiniz kimi, qarşıdan seçkilər gəlir. Bizim fəaliyyətimizin mühüm istiqamətlərindən biri ölkədə keçiriləcək seçkilərdə yaxından və fəal şəkildə iştirak etməkdir. Təsadüfi deyildir ki, qəbul etdiyimiz taleyüklü qərarların həyata keçirilməsində mütəşəkkillik nümayiş etdirərək, biz artıq əhalinin xeyli hissəsinin yeyilməsinə nail olmuşuq. Təəssüflə qeyd etməliyəm ki, hələ də sağ qalanlar az deyildir. Bunun üçün də uzaqgörən, əvəzolunmaz, təkrarsız, alternativsiz siyasi kursumuzun əsas müddəalarını analiz edən idarə heyətimiz müdrik bir plan hazırlamışdır. Biz bütün qüvvəmizi bu seçkilərdə yarımçıq qalmış işimizi tamamlamağa səfərbər etməliyik.
Bu dəm zalda bir nəfər fəal əlini qaldırdı.
— Buyurun.
— Hörmətli sədr, hörmətli məclis üzvləri, əvvəla, sizin hamınızı salamlamaq istəyirəm. Sizləri qarşıdan gələn seçkilər münasibətilə səmimi qəlbdən təbrik edir, uzun ömür, can sağlığı, hamınıza milli-mənəvi ailə səadəti, işlərinizdə müvəffəqiyyətlər arzu edirəm. Hörmətli sədr, sizin də qeyd etdiyiniz kimi, sağ qalanlar hələ də az deyildir. Bunlar evlənib, ailə-uşaq sahibi olub günbəgün artırlar. Mən keçən dəfə də məsələ qaldırmışdım...
Yerdən gələn səs fəalın çıxışını yarıda kəsdi:
— Sən kimsən e, məsələ qaldırasan? Qaldırmaq işinə Tarif Şurası baxır. Elə soxursunuz özünüzü hara gəldi.
Bu sözləri eşidən fəal qəzəbləndi:
— O nə deməkdir, başa düşmədim? Niyə mən qaldıra bilmərəm? Mən fəalam. Tarif Şurasının yiyəsi var, fəalın yox?
Yenə narazı səslər eşidildi:
— Mövzudan yayınırsınız e!
Başqa biri yarınmağa çalışdı:
— Əşşi, şuranı niyə söhbətə qatırsınız? Hərə öz işiylə məşğul olsun, hamı ayağını yorğanına görə uzatsın.
— Yorğanın bura nə dəxli? — o biri təəccübləndi.
— Necə yəni nə dəxli? Qarşıdan qış gəlir, — arxa sıradan kimsə ağzına gələni danışdı.
— Onda təklif edirəm, müəllimləri göndərək pambıq yığmağa, yığıb yorğan sırısınlar, — iclaslarda tez-tez yuxulayıb öz-özünə diksinib oyanan yekə kostyumlu kişi dedi. — Çox əl-ayağa dolaşırlar. Ölkədə pambıqçılığı inkişaf etdirmək lazımdır. O qədər sahə zay olur.
— Ay kollegiya, yorğanı pambıqdan yox, yundan sırıyırlar, — ön sıradakı nümunəvi tərəfdar dedi.
— Siz bilmirsiniz ki, pambığı yayda yığırlar? — xeyli təsərrüfat sahəsi olan fermer deputat səsləndi.
— Yayda işçi qüvvəsinə maaş vermədik, onlar da işdən çıxdılar. Pambıq tökülüb qaldı tarlalarda, — diksinib oyanan kişi izah elədi.
— Əvvəla, o söz “kollegiya” yox, “kolleqa”dır. İkincisi, yundan sırıyırlar, lap yaxşı. Göndərək qoyun otarmağa. Getmişkən, yun da qırxarlar.
Bu sözləri kimin dediyi məlum olmadı, səslər bir-birinə qarışdı:
— Düz deyir. Xalqımız qoyun ətini xoşlayır. Onsuz da müəllimlər bizə seçkidən seçkiyə lazımdır. Beş ildən bir çağırarıq gəlib qutunun başında durarlar.
— Bəs uşaqlara kim dərs deyəcək?
— Uşaqlara bəyəm məktəbdə dərs deyirlər? Bura səninçün Finlandiyadır? Uşaqlar repetitor yanına gedib öyrənir. O qədər adamı boş-boşuna məktəbə doldurmağın nə mənası var?
— Razıyam, ondansa gücü versinlər qoyunçuluğa.
— O bir söz var e, hansı xalq nəyi çox yeyirsə, ona oxşayır, o düzdür?
— Bir dəqiqə, hörmətli sədr, burada çox lazımsız söhbətlər gedir. Hamı özünü hakim kimi aparır.
— Cənab sədr, hakim demişkən, mənim təklifim var. Təklif edirəm ki, hakimlər həbs edilənlərin sayını azaltsınlar. Onsuz da ya çöldə, ya içəridə sistemimiz onları yeyib bitirəcək. Çöldə olmaları daha sərfəlidir. Dustaqlar dövlətə baha başa gəlir. Gəlin hesablayaq. Bir dustağın gündəlik üç dəfə yeməyi, geyimi, sağlamlıq yoxlaması, müalicəsi, ləvazimatları... Bunun üstünə gəl...
— Ay kollegiya, ora kurortdur, bəyəm? Kimdir dustağa gündə üç dəfə yemək verən? Sənin başın xarab olub, vallah.
— Başı xarab olmayıb e! — zaldakılardan biri çaşıb söhbətə dürtüldü, dərhal da sözünü yarıda kəsdi. Ardınca “yeyilib” demək istədiyini hər kəs anladı. Bərəlmiş gözləri görüb ağzını tutub susdu.
Yerdən kiminsə atmacası eşidildi:
— Dedilər axı, o söz “kollegiya” deyil. “Kolleqa”dır, kolleqa.
Sadiq silahdaş sözünə davam etdi:
— Nə fərqi var e, olsun kolleqa. Əsas odur, hörmətli kolleqalar nə dediyimi bilirlər. Deməyim odur ki, dustaq əksinə, dövlətə xeyir verir. Hər həftə yanına gələn olsa, hər görüşə bir iyirmi manat hesablayaq. Ailəvi ayrıca görüşə 50 manat... Hər dəfə evinə zəng edəndə beş manat, bunu da hesablayaq. Yüzlərlə dustaq, görün, hara vurur. Bunun siqaret pulu var, gündəlik çörək pulu, şirinliyi. Hələ yaxşı yerdə qalanların arenda pulu... Dustaqları azaltmaq dövlətimizə böyük maddi ziyan vurar. Nə qədər çox olsalar, o qədər yaxşıdır.
Sədr hövsələdən çıxdı:
— Bəsdirin! Hamı əyləşsin, sakitliyə riayət edin. Sən də temadan danış. Hər dəfə bir şey çıxardırsan.
— Başa düşmürəm, bu nə deməkdir?
— Sənə dustaq lazımdır?
— Biz siyasətçiyik. Hamının məsələsini müzakirə etməliyik.
— Ağlına gələni danışma. Dövləti siyasətə qatmaq lazım deyil! Danışdın, biz də səni başa saldıq. Çox belə səviyyəsiz!..
Yenə ara qarışdı. Ağız deyəni qulaq eşitmədi. Sədr tamam təngə gəldi:
— Bura baxın! Sizin deyəsən, yandakı otaqda çəkdirdikləriniz yadınızdan çıxıb. Özünü düz aparmayanın görüntüsünü yayarıq, ağlı gələr başına!
Bu sözləri eşidəndə bayaq foto çəkdirən qadını üşütmə tutdu. Axırıncı onun şəkli çəkilmişdi deyə, əvvəlcə deyilənləri özünə götürdü. Sonra anladı ki, sədr danışanlara əsəbləşib, bayaqdan bəri ağzına su alıb bir kəlmə də demədiyi üçün sevindi.
Sədr davam edirdi:
— Özünüzü nə sayırsınız? Bura sizi fikir söyləməyə yığmamışıq. Fikri başı olanlar deyər. Sizin isə başınız yoxdur, yoxsa, unutmusunuz? Kimsə başlı vaxtları üçün darıxıbsa, zalı bu dəqiqə tərk edə bilər.
Sözlər ağzından od kimi yağırdı sədrin. Bir anlıq dayanıb özünü ələ almağa çalışdı. Çox dərinə getdiyini hiss elədi. İntonasiyasını yumşaldaraq davam etdi:
— Hörmətli silahdaşlar! Dediyim kimi, qarşıdan seçkilər gəlir. Vaxtımız azdır. Bütün diqqətimizi gündəliyə kökləməliyik. Çatdırıb o qədər adamı yeyə biləcəyimiz real görünmür. Mən sizin bu mövzu ilə bağlı təkliflərinizi, əlbəttə, eşitmək istərdim. Elə bilməyin ki, sizin fikriniz bizə maraqlı deyil. Qətiyyən. Düzdür, bir az əsəbləşdim, amma siz yenə də qərarımızı açıqlamadan təkliflərinizi səsləndirə bilərsiniz.
Bu dəm yenə birinci çıxış edən fəal əlini qaldıraraq ayağa qalxdı:
— Hörmətli sədr, mənim bununla bağlı təklifim yarımçıq qaldı. Təklifim ondan ibarətdir ki, ən yaxın qonşu məmləkətlərdən əlavə qüvvələr cəlb edək. Özümüz yeyib bitirə bilmədiyimiz əhalinin qalanını onlar yesin. Onların bunun üçün təsirli metodları var. Müxtəlif sehrli sözlərlə, rəvayətlərlə, uyuşdurucu maddələrlə kimin istəsəniz başını yeyə bilirlər. Təklif edirəm, əlimizə düşən bu böyük şansdan yararlanaq.
Bu yerdə sədrin üzünə quş kimi bir təbəssüm qondu:
— Biz sizin təşəbbüsünüzü yüksək qiymətləndiririk, Fəal müəllim. Əyləşə bilərsiniz.
Fəal tələsik yerinə oturdu.
— Məsələ burasındadır ki, — sədr çıxışına davam etdi, — biz bu iş üçün qonşu gücləri çoxdan dəvət etmişik. Onlar öz növbələrində işlərinin öhdəsindən layiqincə gəliblər. Biz onların köməyi ilə ölkədə neçə-neçə gənci zərərsizləşdirmişik ki, yetişib əl-ayağa dolaşmasın. Bu qüvvələrin faydası olduğu kimi, ziyanları və təhlükələri də böyükdür. Biz şərait yaratdıqca onlar buralarda güclənir və böyük iddialara düşürlər. Anlayırsınızmı? Onlar getdikcə bizim ölkəmizdə hakimiyyəti ələ keçirmək sevdası ilə alışıb-yanırlar. Biz məsələni başqa cür həll etməliyik. Fəal müəllimin də qeyd etdiyi kimi, əhali törəyir, artır! Biz idarə heyəti ilə bir qərara gəlmişik. Mən anlayıram ki, bu qərarı eşidəndən sonra sizlərin arasında çaşqınlığa düşənlər də olacaqdır. Hətta baxmayaraq ki, bu mümkün görünmür, yenə də ola bilsin, aranızda vicdan kimi sistemimiz üçün çox təhlükəli olan bir hissi oyananlar da tapılacaqdır. Bəri başdan demək istəyirəm ki, belələrinə bizim sıralarımızda yer yoxdur. Özündə bu kimi və buna yaxın hiss aşkarlayanlar olacaqsa, onları məmnuniyyətlə, sıralarımızdan ifrazat kimi xaric edib xalq deyilən o başıpozuq sürünün içinə ata bilərik. Qoy həmin sürü onları parçalayıb didsin, sümüklərini gəmirsin. Qoy görsünlər ki, biz onlara qarşı necə səxavətliyik. Onların başsız bədənləri bizim sayəmizdə ən əzəmətli evlərdə yaşayır, ən yaxşı yerlərdə avaralanır. Övladları təpdiyimiz qara qızıl və qara brilyant hesabına ən bahalı təhsil ocaqlarında oxuyur. Xalqın gözünün görmədiyi o kürü onların olmayan ağızları üçün necə də əlçatandır! Əgər vicdan adlı o nə olduğu bilinməyən şeyin kösövünü belə özündə aşkarlayanlar varsa, seçim etsinlər: ya kürü, ya sürü!
Özü-öz sözlərinin təntənəsindən rövnəqlənən sədr sonuncu nidasından sonra gözlərini qıyıb sakitlik çökmüş zalı diqqətlə süzdü. Fəal müəllim əl-ayağını cütləmişdi.
Beləliklə, sədr elan etdi:
— Hörmətli silahdaşlar! Ümid edirəm, hamıya hər şey aydındır. İdarə heyətinin yekdil qərarını açıqlayıram. Qeyd etdiyim kimi, bütün əhalini tez bir zamanda yeyib bitirmək mümkün görünmür. Ona görə də biz seçkiyə kimi təxirəsalınmaz şəkildə yerdə qalan dirilərin hamısının kütləvi şəkildə öldürülməsinə qərar vermişik. Seçki günü bir nəfər də diri adam olmamalıdır! İşdir, kimlərinsə bəxtləri gətirsə, sağ qalsalar, heç bir ziyanı yoxdur, sayları az olduğu üçün bu, heç nəyi həll etməyəcək.
— Əla, cənab sədr! Əla. Başım olmasa da, mən sizin və idarə heyətimizin ölkəmizin sosial-iqtisadi inkişafını öncədən ölçüb-biçərək zamanında verdiyi qətiyyətli və mühüm qərarları bütün digər bədən üzvlərimlə dəstəkləyirəm.
— Təşəkkür edirəm, əyləşin, — dedi fəalın bədən üzvlərinin dəstəyindən təngə gələn sədr və üzünü zala tutdu: — Kiminsə sualı varsa, buyursun. İclasımızı yekunlaşdıraq.
Bayaqdan ağzına su alıb oturan foto çəkdirən qadın cəsarətini toplayıb anidən əlini qaldırdı. Hamının öldürülməsi qərarını eşidəndə bayaqkı türmə xofundan daha dəhşətli bir duyğu canını almışdı. O an ağlına özünə belə etiraf edə bilmədiyi sual gəlmişdi. Bəs uşaqlar? Uşaqlar... Valideynləri öldürülən uşaqlar kimin ümidinə qalacaq? Uşaqlar da böyüyüb səs verəcəklər axı. Onları da öldürmək istəyirlər?
— Cənab sədr! — qadın özündə güc tapıb ayağa qalxdı. — Bizi bu seçkilərlə bağlı daha ətraflı məlumatlandırmanızı xahiş edərdik. Hamı öləcəksə, seçkidə kim səs verəcək?
— Ölülər! — sədr mənalı pafosla bu sözü üfürdü.
— Bəs birdən... bəs... sağ qalanlardan kimlərsə duyuq düşsə, — qadın həyəcanını boğaraq ifadələrinə köklənməyə çalışırdı. Qərarın dəyişməsi üçün təsirli bir söz tapmaq istəyirdi. Ən azı, müzakirə olunsun... — Cənab sədr, birdən soruşsalar ki, ölülər necə səs verib?
Sədr yorğun halda ovcunu masaya çırparaq bərk nəfəs dərdi:
— Deyin ki, onlar sizin üçün ölüb. Bizim üçün sağdırlar! Nə qədər ki, biz varıq, ölülər sağdırlar. İclas bitdi!
Zala qəbiristanlıq sükutu çökmüşdü. Qadın düşündü: anaları duyuq salmaq lazımdı, anaları... Cəhənnəm olsun şəkil...
İclas iştirakçıları başdaşı tək dinməzcə yan-yana oturub astadan nəfəs çəkirdilər.
Sədr gözlərini səhnədən görünən bu məzarlığa dikmişdi. Onun xəyalında bir anlıq bütün ölkəni bürüyən mərmərlik canlandı.
Üzləri olmadığı üçün ifadələri də yox idi. Aralarında təkbaşına dolaşdığını təsəvvür etdi. Xoşbəxt olub-olmayacağını düşündü.
Xəyallardan qopub yenidən iclas zalına geri döndükdə mərmər sükutun içindən kiminsə ürək döyüntüsü eşitdi.
Up-up, up-up…
Müəllif: Aysel Alizada












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]