Həyat yoldaşını güllələyib dənizə atdılar, özünə isə amansızca işgəncə verib olmazın əzab-əziyyətini yaşatdılar.
1-09-2026, 07:54

Elçiliyində Hüseyn Cavidin iştirak etdiyi, 57 il məzarı övladlarına gizli qalan Azərbaycan ədəbiyyatının ilk yazıçı qadınlarından biri, Məhəmməd Əmin Rəsulzadənin əmisi qızı və baldızı Ümmügülsüm Sadıqzadə haqqında: Ümmügülsüm Sadıqzadə 1899-cu ildə Novxanı kəndində ruhani ailəsində anadan olub. Məhəmməd Əmin Rəsulzadənin əmisi qızı olan Ümmügülsümün ailəsi uzun müddət Rəsulzadənin ailəsi ilə bir həyətdə yaşayıb. Bir müddət sonra Ümmügülsümün bacısı Ümmülbanu xanım Məhəmməd Əmin Rəsulzadə ilə ailə həyatı qurub.
Ümmügülsüm 9 yaşından şeir yazmağa başlayır. “İqbal”, “Yeni İqbal”, “Açıq söz”, “Qurtuluş”, “Dirilik”, “Məktəb”, “Qardaş köməyi”, “Azərbaycan” və digər qəzet və jurnallarda şeirləri, hekayələri dərc edilir. 1915-ci ildə “Qurtuluş” jurnalında “Solğun çiçək” hekayəsi nəşr olunur. Bu hekayə ilə o, ədəbiyyatımızda ilk azərbaycanlı nasir qadın kimi tanınır. Bu hekayə “Qurtuluş” jurnalında təşkil olunan müsabiqədə ilk yerlərdən birini tutur və müəllif Mirzə Ələkbər Sabirin “Hophopnamə” kitabı ilə mükafatlandırılır.
Sonralar jurnalın redaktoru, görkəmli yazıçı Seyid Hüseyn Sadıqzadə ilə tanış olur. Uzun sürən tanışlıqdan sonra hər iki ziyalı ailələrinin razılığı ilə evlənir. Deyilənə görə, Seyid Hüseynlə Ümmügülsümün tanışlığına elə qələmə aldığı ilk hekayə – “Solğun çiçək” hekayəsi səbəb olur. Lakin onların tanışlığı tam təfsilatı ilə belə baş tutub.
Xatirələrdə yazıldığına görə, Ümmügülsümün şeirlərini, hekayələrini izləyən Seyid Hüseyn bu şairə qızla maraqlanır və dostu Hüseyn Cavid vasitəsilə əvvəlcə ailəsi, sonra isə qızın özü ilə tanış olur. Məlum olur ki, bu şairə qız Məhəmməd Əmin Rəsulzadənin əmisi qızı və baldızıdır. Bu nümunəvi ailə mühiti Seyid Hüseyn Sadıqzadə üçün sanki İlahi rəhmət və böyük fürsət idi... Və beləliklə, ədəbi mühit hər iki gəncin tale yolunu birləşdirir.
...Seyid Hüseynin ailəsi Ümmügülsümə elçiliyə gedirlər. Ümmügülsümün elçiliyində Hüseyn Cavid də iştirak edir. Hüseyn Cavidin hörməti, Məhəmməd Əmin Rəsulzadə ilə aralarında olan səmimi münasibət və hər iki ailənin bir-birinə göstərdiyi xoş rəftar Seyid Hüseyni və Ümmügülsümü səadət yoluna çıxarır və onlar nişanlanırlar.
Ancaq onların bir-birlərinə qovuşmağı uzun çəkir. 1918-ci ildə erməni daşnakları ilə bolşeviklərin Azərbaycanda törətdikləri vəhşiliklərə və Bakı qırğınına görə Seyid Hüseynlə Ümmügülsüm bir-birindən müvəqqəti ayrılırlar. Seyid Hüseynin ailəsi İrana, Ümmügülsümün ailəsi isə Novxanı kəndinə sığınır. Türk qoşunlarının Bakıya gəlişindən sonra bu qanlı soyqırımın qarşısı alınır. Nəhayət, bir-birini sevən bu iki gənc – Seyid Hüseynlə Ümmügülsüm evlənir.
Onların həyatı bir müddət sakit və rahat keçir. Qumral adlı qızları dünyaya gəlir. Seyid Hüseyn tənqidçiliklə, maarifçiliklə məşğul olur, nəsr əsərləri yazır. Ailə qayğısı başlarını qatsa da, hər ikisi mütəmadi olaraq yaradıcılıqla məşğul olur. Ümmügülsüm də fürsət tapdıqca istiqlal ruhlu şeirlər yazır.
1918–20-ci illər Ümmügülsüm yaradıcılığının ən məhsuldar dövrüdür. O, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasını sevinclə qarşılayıb, şeirlərində xalqımızın milli istiqlala qovuşmasını tərənnüm edib. 1920-ci il aprelin 28-də Cümhuriyyətin devrilməsi ilə əlaqədar “Hicran” şeirində yazırdı:
Ayrılınca hilal qaşlı yarımdan,
Mən yaşlara batdım, geymədim əlvan.
Düşünüb o ulduz gözləri hər an,
Ağlarkən kəndini yorma dedilər.
Könül şikayətini kimə söyləsin,
Qəlbimin dərdini kimlər dinləsin?
Səni sevən sənsiz ömrü neyləsin?
Dalınca qoşarkən, varma dedilər...
Otuz yeddinci ilin faciəsi – ağır repressiya illəri yaxınlaşır... Seyid Hüseynin yaxın dostları Hüseyn Cavid, Mikayıl Müşfiq həbs edilir... Növbə gəlib Seyid Hüseynə yetişir... Çox keçmir ki, xalq düşməni kimi onu da həbs edirlər və ardınca Ümmügülsüm də Bayıl həbsxanasına salınır.
Bayıl türməsində o, Əhməd Cavadın həyat yoldaşı Şükriyyə ilə bir kamerada havasız, çirkli, darısqal, dözülməz şəraitdə qalır. Həbsxanada keçən günlərlə bağlı Şükriyyə xanımın xatirələrində ətraflı yazılıb...
Bir müddət sonra Ümmügülsüm 8 il həbs cəzasına məhkum edilərək 1938-ci ildə Temlaq əmək islah düşərgəsinə göndərilir. 1941-ci ildə əmək yarışındakı fəal işinə görə düşərgə rəhbərliyi Ümmügülsüm xanımın ailə üzvlərinə məktub yazmağa icazə verir.
1941-ci il fevral ayının 10-da 14 yaşlı oğlu Toğrul, 11 yaşlı qızı Qumral və uşaqlara dayəlik edən yaxın qohumu Səyyarə xanımla dörd illik ayrılıqdan sonra görüşmək üçün Ümmügülsüm xanım 4 saylı düşərgə məntəqəsinin rəisinə ərizə ilə müraciət edir. Lakin Vətən müharibəsinin başlanmasını səbəb gətirərək uzun illər həsrətində olduğu övladlarının üzünü görmək ona qismət olmur.
Ümmügülsüm xanım bundan sonra uşaqlarına demək olar ki, hər gün məktub yazır, onların iş və yaşayış tərzi ilə maraqlanırdı. Artıq gözlərinin gündən-günə zəifləməsi Ümmügülsüm xanımın məktub yazmasına maneçilik törədirdi...
1943-cü ildə o, SSRİ XDİK-nın Xüsusi Müşavirəsinə ərizə ilə müraciət edərək azadlığa buraxılmasını xahiş edir. Onun azad olunması barədə qərar yalnız 1944-cü ilin aprel ayında verilir.
Sürgündən sonra Ümmügülsüm xanıma Bakıya gəldikdən 20 gün sonra burada yaşamağa qadağa qoyulur. Hər tərəfdən əli üzülən xanım Şamaxıya köçməyi qərara alır. Lakin burada bir neçə ay yaşayan Ümmügülsüm xanım sentyabrın 17-də 15 yaşlı qızı Qumralın qolları arasında gözlərini əbədi yumur. Ümmügülsüm Sadıqzadəni qonşular Şamaxı qəbiristanlığında dəfn edirlər.
Deyilənə görə, onun ölümü müharibənin ağır illərinə təsadüf etdiyi üçün illər keçəndən sonra da qəbrini tapmaq olmur... Ancaq gec də olsa, 57 il sonra məzar tapılır. Bu haqda Ümmügülsümün qızı Qumral xanım yazır: “Anam Ümmügülsümün faciəli ölümündən əlli yeddi il sonra üstünü quru ot basmış, ətrafındakı daşları torpağa çökmüş məzarını, nəhayət, ziyarət etdik. Biz sevinirdik, çox gec də olsa, Ümmügülsümün son mənzilini tapmaq bizim üçün böyük xoşbəxtlikdir. Atamız Seyid Hüseynin son mənzili əbədi olaraq Xəzərin dərinliklərində itib-batmışdı. Bu gün heç olmasa anamızın məzarının tapılması bizim üçün təsəllidir".
Seyid Hüseynin ardınca repressiyaya məruz qalan həyat yoldaşı Ümmügülsüm xanım Bayıl həbsxanasında çox ağır günlər keçirir. Bilirsiniz ki, həmin illərdə yalnız yazıçı və şairlərimiz yox, elə onların ailə üzvləri də çox ağır işgəncələrə, cəzalara məhkum edilirdilər. Yazılanlara görə, keçmiş sovet ideologiyası yalnız fiziki işgəncələrlə yox, həm də mənəvi və psixoloji əzablarla ziyalılarımızı məhv edirmiş. Onları öz dillərində təhqir etmək, yaşadıqları yurd-yuvaya aid saxta, əsassız iddialar irəli sürmək və daha nələr-nələr...
Bu hadisələrdən biri, bəlkə də ən ağırı, Ümmügülsüm xanımın başına gəlir. Ağzıqanlı rus zabitlərindən (nazorlarından) biri türmə dəhlizinin başında dayanıb milli musiqi alətimiz olan tarla müxtəlif havalar ifa edirmiş. Bunu eşidən əsir həmvətənlərimiz çox ağır əzablar keçirir, ağlayır, ah-fəğan qoparırmış.
Elə Ümmügülsüm xanımın zəif gözlərlə türmə divarına yazdığı bir şeir də bu müdhiş hadisəyə ithaf olunub:
Qopardı ruhumu bu gün yerindən,
Elimin qəlbindən gələn nəğmələr.
Dinlərəm mən səni, ey doğma vətən,
Könül dalğalanar, hey cana gələr.
Titrərkən telləri tar, kamançam,
Ürəyim döyündü, əlim titrədi.
Ey gözəl vətənim! Eşqinlə sənin
Gözlərim yaşardı, dilim titrədi.
Ah, gözəl musiqi, susma bir az da,
Qoy ötsün bülbüllər, onlar mənimdir.
Bir aləm canlanır hər tarda, sazda,
Bütün o sənətkar canlar mənimdir.
Çal, doğma musiqi, çal ki, səsinə
Qərib könüllərin ehtiyacı var.
Vurğun aşiqlərin hər nəfəsilə
Xəstələr dərdinə min şəfa tapar.
Məcid Rəşadətoğlu.

