Rum sultanlığının naibinə şərt qoyan alimimiz - Nəcməddin Naxçıvani

3-09-2026, 15:54           
Rum sultanlığının naibinə şərt qoyan alimimiz -
Nəcməddin Naxçıvani təqribən 1215-1222-ci illərdə Naxçıvanda dünyaya gəlmişdi. O, özünün fəlsəfə, tibb, məntiq və təbiət elmlərinə dair əsərləri ilə Yaxın və Orta Şərq ölkələrində şöhrət tapmışdır.
İbn Bibi onu böyük lider adlandırmış və Nəcməddin Naxçıvanini bütün fənnlərdə və elmlərdə dalğalanan dənizə, işıq saçan qəndilə və yağış dolu buluda bənzətmişdi. Tarixçi yazırdı:
"O, əqli və nəqli elmlərdə mahir idi, şəriət və hikmət elmlərini özündə toplamışdı"
Anadolu Səlcuqlu dövlətinin səltənət naibi Cəlaləddin Qaratay Nəcməddin Naxçıvaniyə vəzirlik vəzifəsini təklif etmişdi. Nəcməddin Naxçıvani dövlət məmurlarının illik maaş miqdarlarının yarıya qədər azaldılması şərti ilə bu təklifi qəbul etmişdi. O, moğol təhlükəsi ilə qarşı-qarşıya qalan Anadolu Səlcuqlu dövlətinin xəzinəsinin iri dövlət məmurları tərəfindən talan edildiyinin fərqində idi.
Mülki və hərbi məmurların etirazına rəğmən Cəlaləddin Qaratay bu şərti qəbul etmişdi. Nəcməddin Naxıçıvani vəzirlik etdiyi beş il ərzində korrupsiyanın kökünü kəsməyə müvəffəq ola bilmədiyini görüb istefa etmişdi. Onun vəzilikdən getməsinin əsas səbəblərindən biri də Anadolu Səlcuqlu dövlətində siyasi intriqaların qızğın şəkildə baş verməsi idi. İstefasından sonra Anadoluda çox qalmayan Nəcməddin Naxçıvani Suriyaya gedib Hələb şəhərində yaşamışdı.
Nəcməddin Naxçıvani güman ki, Cəlaləddin Qaratayın vəfatından (1254) sonra Anadolunu tərk etmişdi.
Hələbdə məskunlaşandan sonra Nəcməddin Naxçıvani guşənişin həyatı sürərək nadir hallarda evindən çıxır, insanlarla ünsiyyətdən uzaq dururdu. Ömrünün son günlərini Hələbdə keçirmək istəməsinin səbəbi də alimin işraqi fəlsəfəyə güclü bağlılığı ola bilər. Çünki bu fəlsəfi cərəyanın banisi hesab olunan, əl-Məqtul ləqəbi ilə tanınan, Şihabəddin Yəhya Sührəvərdi (öl. 1191) də ömrünü Hələb zindanında başa vurmuşdu.
Nəcməddin Naxçıvani İbn Sinanın çoxcildlik "əl-Qanun" və "Göstərişlər və təlimatlar" əsərlərinə yazdığı şərhlərlə məşhurlaşmışdır. Həmin şərhlərdə o, hətta böyük alimi bir çox məsələlərdə tənqid də etmişdir.
Onun digər bir əsəri də "Lübab-əl məntiq və xülasət əl-hikmə"dir ("Məntiqin mahiyyəti və fəlsəfənin xülasəsi") və bu əsərin İbn Kəmmunə İsraili tərəfindən köçürülmüş əlyazma nüsxəsi Nəcəfdə saxlanılır. Alimin əsərlərinə həmçinin Parisdə və İstanbulda da rast gəlmək olar.
İstinad: Dr. Rəşad İlyasov, "Osmanlı elm və mədəniyyətinə Azərbaycan töhfəsi" kitabından.
Milli Kimlik












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]