İranın Cənubi Qafqazda paradiqma dəyişikliyi
13-09-2026, 12:04

ABŞ və İsrailin İrana qarşı genişmiqyaslı hərbi hücumları İslam Respublikasının regional siyasətinin nüvəsini dəyişdirə bilmədi. Ancaq bu siyasətin zahiri təzahürlərində yeni tendensiyalar müşahidə olunur.
İndi İranda ruhani rəhbərliyin mövqeyi güc strukturlarının möhkəmlənməsi xətti ilə daha aydın şəkildə uzlaşır. Bu, əvvəlki dövrlərdən fərqlənən xüsusiyyətləri ön plana çıxarır. Bu yeniliklər, ən azı, İranın müharibədən çıxardığı dərsləri əks etdirməsi baxımından diqqət çəkir.
Tehran xarici siyasət kursunu bu model çərçivəsində İslam İnqilabının irsinə söykənərək davam etdirir. Ancaq İranın həm daxili, həm də xarici siyasəti təməl prinsiplər qorunmaqla yenidən qurulma mərhələsindən keçir.
İranda İslam İnqilabından bəri baş verən hadisələrin ictimai-siyasi formasiyanı bütövlükdə dəyişdirəcəyini söyləmək çətindir. Çünki dini-ideoloji zəmin hələ də güclüdür. Lakin Tehran 28 fevraldan sonra başlayan və fasilələrlə davam edən müharibə fonunda yeni təkamül mərhələsinə qədəm qoymuş kimi görünür. İran sisteminin gələcək addımları müharibədən əvvəlki konsepsiyadan məzmunca fərqlənmir. Ancaq bu, cari vəziyyətin diktə etdiyi yeni elementlərin üzə çıxmasına mane olmur. ABŞ-İsrail müttəfiqliyi ilə İslam Respublikası arasındakı müharibə fonunda Tehranın siyasətini bu analitik çərçivədən izah etmək olar.
ABŞ və İsrailin birgə əməliyyatları, ardınca Vaşinqtonun təkbaşına apardığı müharibə fonunda İranın xarici siyasəti əvvəlcə proqnozlaşdırıla bilən trayektoriyadan çıxdı. Bu, Ağ Ev və Təl-Əvivin İranda ruhani rejimin dəyişəcəyi ilə bağlı hesablamalarındakı xətaları göstərir. İranla müharibədə Tehranın müqaviməti strateji-hərbi müdafiə xəttinə — “Müdafiə mozaikası” doktrinasına — əsaslanır.
İranın “Müdafiə mozaikası” mərkəzləşdirilməmiş komandanlıq doktrinasıdır. Bu konsepsiya ABŞ-nin İraqa müdaxiləsinin doğurduğu konkret tarixi travmadan qaynaqlanır: Tehran 2003-cü ildə ABŞ ordusunun İraqa daxil olmasından cəmi 26 gün sonra Səddam Hüseynin mərkəzləşdirilmiş komandanlıq strukturunun necə dağıldığını izlədi.
Hakimiyyət orqanları ilə cəbhədəki generallar arasında rabitə kəsilən kimi İraq ordusu dağıldı. Bu mənzərəni təhlil edən İran strateqləri fundamental nəticəyə gəldilər: həddən artıq mərkəzləşdirilmiş komandanlıq müasir müharibədə düşmənin dəqiq zərbələri qarşısında ən böyük zəifliklərdən biridir. Buna görə də mərkəzi komandanlıqdan asılı olmadan təhdid zamanı müstəqil qərar qəbul edə bilən strukturların yaradılması qərara alındı.
Bu hərbi fəlsəfənin institusional əsası 2005-ci ilin avqustunda İranın ali rəhbəri Əli Xameneinin SEPAH Strateji Araşdırmalar Mərkəzini yaratması və rəhbərliyi Məhəmməd Əli Cəfəriyə həvalə etməsi ilə qoyuldu.
28 fevraldan sonra İran qəfil hərbi zərbələrə uyğunlaşma və dayanıqlıq modelinə keçərək “Müdafiə mozaikası”nı işə saldı. Bu, gözlənilməz şoklara qarşı dayanıqlığın formalaşdırılması kimi başa düşülür. Müdafiə modeli İran cəmiyyətində üstünlük təşkil edən dini-ideoloji çərçivə ilə birləşərək xarici və daxili siyasətdə keçmişin və gələcəyin birlikdə nəzərə alınmasına yön verir. Burada inqilabi irs qorunur və gələcək qərarların formalaşmasında əsas rol oynayır. Yəni Tehran regional siyasətdə addım atarkən inqilabi doktrinasını qoruyur və onu ictimai müstəviyə də daşımağa davam edir. Başqa sözlə, Tehran ABŞ-İsrail müharibəsinin yaratdığı reallıqlara uyğun olaraq manevrlərini yeniləyir.
İrandan Cənubi Qafqaz necə görünür?
İranın ali rəhbəri Möctəba Xameneinin həyata keçirdiyi kadr dəyişikliklərinin mahiyyətinə nəzər salmaq Tehranın Qafqaz siyasətində nəyi önə çıxardığını anlamaq baxımından vacibdir.
Möctəba Xameneinin avqustun əvvəlində həyata keçirdiyi yeni təyinatlar yüksək rütbəli hərbi heyətdə sərt xətt tərəfdarlarının mövqeyinin daha da güclənəcəyi ehtimalını artırır. Bu addım ABŞ və İsrailin 2025–2026-cı illərdə həyata keçirdiyi, rəhbər şəxsləri hədəf alan hücumlardan sonra İranın hərbi elitasında baş verən genişmiqyaslı kadr dəyişikliklərinin davamıdır. Yeni fiqurlar sələfləri ilə müqayisədə daha sərt xətt tərəfdarı kimi görünürlər.
Yeni təyinatlar SEPAH komandanı Əhməd Vahidinin ali liderə təsir imkanlarının artdığı barədə iddiaların çoxaldığı vaxta təsadüf edir. Bu da təhlükəsizlik strukturlarına gətirilən rəhbər şəxslərin Əhməd Vahidinin nəzarəti altında formalaşa biləcək komandanın üzvləri olduğu ehtimalını gücləndirir. Bu heyət yeni qərar qəbuletmə mexanizminin əsas nüvəsini formalaşdıra və daxili siyasi müzakirələrin istiqamətinə birbaşa təsir göstərə bilər. Məhəmməd Əli Cəfəri isə SEPAH-ın mədəni və sosial fəaliyyətlərinə rəhbərlik edən “Bəqaullah” qərargahının başçısı təyin olunub.
İran indi xarici siyasətə hərbi komandanlıq zənciri prizmasından baxır. Möhsen Rezai kimi başqa bir veteranın Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edilməsi də köhnə qvardiyanın daha çevik fəaliyyət göstərəcəyinə dair gözlənti ilə izah oluna bilər.
Hərbi və kəşfiyyat tədbirləri diplomatiya və siyasi müzakirələrlə birləşərək ümumi strategiyanın tamamlayıcı vasitələri kimi çıxış edir. Lakin bu yanaşma Möctəba Xameneinin atası, hüquqi baxımdan isə sələfi Seyid Əli Xameneinin dövründəkindən müəyyən qədər fərqlənir. Həm də ona görə ki, İranda ictimaiyyət tərəfindən birbaşa Möctəba Xameneinin kadrları kimi tanınan şəxslər yoxdur. Bu da onun qərar qəbuletmə prosesindəki rolu ilə bağlı sualları artırır. Bununla belə, qərarların arxasında kimin dayandığı müzakirə olunarkən İran diskursunda Möctəba Xameneinin adı informasiya axınından kənarda qalmır.
Hər halda, səbəblərdən asılı olmayaraq, İran bu yanaşmaları birləşdirərək regional siyasətinə, o cümlədən Cənubi Qafqaz strategiyasına hibrid model əsasında yanaşır.
İranın Cənubi Qafqazla bağlı geosiyasi narrativlərinə nəzər saldıqda dəyişkənliklə klassik prioritetlər arasındakı keçidi görmək mümkündür. İran siyasəti Cənubi Qafqazda həm tarixi yaddaşı qorumağa çalışan, həm də mövcud vəziyyətə cavab verən hibrid mərhələdədir.
İranın Azərbaycanla münasibətlərində ziddiyyətli məqamlar qalır. Bununla belə, Bakı-Tehran əlaqələrindəki dinamika siyasi gərginliyin azaldılmasına yönəlib. Azərbaycan Prezidenti İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkianın telefon danışıqları barədə rəsmi açıqlamalarda və onların açıq görüşlərində daha yumşaq atmosfer aydın hiss olunur.
Azərbaycanla İran arasında iqtisadi-ticari münasibətlər, birgə layihələr və Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizindəki ortaq maraqlar əməkdaşlığın əsas istiqamətləridir. SEPAH və ona bağlı media resurslarının problemləri körükləyən informasiya kampaniyaları isə Bakı ilə Tehran arasında birbaşa hərbi gərginlik riski yaratmır. Tehranın Bakı ilə silahlı qarşıdurmaya getməsi nəzəri baxımdan çox aşağı ehtimallı ssenari kimi qiymətləndirilə bilər. Çünki İran Azərbaycanla əməkdaşlıqdakı prioritetlərini hərbi ssenariyə qurban verməz.
İran kimi mürəkkəb siyasi və hüquqi quruluşa malik ölkənin Qafqazla bağlı gələcək addımlarını müəyyənləşdirərkən dəyişmiş status-kvonu nəzərə alması qaçılmazdır. Bu dəyişikliklərin əsas müəllifi Azərbaycan olduğundan Tehran Bakı ilə münasibətləri daha sərt mərhələyə daşımağa üstünlük verməz.
Gürcüstanla münasibətlər isə İran üçün özünəməxsus əhəmiyyət daşıyır. İran Qərbin artan sanksiyaları fonunda Qara dəniz limanlarına çıxışı təmin etmək və ticarət yollarını şaxələndirmək məqsədilə Gürcüstanla daha yaxın münasibətlər qurur.
Tehranın iqtisadi və logistik manevrləri regional müstəvidə Gürcüstanla əlaqələrdə də özünü büruzə verir. Digər tərəfdən, Gürcüstandakı azərbaycanlı icması amili də diqqət çəkir. Azərbaycanlıların kompakt yaşadığı bölgələr İranın ideoloji şəbəkəsinin yenidən formalaşdırılmasında özünəməxsus rol oynayır.
İranın Qafqaz siyasətindəki əvvəlki imperativlərə nəzər saldıqda insan resursuna əsaslanan proksi müqavimət hərəkatına investisiya qoymaq cəhdləri görünür.
İranın Gürcüstandakı şiə icmasına marağı insan kapitalı hesabına regional təsir oxu yaratmaq refleksinə əsaslanır. İran bu icmanı öz strateji maraqları naminə formalaşdırır və gələcək üçün mühüm amil kimi nəzərdən keçirir.
“Təhdid” dilinin istiqaməti dəyişir
Bir fərq isə nəzərə çarpır: indi təhdid dilinin ünvanı dəyişir. Ermənistan nümunəsində bu tendensiya ayrıca qiymətləndirmə tələb edir.
Əvvəllər İran siyasətində Ermənistanın xeyrinə Azərbaycan Respublikasını hədəf alan bəyanatlar üstünlük təşkil edirdisə, hazırda bu ritorikanın istiqaməti getdikcə İrəvana yönəlir.
2025-ci ilin avqustundan bəri İranın İrəvana münasibətində tədrici dönüşün baş verdiyini demək olar. Xüsusilə Azərbaycan və Ermənistan liderlərinin ABŞ-nin vasitəçiliyi ilə Vaşinqtonda əldə etdiyi razılaşmalardan sonra İranın TRIPP marşrutu kontekstində İrəvana yönəltdiyi eyhamlar güclənib. Düzdür, TRIPP marşrutu ilə bağlı razılığın əldə edildiyi gündən İranın ictimai-siyasi diskursunda Ermənistan konkret düşmən elan edilməyib. Lakin “Mehr” və “Tasnim” kimi agentliklərdə İrəvana yönələn sətiraltı analitik və informasiya mesajları yayılıb. Bunu insayder təhlillərdən gələn mesaj kimi oxumaq olar. Xüsusən də belə mövqelərdən birinin veteran strateq Əli Əkbər Vilayətiyə məxsus olması diqqət çəkir.
Bu tendensiya 2026-cı ilin əvvəllərində İran genişmiqyaslı etiraz dalğası ilə üzləşəndə özünü daha sərt formada göstərdi.
Məsələni aydınlaşdırmaq üçün hadisələrə bir qədər geridən baxmaq lazımdır. Tehran 2025-ci ilin sonlarında İrəvandakı diplomatik missiyasının rəhbərini dəyişdi. SEPAH kadrı Mehdi Sübhaninin yerinə Xəlil Şirqolami təyin olundu. Bu, təkcə adi diplomatik kadr rotasiyası deyildi; eyni zamanda İranın Cənubi Qafqaz üzrə regional strategiyasının yenidən qurulmasından xəbər verirdi.
SEPAH-la sıx əlaqələri olan, daha əvvəl Suriyada Bəşər Əsəd rejimi və “Hizbullah”la koordinasiyaya cavabdeh olmuş Mehdi Sübhaninin diplomat Xəlil Şirqolami ilə əvəzlənməsi reallıqların dəyişdiyini göstərir. Sübhaninin dövründə Ermənistan hava məkanından Tehranın regional proksi şəbəkələrinə dəstək dəhlizi kimi istifadə olunurdusa, Yaxın Şərqdəki strateji uğursuzluqlar və Suriya rejiminin çökməsi bu imkanların üzərindən xətt çəkdi.
Geosiyasi arxitekturanı dəyişən yeni tranzit layihələri, o cümlədən TRIPP, eləcə də Azərbaycanın Ermənistana tətbiq etdiyi nəqliyyat məhdudiyyətlərini aradan qaldırması İrəvanın iqtisadi asılılıq xəritəsini yenidən cızır. Bu fonda böhranların idarə olunması və ssenari planlaşdırılması sahəsində təcrübəli Şirqolaminin təyinatı Tehranın itkiləri minimuma endirməyə yönəlmiş gedişidir. İran yeni mərhələdə üç əsas prioritet üzərində cəmlənib:
- Azərbaycan-Ermənistan sülh prosesinin məntiqinə uyğunlaşmaq, lakin ənənəvi ritorikanı qorumaq;
-İrəvanın Azərbaycanla, daha geniş mənada isə ABŞ-Azərbaycan regional təhlükəsizlik oxu ilə yaxınlaşmasının qarşısını almaq;
-Artan təcrid fonunda şimal sərhədindəki nisbətən sabit tərəfdaşlığı qorumaq.
Lakin Tehran-İrəvan xəttindəki daxili çatlar artıq gizlədilə bilmir. İrandakı etiraz dalğasından sonra Ermənistandakı iranlı diasporun rejimin devrilməsi tələbi ilə səfirlik qarşısında aksiyalar keçirməsi münasibətlərdə ciddi gərginlik yaratdı. Yeni səfir Şirqolaminin İrəvanın bu aksiyalara göz yummasını kəskin tənqid etməsi və Ermənistanın “anti-İran qüvvələrinin mərkəzinə çevrildiyinə” eyham vurması tərəfdaşlığın zəiflədiyindən xəbər verir. Bu bəyanat dəyişən geosiyasi reallıqlar qarşısında Tehranın yaşadığı dərin strateji narahatlığın açıq təzahürü idi.
İndi isə Möctəba Xamenei və Əhməd Vahidinin formalaşdırdığı mühafizəkar hərbi elita Ermənistanın Qərblə dərinləşən əlaqələri fonunda yeni reaksiya matrisi formalaşdırır.
Mümkün nəticələr
Möctəba Xameneinin birbaşa kadrları ictimaiyyətə açıq şəkildə görünmür. Onun Əhməd Vahidi və Möhsen Rezai vasitəsilə köhnə qvardiyanın hərbi-təhlükəsizlik elitasına söykənən de-fakto “kölgə kabineti” formalaşdıraraq strateji qərarları yönləndirməsi ehtimalı artır.
Tehranın Azərbaycandakı ideoloji və proksi təsir imkanlarının zəifləməsi fonunda regional strategiyasını yenidən tənzimləyəcəyi gözlənilir. Bu çərçivədə İranın ideoloji və kəşfiyyat sahəsində diqqətini Gürcüstana, xüsusən də bu ölkədəki azərbaycanlı icmasının sosial bazasına yönəldərək yeni yumşaq güc və təsir rıçaqları yaratmağa çalışacağı istisna edilmir.
Azərbaycanla əlaqələrdə Şimal-Cənub Dəhlizinin yaratdığı regionlararası bağlantı və təchizat imkanları nəzərə alınaraq Bakıya qarşı sərt xəttə keçid gözlənilmir.
Aqşin Kərimov,
"Anewz" TV

