Son 11 ildə bankların sayı iki dəfədən çox azalıb: Seçim imkanları daralır
12-09-2026, 00:16

Son illər ölkədə bankların sayının azalmasına öyrəşmişik. Heç şübhəsiz, maliyyə sektorunda belə dəyişiklik əmanətçiləri, müştəriləri narahat edir, etibarlılıq məsələsini zədələyir. Hər il hansısa bank tarixin yaddaşına qovuşur. Bəzən il ərzində fəaliyyətini dayandıran belə maliyyə müəssisələrinin sırası xeyli geniş olur.
Bizimyol.info xəbər verir ki, son 11 ildə bankların sayı iki dəfədən çox azalıb. 2015-ci ildə Azərbaycanda 45 bank vardı. İndə həmin maliyyə təşkilatlarından yalnız 21-i həyatda qalıb. Bir çox hallarda “Bank BTB”-ni siyahıya salmırlar. Amma bu bank lisenziyasından imtina edib.
Sayın 20-yə düşməsi gözlənilir. “Bank Respublika” “AccessBank”ın səhmlərinin 100 faizini alır. Səhmlərin satınalınması başa çatandan sonra hər iki bank ayrı-ayrılıqda fəaliyyətini davam etdirəcək. Amma sonradan vahid bankda birləşmə baş tutacaq.
“Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov dəyişikliyi təmsil etdiyi qurumun uğuru kimi qiymətləndirib. Onun sözlərinə görə, maliyyə institutlarının səhmdarına çevrilmək bank rəhbərliyini xüsusilə məmnun edir.
Bankların sayının sürətlə azalmasında 2015-ci il devalvasiyaları böyük rol oynamışdı. Onda bir il ərzində 13 maliyyə müəssisəsi sıradan çıxmışdı. Növbəti ildə daha 2 bank müştəriləri yarı yolda qoymuşdu. Sonradan müəyyən sabitlik yaransa da, pandemiya dövrü ağır keçmişdi. 2020-ci ildə 4 bank yola davam etməmək qərarı vermişdi. “AG Bank”, “Amrahbank”, “AtaBank” və “NBC Bank” işini dayandırmışdı.
Banklar niyə sıradan çıxır? Xüsusilə devalvasiya mərhələsindən sonra böhran vəziyyətində maliyyə institutlarının nəzərəçarpan hissəsi dayananıqlılıq nümayiş etdirə bilmədi. İri banklar böyük korporativ müştərilərlə işlədiyindən kiçik oyunçular yavaş-yavaş sıradan çıxmağa başladı. Bu proseslərdən müştərilər də az əziyyət çəkmədi. Seçim imkanları daralır. Müştəri ona təklif olnan variantların ən yaxşısına üstünlük vermək fürsətindən məhrum qalır. Az sayda bankın qalması müştərilərə kredit, əmanət və xidmət şərtlərini seçərkən daha məhdud imkanlar yaradır.

