Xəzərlə bağlı XƏBƏRDARLIQ: "Dəniz sahildən 12 kilometrədək uzaqlaşa bilər"

8-09-2026, 11:12           
Xəzərlə bağlı XƏBƏRDARLIQ:
"50 ildən çox fəaliyyət göstərmiş və 2019-cu ildən işini dayandırmış Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun yenidən bərpa olunması təklif edilir".

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sadiq Qurbanov "Bakı İqlim Fəaliyyəti Həftəsi -2026" çərçivəsində keçirilən "Daxili su hövzələrində iqlim dəyişikliyi çağırışları: Xəzər dənizi nümunəsi" adlı müzakirələr zamanı deyib.

O bildirib ki, Xəzərin gələcəyinə dair birgə fəaliyyət proqramlarının hazırlanmasına daha böyük diqqət yetirilməlidir:

"Dünyada hidrometeoroloji proseslərin kəskinləşdiyi, iqlim dəyişkənliyinin artdığı və su ehtiyatlarının azaldığı bir dövrdə Azərbaycanda Xəzərin və ümumilikdə hidrometeoroloji proseslərin elmi tədqiqi xüsusi əhəmiyyət qazanır".

Deputat əlavə edib ki, 2007-2025-ci illərdə Azərbaycanda orta çoxillik temperatur çoxillik normaya nisbətən 1.3 dərəcə artıb:

"Yalnız 2025-ci ildə artım 1.8 dərəcə təşkil edib. Son altı ildə ən yüksək temperatur 2021-ci ildə 44.2 dərəcə, 2025-ci ildə isə 42.9 dərəcə olub.

Xəzərin səviyyəsinin gələcək dəyişməsi ilə bağlı elmi proqnozlar da xüsusi diqqət tələb edir. Əgər su səviyyəsinin azalması davam edərək dəniz səviyyəsindən -30 metrə çatarsa, Azərbaycan akvatoriyasında dənizin sahildən uzaqlaşması Nabran-Şabran zonasında 4-5 kilometr, Sanqaçal-Ələt zonasında 10-12 kilometr, Lənkəran-Astara zonasında isə 2-3 kilometr təşkil edə bilər".













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]