Dövlət dəstəyinin məqsədi statistik rəqəmləri deyil, kəndlini qorumaq olmalıdır.

8-09-2026, 07:25           
Dövlət dəstəyinin məqsədi statistik rəqəmləri deyil, kəndlini qorumaq olmalıdır.
Aqrar Subsidiya Şurasının yeni qərarına görə istifadəsində azı 100 hektar örüş və ya otlaq sahəsi olan və 500 başdan çox xırdabuynuzlu heyvan saxlayan təsərrüfatlara hər heyvana görə 4 manat subsidiya veriləcək. Yəni 500 baş qoyunu olan fermer il ərzində cəmi 2.000 manat subsidiya alacaq.
Amma burada ciddi sual yaranır.
100 hektar örüşü, 500 baş qoyunu olan təsərrüfat artıq iri təsərrüfat hesab olunur. Belə bir təsərrüfatın təkcə bir aylıq yem, çoban, yanacaq və baytarlıq xərcləri minlərlə manat təşkil edir. Belə təsərrüfat üçün 2.000 manat nəyi dəyişəcək? Hansı problemi həll edəcək?
Ölkədə isə vəziyyət tam fərqlidir. Xırda heyvandarlıq təsərrüfatları ildən-ilə azalır, kəndli sürüsünü satır, yem bahalaşır, nəticədə ətin qiyməti artır. Əsl dəstəyə ehtiyacı olanlar 20, 30, 50 baş heyvan saxlayan kəndlilərdir. Onlar nə 100 hektar torpağa, nə də 500 baş sürüyə malikdirlər.
Dövlət dəstəyinin məqsədi statistik rəqəmləri deyil, kəndlini qorumaq olmalıdır. Əgər sabah bazarda ətin qiymətinin daha da bahalaşmasını istəmiriksə, subsidiya şərtləri iri təsərrüfat sahiblərinə deyil, kiçik və orta fermerlərə uyğunlaşdırılmalıdır.
Əks halda kəndli heyvandarlıqdan uzaqlaşacaq, ölkənin ətə olan tələbatı isə getdikcə daha çox idxaldan asılı vəziyyətə düşəcək.
Razi Abasbəyli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]