Deputatlar danışanda: Milli Məclisin utanc salnaməsi
7-09-2026, 12:38

Azərbaycan deputatlarının müxtəlif illərdə verdiyi bəzi açıqlamaları ard-arda oxuyanda qəribə bir mənzərə yaranır. Sanki Milli Məclisdə danışılan Azərbaycanla sıravi vətəndaşın yaşadığı Azərbaycan həmişə eyni ölkə deyil.
2007 — Aydın Həsənov
Milli Məclisdə deputatların dövlət avtomobili ilə təmin olunması məsələsini müzakirə edərkən deyirdi:
“Dövlət maşınında gedəndə deyəcəklər, Milli Məclisin deputatı Aydın Həsənov gəlir.”
Burada söhbət artıq avtomobildən çox statusun görünməsindən gedirdi.
2015 — Hadı Rəcəbli
Müəllimlərin aşağı maaşlarından danışılarkən deputat çıxış yolu kimi əlavə işləməyi göstərirdi. Hətta dərsdən sonra gedib tikintidə daş hörən müəllimi nümunə çəkərək soruşurdu:
“Bunun nəyi pisdir ki?”
Beləcə, müəllimin maaşının onun normal yaşamasına kifayət etməməsi probleminin həlli maaşın artırılmasında deyil, müəllimin dərsdən sonra ikinci iş tapmasında görülürdü.
2016 — Aqil Abbas
Sosial vəziyyət və kənd təsərrüfatı barədə müzakirələr zamanı onun məşhurlaşan fikirlərindən biri belə idi:
“Dövlət qulluq vermirsə, sənə torpaq verir. Get orda soğan ək, ailəni saxla.”
İqtisadi və sosial problemlərin mürəkkəbliyinə qarşı son dərəcə sadə resept: torpağın varsa, soğan ək.
2016 — Astan Şahverdiyev
Rusiyada ağır şəraitdə çalışan azərbaycanlı əmək miqrantları haqqında danışarkən onları “cəmiyyətin otxodları” adlandırdı. Açıqlama böyük etiraz doğurdu və deputat sonradan buna görə üzr istədi.
Bu hadisə bəlkə də həmin siyahının ən ağır epizodlarından biri idi. Çünki söhbət ailəsini dolandırmaq üçün başqa ölkədə işləməyə məcbur olan insanlardan gedirdi.
2016 — Sədaqət Vəliyeva
Kommunal tariflər barədə danışarkən Azərbaycanla Qərb ölkələrini müqayisə edərək Avropa və ABŞ-da insanların kommunal xidmətlərə ayda 600–700 dollar, Azərbaycanda isə 40–60 manat ödədiyini bildirmişdi.
Amma belə müqayisədə əsas məsələ kənarda qalırdı: qiymətləri insanların gəlirlərindən ayırıb müqayisə etmək olmaz. 60 manatın 500 manat qazanan insan üçün yaratdığı yük 600 dolların bir neçə min dollar qazanan insan üçün yaratdığı yüklə eyni deyil.
Sonrakı illərdə Sədaqət Vəliyevaya “Azərbaycan xalqı amerikalılardan da, avropalılardan da yaxşı yaşayır” şəklində bir ifadə də aid edildi. Bu sitat mediada və sosial şəbəkələrdə geniş yayılsa da, onun ilkin və etibarlı mənbəsini təsdiqləmək mümkün olmadığından bunu deputatın dəqiq sitatı kimi təqdim etmək düzgün olmaz.
2017 — Hadı Rəcəbli
Pensiya yaşının artırılmasını müdafiə edərkən deyirdi:
“Pensiya yaşının qaldırılmasının ziyanlı tərəfi yoxdur. İnsanların ömrü uzanıb. Sağlamlıqları buna imkan verir.”
Kağız üzərində orta ömür uzunluğunun artması ilə ağır fiziki işdə çalışan konkret insanın 60-dan sonrakı sağlamlıq vəziyyətinin eyni şey olmadığı isə başqa məsələdir.
2019 — yenə Hadı Rəcəbli
ABŞ-dakı yüksək maaş və pensiyalardan danışılarkən bunu yaşayış xərcləri ilə müqayisə etməyə çalışaraq belə bir arqument gətirirdi:
“Amerikada bir dənə karton stəkanda çay 4 dollardır.”
Beləcə, maaşların və pensiyaların müqayisəsi gəlib bir stəkan çayın qiymətinə bağlanırdı.
2022 — Fəzail Ağamalı
Bu dəfə vəziyyət bir qədər fərqli idi. Fəzail Ağamalı qiymət artımını tənqid edir və özünün yüksək maaş almasına baxmayaraq mövsümün ilk meyvələrini almaqda çətinlik çəkdiyini deyirdi:
“Yüksək əmək haqqı alan bir insan kimi… yeni çıxan meyvələrdən ala bilməmişəm… Gilasın qiyməti 8–10 manat… Belə şey olar?!”
Ədalət naminə demək lazımdır ki, deputat burada xalqı qınamırdı; əksinə, bahalaşmanı tənqid edirdi. Amma onun etirafı başqa bir sualı ortaya çıxarırdı: yüksək maaş alan deputat üçün 8–10 manatlıq gilas bahadırsa, minimum maaş və ya aşağı pensiya ilə yaşayan insan nə etsin?
2023 — Siyavuş Novruzov
Deputatların təxminən 5 min manat civarında maaş almasından danışarkən bildirmişdi:
“Maaşımız ayın axırına çatmır, kredit götürürük.”
Bu cümlənin yaratdığı ictimai reaksiya təsadüfi deyildi. Çünki həmin sözləri eşidənlərin böyük hissəsi ayı deputat maaşının bir neçə dəfə aşağısı ilə başa vurmağa çalışırdı.
2026 — Günay Ağamalı
Uşaqpulunun bərpası məsələsini şərh edərkən onun insanlarda “asılılıq və ya tənbəllik” yarada biləcəyindən danışdı:
“Dövlət mənə uşaqpulu verir, mən artıq işləməyim…”
və əlavə etdi:
“İnsanları əməyə alışdırmaq lazımdır…”
Burada tarixin kiçik bir ironiyası da var.
Bir neçə il əvvəl atası Fəzail Ağamalı yüksək maaş alan deputat olduğu halda 8–10 manatlıq gilasın bahalığından şikayət edirdi. İndi isə qızı Günay Ağamalı sıravi ailəyə veriləcək uşaqpulunun insanı işləməkdən çəkindirə biləcəyindən narahatdır.
Atanın gilas almaqda hiss etdiyi qiymət yükü real sosial problem sayılırsa, aşağı gəlirli ailənin uşağının gündəlik xərcləri niyə insanı “tənbəlləşdirə biləcək” yardım prizmasından qiymətləndirilir?
2026 — Səyyad Aran
Son dövrdə mediada ona “Mən neyləyim ki, sən 300 manat alırsan?” ifadəsi də aid edilir. Ancaq bu ifadənin də ilkin, tam və etibarlı mənbəsi təsdiqlənmədən onu deputatın sözbəsöz sitatı kimi təqdim etmək doğru olmaz. Ona görə bunu yalnız mediada ona aid edilən ifadə kimi qeyd etmək mümkündür.
Bütün bu açıqlamaları bir yerə yığanda məsələ ayrı-ayrı deputatların uğursuz cümlələrindən daha böyük görünür.
Çünki siyasətçinin sözü yalnız onun nitqi deyil. O söz onun insanı necə gördüyünü, sosial problemi hansı məsafədən müşahidə etdiyini də göstərir.
Müəllim az maaş alırsa — dərsdən sonra daş hörsün.
İnsan dolana bilmirsə — soğan əksin.
Pensiya yaşı artırılırsa — onsuz da insanların ömrü uzanıb.
Amerikada maaş yüksəkdirsə — orada çay 4 dollardır.
Deputatın 5 min manatı ayın sonuna çatmırsa — kredit götürür.
Ailəyə uşaqpulu verilsə — birdən işləmək istəməz.
Və bütün bunların sonunda qəribə bir sual qalır:
Bu deputatlarla haqqında danışdıqları insanlar eyni ölkədə yaşayırlar. Amma deyəsən, həmişə eyni Azərbaycanı görmürlər.
Elbeyi Hesenli

