Sənədsiz evlərə qaz sayğacı - Sənəd yoxdusa, 4-5 min manatla problem həll olunur?

6-09-2026, 00:06           
Sənədsiz evlərə qaz sayğacı -
Binə, Türkan, Qala, Masazır, Xırdalan və digər ərazilərdə qaz sayğacı məsələsi niyə vasitəçilər üçün gəlir mənbəyinə çevrilib...

Bakının və Abşeronun bir sıra ərazilərində illərdir həllini gözləyən problemlərdən biri sənədsiz torpaqlarda inşa edilmiş evlərin kommunal xidmətlərə çıxışıdır.

Bizimesr.Media bildirir ki, xüsusilə Xəzər rayonunun Binə, Türkan və Qala qəsəbələrində, Abşeron rayonunun Masazır, Xırdalan, Binəqədi, Suraxanı və digər yaşayış massivlərində minlərlə ailə torpaq və ev məsələsində müxtəlif hüquqi vəziyyətlərlə üz-üzədir.

Bu evlərin bir qismi illər əvvəl müxtəlif sənədlərlə, bir qismi etibarnamə əsasında əldə edilmiş torpaqlarda tikilib. Digər hallarda isə söhbət sovxoz torpaqlarından, köhnə bölgülərdən və hüquqi statusu bu günədək tam rəsmiləşdirilməyən sahələrdən gedir.

Vətəndaş məcburiyyətdən bu ərazilərdə uçuz olan, hətta maklerlərin tikib satdığı evləri almaqda davam edir. Ki, yaşayışını qursun, ailəsinin başının üstündə bir damı olsun. Maklerlərdən alınan evlərdə elektrik və su məsələsi problem olmur. Hansısa formadasa həll olunur. Lakin növbə qaz sayğacına çatanda prosses tamam başqa mərhələyə keçir.

Sayğac üçün sənəd lazımdır, bəs sənəd yoxdursa?

Vətəndaşın qarşısına müxtəlif sənədlərin təqdim edilməsi tələbi qoyulur. Torpağın hüquqi statusu, evə dair sənədlər və digər məsələlər qazlaşdırma prosesinin qarşısında maneəyə çevrilir. Əlbətdə bu sənədlərin olması vacibdir və məcburidir. Amma...

Əmması odur ki, bu evlər sənədsiz torpaqlarda tikilib və bunların tikintisinə hansısa formada içazə verilib, göz yumulub. Və bu 1 deyil 5 deyil, kütləvidir. Bu gün Bakının bütün ərazilərində minlərlə makler evləri tikilir və əksəriyyəti də sənədsizdir... Əgər sənədsiz evlərə qaz sayğacı qoyulması zamanı bu qədər rəsmi sənəd istəyəcəksizsə, o zamam bu evlərin tikintisinə nədən içazə verilir?

Adətən vətəndaşı günahlandırırlar ki, belə evləri almayın... Əcəba, belə evləri almayan deyən rəsmi qurumların rəhbərləri ən yüxar səviyyədə məsələ qalıdırb, rayon rəhbərləri ilə toplanıb birdəfəlik bu məsələni həll edə bilməzmi?

Evlər tikilərkən sənəd yada düşmür, qaz sayğacı ortaya gələrsən "sənədləri gətir" tələbi qoyulur...?

Bu ölkədə İcra başçıları ilə kommunal xidməti təşkil edən qurumlar başqa-başqa ölkələrin qanunları ilə işləyirlər? Bu hansı məntiq və hansı əsaslandırmadır?

"Azəriqaz" rəhbərliyi bilir ki, filan ərazidə tikilən makler evlərinin əksəriyyəti yoxdur və bu evlərə qaz sayğacları qoyulması ciddi problem olacaq. Bu zaman "Azəriqaz" rəhbərliyi dövlət qarşısında məsələ qaldırıb deyə bilmirmi ki, rayon icra başçılarının göz yumduğu, içazə verdiyi qanunsuz torpaqlarda tikilən evlər "Azəriqaz"ın işinə ciddi maneə yaradır və bu problem aradan qaldırılımalıdır?

Yoxsa...? Bəli bu məsələnin yoxsası da var. Hansı ki, bu kimlərəsə sərf edir. Yaşamaq üçün, balalarının bir otaqlı evi olsun deyə illərdir kredit ödəməyə razı olan, məcbur olub sənədsiz ev alan kasıb vətəndaşa "sənəd gətir" demək olar, amma bu evləri tikən maklerlərə, işbazlara "belə evləri tikmək olmaz" demək olmaz?

Elə məsələ də burdan başlayır...
Ev tikən maklerlər bu problemi qısa müddətdə və asanlıqla həll edirlər... Mə\lumata görə, makler və vasitəçilərin vətəndaşlara 4-5 min manat müqabilində qaz sayğacı quraşdırılması ilə bağlı təkliflər verdiyi iddia olunur. Vətəndaşa deyilən məntiq təxminən belədir - Sənəd yoxdur? Problem deyil. Pulunu ver, həll edək.

Bu zaman ortaya maraqlı suallar çıxır - Vətəndaşın qanuni prosedurla əldə edə bilmədiyi xidmət vasitəçi tərəfindən hansı hüquqi və texniki mexanizmlə təmin olunur? Əgər belə bir mexanizm qanunidirsə, niyə vətəndaşa həmin yol göstərilmir?

“ASAN Kommunal”da prosedur, küçədə isə “həll yolu”?

Vətəndaşın kommunal xidmətlərə çıxışını asanlaşdırmaq məqsədi daşıyan “ASAN Kommunal” sistemi bu məsələdə xüsusilə diqqət çəkir. Vətəndaş üçün prosesin məntiqi sadədir - müraciət edir, tələb olunan sənədləri təqdim edir və xidmətin göstərilməsini gözləyir. Lakin sənədsiz evlərlə bağlı prosesdə vətəndaşların bir qismi uzun sənəd toplama proseduru ilə qarşılaşır və heş bir sənəd əldə edə bilmir.

Belə olan halda vətəndaşın qanuni müraciəti ilə vasitəçinin vəd etdiyi nəticə arasında hansı fərq var?

Eyni ev, iki fərqli yol

Təsəvvür edək ki, eyni küçədə iki ev var. Birinci evin sahibi qaz sayğacı üçün müraciət edir. Ondan torpağa və tikiliyə dair sənədlər tələb olunur. Vətəndaş həmin sənədləri təqdim edə bilmir və proses dayanır. İkinci evin sahibi isə sənədlərinin tam olmadığını bildiyi halda vasitəçiyə müraciət edir. Ona müəyyən məbləğ qarşılığında məsələnin həll ediləcəyi vəd olunur. Bir müddət sonra ikinci evdə qaz sayğacı quraşdırılır. Burada ən vacib məsələ həmin sayğacın konkret olaraq hansı sənədlər və hansı prosedur əsasında quraşdırıldığının müəyyən edilməsidir. Və bu zaman sayğacsız qalan vətəndaş "Asan Kommunal", ölkə, qanun, qayda və sair haqqında nə düşünə bilər? Siz olsanız nə dü.ünərsiz, yoldaş "Azəriqaz" rəhbəri Azər Məmmədov...

Hüquqi prosedur hamı üçün eyni olmalıdır. Bir vətəndaşa “sənəd yoxdur, mümkün deyil” deyilirsə, digər vətəndaşın eyni vəziyyətdə hansı əsasla qazlaşdırıldığı izah edilməlidir.

4-5 min manat haradan yaranır? Araşdırmanın ən mühüm istiqamətlərindən biri də məhz bu rəqəmdir. Söhbət rəsmi dövlət rüsumundan deyil, vətəndaşların iddia etdiyi 4-5 min manatlıq vasitəçi xidmətindən gedir.

“Makler mənə sayğac qoyduracaq” - bu necə mümkündür? Ən ciddi araşdırılmalı iddialardan biri də budur.

Əgər bir vasitəçi vətəndaşa “sənədin olmasa da, müəyyən məbləğ qarşılığında sayğacını qoyduraram” deyirsə, həmin şəxsin real olaraq hansı imkanlara malik olduğu müəyyən edilməlidir. Çünki adi maklerin qaz sayğacının quraşdırılması ilə bağlı texniki qərar vermək səlahiyyəti yoxdur. Amma əgər nəticədə həqiqətən sayğac quraşdırılırsa, artıq söhbət sadəcə maklerin vədindən getmir. Bu zaman konkret sayğacın hansı sənədlərlə rəsmiləşdirildiyi və prosesin hansı mərhələlərdən keçdiyi araşdırılmalıdır.

Bizimesr.media












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]