Maykl Dell Ceff Bezosu geridə qoyaraq dünyanın üçüncü ən varlı şəxsi olub
10-09-2026, 16:04

Maykl Dell çərşənbə axşamı "Forbes"un milyarderlər reytinqində Ceff Bezosu geridə qoyaraq ilk dəfə dünyanın üçüncü ən varlı şəxsi olub. Buna "Dell Technologies" şirkətinin səhmlərinin rekord həddə yüksəlməsi səbəb olub.
Valyuta.az "Forbes"ə istinadən xəbər verir ki, çərşənbə axşamı birja sessiyasının sonunda Dellin sərvəti 4,6 milyard dollar artaraq təxminən 267,7 milyard dollara çatıb. "Dell Technologies" səhmləri 1,9 faiz bahalaşaraq ticarəti 533,88 dollar səviyyəsində başa vurub. Gün ərzində səhmlərin qiyməti 538,47 dollara qədər yüksəlib.
Bu arada, "Amazon" səhmlərinin 0,6 faiz ucuzlaşması fonunda Ceff Bezosun sərvəti 1,4 milyard dollar azalaraq 265,2 milyard dollara düşüb.
Hazırda Maykl Delli sərvətinə görə yalnız "Alphabet" şirkətinin həmtəsisçisi Larri Peyc və "Tesla"nın rəhbəri İlon Mask qabaqlayır. Larri Peycin sərvəti təxminən 277,9 milyard dollar, İlon Maskın sərvəti isə 942 milyard dollar qiymətləndirilir.
"Dell Technologies" səhmləri ilin əvvəlindən indiyədək 327 faiz bahalaşıb. Şirkətin səhmləri ilin əvvəlində təxminən 128 dollardan ticarət olunurdu. Maykl Dell şirkətin təxminən 40 faizlik payına sahibdir. O, həmçinin özəl investisiya şirkəti "DFO Management"də əhəmiyyətli aktivlərə malikdir.
"Forbes"un məlumatına əsasən, son bir ildə sərvəti iki dəfədən çox artan Dell son aylarda reytinqdə "Meta"nın həmtəsisçisi Mark Zukerberqi və "Oracle"ın həmtəsisçisi Larri Ellisonu da geridə qoyub.
Səhmlərin kəskin bahalaşmasının əsas səbəbi süni intellekt üçün nəzərdə tutulan avadanlıqlara tələbatın sürətlə artmasıdır. "Dell Technologies" ötən həftə açıqladığı ikinci rübün maliyyə nəticələrində rekord həcmdə — 47 milyard dollar rüblük gəlir əldə etdiyini bildirib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 58 faiz çoxdur.
Şirkətin düzəliş edilmiş səhm üzrə mənfəəti 7,04 dollar təşkil edib ki, bu da bir il əvvəlki göstəricidən üç dəfədən çox yüksəkdir. Süni intellekt üçün optimallaşdırılmış serverlər seqmentindən əldə olunan rüblük gəlir 16,4 milyard dollara çataraq illik müqayisədə iki dəfə artıb. Yeni sifarişlərin həcmi isə rekord 60,9 milyard dollar olub.
Rübün sonunda şirkətin süni intellekt serverləri üzrə yerinə yetirilməmiş sifarişlərinin ümumi dəyəri 95 milyard dollara çatıb.
Güclü maliyyə nəticələrindən sonra "Dell Technologies" bütün il üzrə gəlir proqnozunu 25 milyard dollar artıraraq 192 milyard dollara yüksəldib. Bunun 74 milyard dollarının süni intellekt üçün optimallaşdırılmış serverlərin satışından əldə ediləcəyi gözlənilir.
Şirkət bütün il üzrə düzəliş edilmiş səhm üzrə mənfəət proqnozunu da əvvəlki 17,90 dollardan 25,50 dollara qaldırıb.
"Üstünlüklərimiz bir-birini gücləndirir və rüb ərzində bu imkanlardan böyüməni, bazar payının artmasını, gəlirliliyi və pul vəsaitlərinin yaradılmasını təmin etmək üçün istifadə etdik", — deyə şirkətin maliyyə direktoru Devid Kennedi bildirib.
"Dell Technologies" eyni zamanda süni intellekt məhsulları portfelini serverlərdən kənarda da genişləndirir. Şirkət müəssisələrə süni intellekt iş yüklərini bulud infrastrukturu əvəzinə öz sistemlərində idarə etmək imkanı vermək məqsədilə "Nvidia" proqram təminatı əsasında hazırlanmış lokal süni intellekt agenti məhsulunu təqdim edib.
Şirkət korporativ müştərilər üçün agent əsaslı süni intellekt həllərinin xərclərinin artdığı bir dövrdə məhz bu bazarda mövqeyini gücləndirməyi hədəfləyir.

