"Reuters": Qlobal dizel çatışmazlığı bütün qış davam edəcək

9-09-2026, 15:44           
"Reuters": Qlobal dizel çatışmazlığı bütün qış davam edəcək
Dünyada dizel yanacağı ehtiyatları neft emalı üzrə boş güclərin çatışmazlığı, Rusiyanın neft məhsullarının ixracına qoyduğu qadağa və qış tələbatının pik həddinə yaxınlaşması səbəbindən bütün qış ərzində məhdud qalacaq.

Bu barədə “Reuters” məlumat yayıb.

Ukrayna və İrandakı müharibələr Rusiyada və Yaxın Şərqdəki neft emalı zavodlarının fəaliyyətinə təsir göstərib. Bu isə Avropa və ABŞ-da dizel yanacağı istehsalından əldə olunan gəlirlərin rekord səviyyədə artmasına, eyni zamanda Asiyaya neft tədarükünün azalmasına səbəb olub.

“Vitol” şirkətinin baş direktoru Rassel Hardi bildirib ki, Rusiya və Yaxın Şərqdən gündəlik olaraq ümumilikdə təxminən 4 milyon barel neft məhsulunun itirilməsi bazarda ciddi qıtlıq yaradıb.

“Biz Rusiyadan gündə 2 milyon barel, Yaxın Şərqdən isə demək olar ki, 2 milyon barel həcmində neft məhsullarını itiririk. Buna görə də neft məhsullarının əsl qıtlığı yaranıb”, deyə o bildirib.

Onun sözlərinə görə, xam neftin tədarükü ilə bağlı vəziyyət neft məhsullarından daha yaxşıdır. Belə ki, Yaxın Şərq gündəlik təxminən 9 milyon barel xam neft və 1 milyon barel neft məhsulu ixrac edir.

“Biz hələ də bu itkilərin qarşısını almaq üçün neft emalı zavodlarının kifayət qədər gücündən istifadə etmirik. Dünyada mövcud olan artıq ehtiyatları tükətməkdə davam edirik və hazırda ehtiyatlarımızın demək olar ki, ən aşağı səviyyəsindəyik”, deyə Hardi qeyd edib.

“Phillips 66” şirkətinin qlobal ticarət üzrə baş vitse-prezidenti Mark Senn bildirib ki, ABŞ-dakı neft emalı zavodlarının əksəriyyəti artıq tam gücü ilə fəaliyyət göstərir.

Ötən həftənin sonunda ABŞ-da dizel yanacağının qiymətləri rekord səviyyəyə yüksəlib. Bununla yanaşı, çərşənbə günü dizel yanacağının emalından əldə olunan gəlirlilik göstəricisi gün ərzində rekord həddə – bir barel üçün 108,02 dollara çatıb.

Hardi bildirib ki, yüksək qiymətlər və əlçatan yanacağın çatışmazlığı 2026-cı ildə qlobal neft tələbatını 2025-ci illə müqayisədə gündəlik təxminən 1,5 milyon barel azalda bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]