Larri Ellison bir gündə 12 milyard dollar qazandı

4-09-2026, 15:18           
Larri Ellison bir gündə 12 milyard dollar qazandı
“Oracle” şirkətinin qurucusu, milyarder Larri Ellisonun sərvəti bir gündə təxminən 12 milyard dollar artaraq 200 milyard dolları keçib.

Valyuta.az xəbər verir ki, buna “Oracle” səhmlərinin kəskin bahalaşması səbəb olub. Şirkətin səhmləri sentyabrın 3-də 6%-dən çox yüksələrək təxminən 155 dollara çatıb.

“Forbes”in hesablamalarına görə, Ellisonun sərvəti 200,2 milyard dollara yüksəlib. Bununla da o, “Nvidia”nın baş direktoru Censen Huanqı geridə qoyaraq dünyanın 7-ci ən varlı şəxsi olub.

Ellisonun sərvətindəki artım əsasən onun “Oracle”dakı böyük payı ilə bağlıdır. Milyarder şirkətin səhmlərinin təxminən 40%-nə sahibdir və buna görə də səhmlərin qiymətindəki dəyişiklik onun sərvətinə birbaşa təsir göstərir.

Eyni gündə “Nvidia” səhmləri də 2%-dən çox bahalaşıb və Huanqın sərvəti təxminən 4,3 milyard dollar artıb. Buna baxmayaraq, onun ümumi sərvəti təxminən 198 milyard dollar səviyyəsində qiymətləndirilib. Huanq “Nvidia”nın təxminən 3%-nə sahibdir.

Qeyd edək ki, “Oracle” səhmləri son yüksəlişə baxmayaraq, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 30% aşağı səviyyədədir. Şirkətin səhmlərinin iyunda kəskin ucuzlaşması Ellisonun dünyanın ən varlı şəxsləri siyahısında 2-ci yerdən 8-ci yerə düşməsinə səbəb olmuşdu.

Son illərdə “Oracle” süni intellekt sektorunun əsas infrastruktur şirkətlərindən birinə çevrilib. Şirkət qabaqcıl süni intellekt şirkətlərinə bulud hesablama xidmətləri təqdim edir.

Bununla yanaşı, investorlar “Oracle”un sürətlə artan xərclərindən narahatdırlar. Şirkət 2026-cı ildə 55,7 milyard dollar xərclədiyini açıqlayıb ki, bu da əvvəlki proqnozdan 5 milyard dollardan çox yüksəkdir. Xərclər əsasən borc və səhmlərin buraxılması hesabına maliyyələşdirilib.

“Oracle”un yerinə yetirilməli müqavilə öhdəliklərinin həcmi isə 638 milyard dollara çatıb. Bu məbləğin böyük hissəsinin süni intellekt şirkətləri ilə müqavilələrdən qaynaqlandığı bildirilir. “OpenAI” 2025-ci ilin sentyabrında “Oracle”dan 300 milyard dollarlıq hesablama gücü almaq üçün müqavilə imzalamışdı.

“Oracle”un 2027-ci maliyyə ilinin ilk rübü üzrə maliyyə nəticələrinin gələn həftə açıqlanması gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]