Bölgələrdə səhiyyə problemi: - “Elə xəstəxana var ki, 5-6 aydır rentgen aparatı xarab olub”

Bu gün, 00:03           
Bölgələrdə səhiyyə problemi: -
Son vaxtlar sosial şəbəkələrdə vətəndaşların xəstəxanalarda üzləşdiyi problemlərdən biri kimi texniki avadanlıqla bağlı məsələlər geniş müzakirə olunur.

Vətəndaşlar qeyd edirlər ki, poliklinikalarda Kompüter Tomoqrafiyası (KT) və Maqnit Rezonans Tomoqrafiyası (MRT) yoxdur. Rentgen aparatı isə ancaq bəzi poliklinikalarda var. Vətəndaş Bakıda KT və MRT aparatlarında müayinə olunmaq üçün növbəyə yazılır. Bu zaman insanlar hətta bir neçə ay gözləməli olurlar. Bölgələrdə rentgen, xüsusilə də MRT, KT aparalarının olmamasından Bakıya üz tutan vətəndaşlar burada eyni problemlə üzləşirlər.

Bununla yanaşı, dövlət xəstəxanalarında vətəndaşlar üçün problem yaradan digər məqam isə həmin aparatlarda müayinənin ancaq səhər saatlarında aparılmasıdır. Yəni həmin aparatlarda müayinə yalnız 9-12 saat arasında mümkündür. Növbə çox olduğundan, vətəndaşlar geri dönməli olurlar.

Niyə bu gün xəstəxanalarda texniki avadanlıqlar, rentgen, MRT, KT aparatları ilə bağlı vətəndaşlar aylarla növbə gözləməlidirlər?

Məsələ ilə bağlı Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli “Cebheinfo.az”-a bildirib ki, bu gün Azərbaycan səhiyyəsinin iki qlobal problem var:

“Onlardan birincisi kifayət qədər ixtisaslı mütəxəssislərin az olması, xüsusilə də bölgələrdə çatışmazlığıdır. İkinci problem isə tibbi-texniki təchizat, tibbi avadanlıqların olmamasıdır. Yaxud da mövcud olan, əvvəlki illərdən qalan radioloji aparatların, digər aparatların sıradan çıxarkən təmir olunmaması kimi çox ciddi problemlər var. Bölgələrdə bu məsələlər aktualdır.

Məsələn, elə rayon mərkəzi xəstəxanası var ki, orada 5-6 aydır rentgen aparatı xarab olub və təmir olunmur. Ümumi pasiyentlərlə bərabər, rayonun hərbi çağırışçıları var. Həmin gənclər hərbi xidmətə çağırıldıqda tibbi müayinədən keçərkən ilk müayinələrdən biri onların ağciyərləridir və burada rentgen aparatları lazımdır.

Ona görə də gəncləri hansı rayonda rentgen aparatı işləyirsə, həmin rayonlara göndərirlər. Bununla da həmin xəstəxanaları bir az da yükləyirlər. Eyni zamanda, rentgen aparatında çalışan həkimlər saat 13.00-da işlərini başa vurub gedirlər ki, nəticədə həmin gənclər geri dönməli olurlar”. İ. Hüseynlinin sözlərinə görə, hazırda 2027-ci ilin dövlət büdcəsi müzakirə mərhələsindədir:

“Dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitlə yanaşı, İcbari Tibbi Sığortanın öz büdcəsi var. İTS büdcəsi həm də vətəndaşların əməkhaqqından ayrılmalar hesabına formalaşır. Burada iki büdcəni birləşdirsək, kifayət qədər ciddi vəsaitdən söhbət gedir. Yaxşı olardı ki, növbəti ilin dövlət büdcəsi artırılsın və bundan sonra bütün rayon mərkəzi xəstəxanalarını inventarizasiya edib, hansı aparatların, avadanlıqların yoxdursa alınması, hansında ciddi təmirə ehtiyac varsa onların siyahısı tutulmalıdır.

Bununla bağlı büdcə formalaşdırılmalıdır, o avadanlıq alınmalı, xəstəxanaların təminatını qurulmalıdır. İnsanlar hazırda həmin aparatlardan yararlanmaq üçün növbəyə yazılırlar, çox vacib MRT, KT, rentgen müayinəsindən sürətli şəkildə keçə bilmirlər. Bu da nəticə etibarilə xəstəliklərin irəliləməsinə səbəb olur, insanları diaqnostikanın erkən təyinatında problemlərlə üzləşdirir. Bu problem dərindir və həllini tapmalıdır”. Qeyd edək ki, ölkədə dövlət xəstəxanalarında neçə rentgen, MRT, KT aparatı var və onların neçəsinin işlək vəziyyətdə olması ilə bağlı TƏBİB-ə ünvanladığımız sorğunun cavabını gözləyirik.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]