AYNA-ya baxanda taksi sürücülərinin şikayət və problemləri göz qamaşdırır...-ARAŞDIRMA -I
Bu gün, 00:06

I HİSSƏ
Sürücülərin qazancına və gündəlik dolanışığına birbaşa təsir edən əsas problemlər...
Azərbaycanda, xüsusilə Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülərin narazılıqları son illər artıb. Yeni tələblər, məhdudiyyətlər, vergi və sığorta ödənişləri, texniki müayinə xərcləri, taksi platformalarının komissiyaları və aşağı sifariş qiymətləri sürücülərin gündəlik qazancına birbaşa təsir göstərir.
Taksi sektorunda təhlükəsizlik və xidmət keyfiyyətinin yüksəldilməsi vacibdir. Lakin bu məqsədlə tətbiq edilən qaydalar sürücülərin iqtisadi imkanlarını da nəzərə almalı, əlavə və əsassız maliyyə yükü yaratmamalıdır.
TEREF yazır ki, Moderator.az son dövrdə taksi sürücülərinin şikayətləri, KİV-də dərc olunan materiallar, həmçinin sosial mediada işıqlandırılan narazılıqların monitorinqini apararaq sürücülərin bilavasitə qazancına və gündəlik dolanışığına birbaşa təsir edən əsas problemləri üzə çıxarıb və mövcu qanunvericilik, qayda və mexanizmlərə uyğun olaraq onların mümkün həll yollarını araşdırmağa çalışıb.

1. Avtomobilin 7 il tamam olmadan dəyişdirilməsinə qoyulan məhdudiyyət...
Taksi sürücülərinin əsas şikayətlərindən biri avtomobilə verilmiş 7 illik buraxılış kartının müddəti başa çatmadan həmin avtomobili hətta köhnəldikdə, texniki cəhətdən nasaz olduqda belə, başqası ilə əvəz edə bilməmələridir. Məsələn, sürücü yanacağa qənaət etmək, daha az xərc tələb edən avtomobil almaq və ya texniki cəhətdən köhnəlmiş, tez-tez nasazlıq yaradan avtomobilini yeniləmək istəyir. Lakin iddiaya görə, ona 7 il tamamlanana qədər avtomobili dəyişə bilməyəcəyi bildirilir.
Bu məhdudiyyət yalnız sürücünün iqtisadi maraqlarına deyil, sərnişinlərin də hüquq və maraqlarına toxunur. Belə ki, nasaz və köhnəlmiş avtomobillərin daha müasir, təhlükəsiz və rahat nəqliyyat vasitələri ilə əvəzlənməsinin çətinləşdirilməsi sərnişinlərin təhlükəsiz və keyfiyyətli xidmət almaq imkanlarını məhdudlaşdıra bilər.
Beləliklə, 7 illik müddət tamamlanmadan avtomobilin dəyişdirilməsinə əsassız maneə yaradılması:
-Texniki cəhətdən köhnəlmiş və tez-tez nasazlıq yaradan avtomobillərin yenilənməsini ləngidir.
-Yanacaq sərfiyyatı yüksək olan avtomobillərin daha qənaətcil və ekoloji cəhətdən uyğun avtomobillərlə əvəzlənməsinə mane olur.
-Sürücünün təmir və istismar xərclərini artırır.
-Sərnişinlərin rahatlığına, təhlükəsizliyinə və keyfiyyətli xidmət almaq maraqlarına mənfi təsir göstərir.
Bu şikayətin hüquqi baxımdan mühüm tərəfi var.
Qanunvericilik nə deyir?
«Avtomobil nəqliyyatı haqqında» Qanunun 13.3-cü maddəsinə əsasən, taksi fəaliyyəti üçün müvafiq icazələr 7 il müddətinə verilir. Buraxılış vəsiqəsi daşıyıcının fəaliyyətinə, buraxılış kartı isə konkret nəqliyyat vasitəsinə aid icazədir. AYNA-nın rəsmi izahına görə, buraxılış vəsiqəsi və buraxılış kartı 7 il müddətinə verilir.
Burada vacib məqam budur: 7 illik icazə müddətinin mövcudluğu avtomobilin dəyişdirilməsinin də mütləq 7 il qadağan edilməsi demək deyil. Avtomobil dəyişdirilərkən yeni nəqliyyat vasitəsinə aid buraxılış kartının rəsmiləşdirilməsi məsələsi ayrıca hüquqi prosedur kimi tənzimlənməlidir.
Yeni avtomobil, əlbəttə, qüvvədə olan tələblərə cavab verməlidir. Bunlara avtomobilin yaşı, ekoloji standartı, texniki göstəriciləri və digər şərtlər daxildir.
Mövcud tələblərin təsiri...
2024-cü il iyulun 1-dən sonra taksi fəaliyyəti üçün yeni buraxılış kartı verilən avtomobilin istehsal tarixindən 8 ildən artıq vaxt keçməməli, avtomobil ən azı “Avro-5” standartına uyğun olmalıdır. Ümumi yaş həddi ilə bağlı ayrıca 15 illik məhdudiyyət də mövcuddur.
Həll yolu:
AYNA aşağıdakı mexanizmi açıq şəkildə izah etməli və tətbiq etməlidir:
AYNA sürücünün əvvəlki avtomobilini satdığı və ya dəyişdirdiyi halda, yeni avtomobil bütün tələblərə cavab verirsə, buraxılış kartının yeni avtomobilə keçirilməsi və ya yenidən rəsmiləşdirilməsi üçün sadə elektron prosedur yaratmalıdır. Avtomobilin dəyişdirilməsinə maneə varsa, bunun konkret hüquqi əsası ictimaiyyətə açıqlanmalıdır.
Sürücü avtomobilini satdıqda və ya dəyişdirdikdə əvvəlki avtomobilə verilmiş kartın ləğvi və yeni avtomobilə kart verilməsi üçün elektron müraciət edə bilməlidir. Yeni avtomobil bütün texniki və hüquqi tələblərə cavab verirsə, müraciət yalnız əvvəlki avtomobilin 7 illik müddəti bitmədiyinə görə rədd edilməməlidir. Yeni avtomobilə kart verilməsinin hüquqi əsası, imtina səbəbləri və tələb olunan sənədlər AYNA tərəfindən konkret normativ müddəalara istinad edilməklə açıqlanmalıdır.
Bu məsələdə AYNA-dan yazılı izahat tələb etmək məqsədəuyğundur: 7 il müddətində avtomobilin dəyişdirilməsini qadağan edən konkret qanun və ya normativ aktın hansı maddəsidir?
Sürücülər belə hallarla rastlaşdıqda, yalnız şifahi narazılıq bildirməklə kifayətlənməməlidirlər. Ən düzgün yol pozuntunu sənədləşdirmək, AYNA-ya yazılı müraciət etmək, nəticə olmadıqda yuxarı dövlət orqanlarına və məhkəməyə şikayət verməkdir...
Əsas prinsip:
Dövlət tənzimləməsi avtomobil parkının yenilənməsinə mane olmamalı, əksinə, daha təhlükəsiz, qənaətcil və komfortlu taksi xidmətinin formalaşmasını təşviq etməlidir.
2. Aylıq vergi və sosial sığorta ödənişləri...
Taksi sürücülərinin ən ciddi iqtisadi problemlərindən biri işləyib-işləməməsindən asılı olmayaraq üzləşdikləri sabit ödəniş yüküdür.
Bakı üzrə əvvəlki hesablamalarda minimum aylıq əməkhaqqı 400 manat götürüldükdə, taksi fəaliyyəti ilə bağlı sadələşdirilmiş vergi 18 manat, sosial sığorta haqqı 48 manat, icbari tibbi sığorta haqqı isə 16 manat təşkil edirdi. Beləliklə, ümumi məbləğ 82 manat olurdu.
Burada bir məqamı dəqiqləşdirmək vacibdir: 82 manatın hamısı vergi deyil. Bunun 18 manatı sadələşdirilmiş vergi, qalan hissəsi sosial və tibbi sığorta ödənişləridir. 2026-cı il üzrə konkret öhdəliklər qüvvədə olan dərəcələr və sürücünün statusu əsasında Dövlət Vergi Xidmətindən təsdiqlənməlidir.
Sürücülərin narazılığı xüsusilə avtomobilin təmirdə olduğu, sifarişlərin azaldığı və ya sürücünün müəyyən müddət işləmədiyi hallarda özünü göstərir. Faktiki gəliri olmayan şəxsin də sabit ödənişlərlə üzləşməsi onun dolanışığını çətinləşdirir...
Həll yolu:
Dövlət Vergi Xidməti və aidiyyəti qurumlar fəaliyyətini müvəqqəti dayandıran fərdi sahibkarlar üçün sadə elektron dayandırma mexanizmini təmin etməli, sosial sığorta və digər ödənişlərin faktiki fəaliyyətlə əlaqələndirilməsi imkanını nəzərdən keçirməlidir. Sürücü işləmədiyi müddətdə hansı ödənişlərin saxlanıldığı və hansılarının dayandırıldığı aydın izah edilməlidir.
Hər sürücü reysqabağı müayinəni mütləq Beynəlxalq Avtovağzalda almalı deyil...
3. Beynəlxalq Avtovağzalda texniki müayinə adı ilə aylıq 20 manat alınması...
Sürücülərin iddialarına görə, Bakı Beynəlxalq Avtovağzalının ərazisində hər ay 20 manat texniki müayinə pulu tələb olunur. Lakin bəzi sürücülər avtomobilin real texniki yoxlamadan keçirilmədiyini, xüsusi baxış bokslarının və lazımi xidmətin olmadığını bildirirlər.
Bu məsələ araşdırılmalıdır, çünki qanunvericilikdə iki ayrı prosedur mövcuddur: dövlət texniki baxışı və taksi avtomobilinin reysqabağı texniki müayinəsi.
Dövlət texniki baxışı qanunla müəyyən edilmiş dövriliklə həyata keçirilir. Reysqabağı müayinə isə avtomobilin hər reysdən əvvəl texniki vəziyyətinin yoxlanılması ilə bağlı daşıyıcının öhdəliyidir. Bu iki proseduru eyniləşdirmək olmaz.
Reysqabağı müayinə xidmətinin müqavilə əsasında başqa müvafiq müəssisədən alınması da mümkündür. Deməli, hər sürücünün mütləq Avtovağzalda xidmət almalı olması ayrıca hüquqi əsas tələb edir...
Həll yolu:
AYNA və Beynəlxalq Avtovağzal rəhbərliyi aylıq 20 manatın hansı xidmətə görə tutulduğunu, ödənişi alan müəssisənin kimliyini, müqaviləni və xidmətin faktiki məzmununu açıqlamalıdır. Sürücülərə alternativ texniki müayinə müəssisəsi seçmək imkanı yaradılmalıdır. Xidmət göstərilmədən məcburi ödəniş alınması təsdiqlənərsə, məsələ aidiyyəti nəzarət qurumları tərəfindən araşdırılmalıdır.
4. Taksi platformalarının yüksək komissiyaları...
Sürücülərin mühüm şikayətlərindən biri “Bolt”, “Yango” və digər sifariş platformalarının gedişhaqqından tutduğu komissiyalardır.
Məsələn, platformanın komissiyası 20 faiz olduqda, sərnişinin ödədiyi 100 manatın 20 manatı platformaya, 80 manatı isə sürücüyə qalır. Həmin 80 manatdan yanacaq, avtomobilin təmiri, amortizasiya və digər xərclər də ödənilməlidir.
Beləliklə, sürücünün gün ərzində əldə etdiyi ümumi məbləğ onun real qazancını əks etdirmir.
Platformaların komissiya tutması özlüyündə qanunsuz deyil. Lakin müqavilə şərtləri, komissiyanın hesablanması, əlavə tutulmalar və ödənişlərin vaxtında verilməsi şəffaf olmalıdır.
Həll yolu:
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi platformaların fəaliyyətində rəqabət və müqavilə qaydalarına əməl olunmasını araşdırmalıdır. Sürücüyə hər sifariş üzrə ümumi məbləğ, komissiya, bonus, cərimə və digər tutulmalar ayrıca göstərilməlidir. Əsassız tutulmalara və ödənişlərin saxlanılmasına qarşı şikayət mexanizmi yaradılmalıdır.
5. Sifariş qiymətlərinin aşağı, gündəlik xərclərin isə yüksək olması...
Sürücülərin narazılığının digər səbəbi sifariş qiymətlərinin yanacaq, təmir və avtomobilin saxlanılması xərclərinə uyğun gəlməməsidir. Taksi xidmətlərinin qiymətləri hazırda dövlət tərəfindən vahid tariflə tənzimlənmir. Qiymətlər əsasən bazar və platformaların tarif siyasəti əsasında formalaşır. Lakin sürücünün qazancını qiymətləndirərkən yalnız sərnişinin ödədiyi məbləğ deyil, sifarişə gedilən məsafə, boş yürüş, yanacaq, komissiya və avtomobilin amortizasiyası da nəzərə alınmalıdır...
Həll yolu:
AYNA və İqtisadiyyat Nazirliyi taksi bazarında real iqtisadi araşdırma aparmalıdır. Bir kilometrə düşən yanacaq və təmir xərcləri, platforma komissiyaları və sürücünün xalis saatlıq gəliri hesablanmalıdır. Nəticələr əsasında platformalarla sürücülər arasında daha şəffaf tarif və komissiya mexanizminin formalaşdırılması təşviq edilməlidir...
6. Taksi avtomobilləri üçün 25 minlik kvota və yeni fəaliyyətə başlamaq çətinliyi...
Bakıda taksi minik avtomobilləri üçün buraxılış kartlarının sayına 25 minlik məhdudiyyət tətbiq edilməsi də sürücülərin narazılığına səbəb olub.
Kvota qanunvericiliklə nəzərdə tutulan tənzimləmə vasitəsidir. Məqsəd taksi avtomobillərinin sayını idarə etmək və şəhər nəqliyyatına düşən yükü azaltmaqdır. Ancaq onun tətbiqində şəffaflıq və bərabər imkanlar qorunmalıdır.
Mövcud sürücülər üçün xüsusilə vacib məsələ avtomobilin dəyişdirilməsi zamanı kvotaya görə əlavə maneə yaranmamasıdır...
Həll yolu:
AYNA kvota üzrə boş yerlərin sayını, növbənin vəziyyətini, müraciətlərin tarixini və imtina səbəblərini elektron qaydada açıqlamalıdır. Mövcud avtomobilini yeniləyən sürücülər üçün ayrıca əvəzləmə proseduru yaradılması məqsədəuyğundur.
I hissə üzrə nəticə:
Taksi sürücülərinin dolanışığına ən çox təsir edən məsələlər vergi və sığorta yükü, platforma komissiyaları, aşağı sifariş qiymətləri, avtomobilin dəyişdirilməsi zamanı yaranan maneələr və texniki müayinə adı ilə alınan ödənişlərdir.
Bu problemlərin həlli üçün sürücülərdən təhlükəsizlik tələblərinə əməl etmək tələb olunduğu kimi, dövlət qurumlarından və özəl platformalardan da şəffaflıq, qanunçuluq və iqtisadi əsaslandırma tələb edilməlidir...
(Davamı var)
Növbəti hissədə taksi sürücülərinin kvota və qeydiyyat növbələrində yaranan problemlər, fərqlənmə nişanının alınması ilə bağlı narazılıqlar, taksi dayanacaqlarının və sərnişin mindirmə yerlərinin çatışmazlığı, sürücülərin platformalar tərəfindən bloklanması, videokamera, POS-terminal və digər texniki tələblər və s. şikayətlər və onların mümkün həll yollarından bəhs edəcəyik....
Qeyd:
Materialda adları çəkilən qurumlar, həmçinin taksi sürücülərinin özlərinin şərhlərini dinləməyə və uyğun olduğu halda təqdim etməyə hazırıq.
Hazırladı:
Sultan Laçın

