"Meta" 1,4 trilyon dollar cərimələnə bilər - "Instagram" rəhbəri ittihamları rədd etdi
27-08-2026, 15:24

"Instagram"ın rəhbəri Adam Mosseri ABŞ-da 29 ştatın "Meta"ya qarşı qaldırdığı məhkəmə işində şirkətin gənclərdə asılılıq yaradan məhsullar hazırladığı və onların psixi sağlamlığına zərər vurduğu barədə ittihamları rədd edib.
"The Guardian"ın məlumatına görə, Mosseri Kaliforniya ştatında federal məhkəmədə keçirilən prosesdə ifadə verib.
İşdə "Meta"nın məhsullarını gənclərdə asılılıq yaradacaq şəkildə hazırladığı və bunun narahatlıq, depressiya, hətta intihar halları da daxil olmaqla psixi sağlamlıq problemlərinə səbəb olduğu iddiaları araşdırılır.
Mosseri həmçinin şirkətin mənfi məlumatları ictimaiyyətdən gizlətdiyi barədə ittihamlara cavab verib. O, bu iddiaları rədd edərək bildirib: "Komandamı hər hansı bir şeyi gizlətməyə təşviq etməyə çalışmıram".
"Instagram"ın gənclər üçün nəzərdə tutulan təhlükəsizlik funksiyalarından istifadə səviyyəsinin aşağı olduğunu göstərən məlumatların niyə ictimaiyyətə açıqlanmadığı barədə sualı cavablandıran Mosseri deyib ki, şirkət bütün statistik göstəriciləri dərc etmir.
ABŞ-da uşaqların psixi sağlamlığına zərər vurmaqda ittiham olunan "Meta"ya qarşı məhkəmə prosesi davam edir. Şirkətin keçmiş əməkdaşlarından biri daha əvvəl "Meta"nın uşaqların təhlükəsizliyindən çox maliyyə maraqlarını prioritetləşdirdiyini iddia etmişdi.
Həftələrlə davam edəcəyi gözlənilən məhkəmə prosesində yüksək vəzifəli rəhbərlərlə yanaşı, hazırkı və keçmiş əməkdaşlar, eləcə də psixologiya üzrə mütəxəssislərin ifadə verməsi gözlənilir.
Məhkəmədə "Meta"ya qarşı iddia qaldıran 29 ştatdan Kaliforniya, Kolorado, Kentukki və Nyu-Cersi ştatlarının qanunvericiliyinə, digər ştatların isə federal qanunvericiliyə əsaslanan iddiaları və şirkətin müdafiəsi araşdırılacaq. Qalan 25 ştatın "dizayn" və asılılıqla bağlı ittihamları isə daha sonra ayrıca dinləmələrdə nəzərdən keçiriləcək.
Münsiflər heyətinin yalnız məsləhətçi rolunda çıxış edəcəyi məhkəmədə "Meta"nın məsuliyyət daşıyıb-daşımadığı və tətbiq ediləcək cəza və ya sanksiyalarla bağlı yekun qərarı hakim İvon Qonsales Rocers verəcək.
Məhkəmə işinin nəticəsinin digər ştatlarda davam edən proseslərə təsir göstərə biləcəyi, "Facebook" və "Instagram"ın fəaliyyət prinsiplərinin dəyişdirilməsinə səbəb ola biləcəyi və "Meta"nı milyardlarla dollar məbləğində cərimə ödəməyə məcbur edə biləcəyi bildirilir.
"Meta"nın açıqlamasına görə, şirkət məhkəməni uduzacağı təqdirdə 1,4 trilyon dollara qədər cərimə ilə üzləşə bilər. Bu məbləğin şirkətin bazar dəyərinə yaxın olduğu və hüquq tarixində misli görünməmiş həcmdə cərimə sayıla biləcəyi qeyd edilir.

