Çünki bəzən insanı yoran şey ancaq əziyyət olmur. Rahatlıq da yorucu ola bilir.

14-09-2026, 00:05           
Çünki bəzən insanı yoran şey ancaq əziyyət olmur. Rahatlıq da yorucu ola bilir.
Bir neçə ay bundan əvvəl paltaryuyan maşınım xarab oldu. Bir müddət dayanıb maşının susmuş səsinə baxdım. Elə bil evdə kimsə qəfil ölmüşdü.
Yenisini alana qədər məcbur qalıb paltarları əlimlə yumağa başladım. Əvvəl bunu müvəqqəti əziyyət kimi qəbul edirdim. Maşın alınacaq, həyat yenə əvvəlki rahat ritminə qayıdacaq.
Amma qəribə bir şey baş verdi.
Əlimlə paltar yumaq mənə yaxşı təsir etməyə başladı və mən əlavə kreditə girməyi lazım bilmədim.
Yay aylarında paltar onsuz da tez-tez yuyulur. Evdə iki uşaq varsa, bu, demək olar, gündəlik rituala çevrilir. Su, sabun, yuyucu toz islatmaq, sürtmək, yaxalamaq, sıxmaq, sərmək...
Bir müddət sonra hiss etdim ki, qollarım dəyişib. Bədənimdə yüngüllük yaranıb. Üç ayın sonunda çəkidən təxminən dörd kilo gedib. Qollarımdakı artıq yağ da xeyli azalıb.
Əlbəttə, bunu elmi şəkildə “paltar yumaqla arıqladım” nəticəsinə çevirmək olmaz. Amma mənim üçün maraqlı olan başqa şeydir.
Biz texnologiya ilə nə qazandıq və əvəzində nəyi itirdik?
Paltaryuyan maşın bizə vaxt qazandırdı. Əlimizi sudan, sabundan, yorğunluqdan xilas etdi. Çox gözəl.
Amma həmin vaxtın və fiziki hərəkətin bədənimizdəki payını da azaltdı.
Bir vaxtlar evin işi elə həyatın özünün fiziki məşqi idi.
Səhər həyəti süpürmək, su daşımaq, paltar yumaq, xalça çırpmaq, bazardan torba ilə qayıtmaq, pilləkənlərlə qalxmaq, uşağın dalınca qaçmaq...
İndi bunların bir çoxunu düymələr edir.
Paltaryuyan maşın yuyur.
Qabyuyan maşın qabları yuyur.
Robot tozsoran evi süpürür.
Lift bizi mərtəbəyə çıxarır.
Maşın bizi yolun bir ucundan o biri ucuna aparır.
Onlayn mağaza alış-verişi qapımıza gətirir.
Bəs bədənimiz gündəlik həyatın içində özünə lazım olan hərəkəti haradan tapsın?
Mən texnologiyaya qarşı deyiləm. Əksinə, onun insan həyatını necə dəyişdirdiyini çox yaxşı başa düşürəm. Bir düymə ilə saatlarla çəkəcək işi görmək böyük nemətdir. Xüsusən də yaşlı, xəstə və fiziki məhdudiyyəti olan insanlar üçün məişət texnologiyaları sadəcə rahatlıq yox, azadlıqdır.
Məsələ texnologiyada deyil.
Məsələ ondadır ki, rahatlığın həyatımızdan hansı təbii hərəkətləri oğurladığını artıq hiss etmirik.
Bəlkə də ona görə bu gün idman etmək üçün ayrıca vaxt ayırmalı oluruq.
Bir az gülməlidir, əslində.
Əvvəllər həyat özü bizi hərəkət etdirirdi. İndi isə hərəkət etmək üçün ayrıca həyat planlaşdırırıq. İdman zalında həmin hərəkətləri pulla geri almağa çalışırıq.
Bu, bir az paradoksal deyilmi?
Biz əziyyətdən xilas olduq, amma hərəkəti yenidən həyatımıza qaytarmaq üçün əziyyət çəkməyə başladıq.
Etiraf edək ki, bədənimizin gündəlik həyatla etdiyi məşqi də itirmişik.
Bəlkə də 80–90-cı illərin insanları buna görə daha çox hərəkətdə idi. O vaxt həyat indiki qədər sürətli deyildi, amma daha fiziki idi.
Mənim paltaryuyan maşınım xarab olmasaydı, bunu yəqin ki, heç düşünməyəcəkdim.
Bəzən bir texniki nasazlıq insanı bir az keçmişə qaytarır. Və birdən anlayırsan ki, biz əslində yalnız paltarı deyil, həyatımızın bir hissəsini də maşınlara vermişik.
İndi isə o həyatın içindən itən hərəkəti geri almaq üçün fitnesə, idmana, addım sayğacına, trenajora ehtiyac duyuruq.
Bəlkə gələcəyin ən böyük lüksü texnologiyanın daha da çox iş görməsi yox, insanın öz bədəninə aid bəzi sadə işləri yenidən özü etməsi olacaq.
Çünki bəzən insanı yoran şey ancaq əziyyət olmur. Rahatlıq da yorucu ola bilir.
Gunel Musa












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]