İşindən ayrılıb qaraja köçdü, “Amazon”u qurdu - Bezosun uğur hekayəsi

13-09-2026, 11:38           
İşindən ayrılıb qaraja köçdü, “Amazon”u qurdu - Bezosun uğur hekayəsi
Dünyanın ən böyük e-ticarət platformalarından birini qarajda quraraq qlobal texnologiya imperiyasına çevirən Cef Bezosun hekayəsi risk etməkdən, gələcəyi hamıdan əvvəl görməkdən və böyük ideyaların arxasınca getməkdən qorxmamağın nümunəsidir. Amerikalı sahibkar Cef Bezos şirkətinin qurucusu olmaqla yanaşı, “Washington Post” qəzetinin sahibi və kosmik səyahəti daha əlçatan etməyi qarşısına məqsəd qoyan “Blue Origin” şirkətinin qurucusudur.

Bezos hansı işlə məşğul olursa-olsun, həmişə müştərinin ehtiyaclarını ön planda tutmağa və alış-verişi mümkün qədər asan və əlçatan etməyə çalışdı. Bu yanaşma onun həm həyatına, həm də biznes fəaliyyətinə istiqamət verdi. Uğurlu iş adamı gördüyü hər işdə insanlara toxunmağı bacardı.

Lakin Bezosun şəxsiyyəti haqqında onunla işləyənlər fərqli fikirlər söyləyirdilər. Çalışanları onu ikili xarakterə malik bir insan kimi təsvir edirdilər. Onların sözlərinə görə, Bezos bir neçə saniyə ərzində mərhəmətli və anlayışlı insandan sərt və kobud rəhbərə çevrilə bilirdi.

O, qeyri-adi dərəcədə iddialı insan idi. Cef Bezos müasir texnologiyanın imkanlarını təsəvvür edilən sərhədlərdən daha da uzağa aparmağa çalışdı və bu məqsədindən bu gün də əl çəkməyib.

Cef Bezos 12 yanvar 1964-cü ildə ABŞ-ın Nyu-Meksiko ştatının Albukerke şəhərində anadan olub. Onun kompüterlərə olan marağı hələ çox erkən yaşlarında başladı. Müxtəlif elmi mövzulara böyük maraq göstərən Bezos eyni zamanda uşaqlıqdan qeyri-adi mexaniki bacarıqları ilə seçilirdi.

Uşaq vaxtı kiçik qardaşlarını otağından uzaq saxlamaq üçün elektrik siqnalizasiya sistemi hazırlamışdı. Ailəsi isə onun elmi layihələrinə olan marağını gördükdən sonra evdəki əşyaların bir hissəsini qaraja köçürməsinə icazə verdi. Bezos qarajı öz kiçik laboratoriyasına çevirdi və burada müxtəlif elmi layihələr üzərində işləməyə başladı.

Gənclik illərində Bezos əvvəlcə Princeton Universitetində fizika oxumaq istəyirdi. Lakin kompüterlərə olan sevgisi onu başqa istiqamətə apardı. Nəticədə Princeton Universitetini kompüter elmləri və elektrik mühəndisliyi üzrə bakalavr dərəcəsi ilə bitirdi.

Universitetdən məzun olduqdan sonra isə “Wall Street”ə üz tutdu və bir neçə maliyyə şirkətində çalışmağa başladı. Beləliklə, Bezos maliyyə dünyasına daxil oldu. O, daha sonra investisiya şirkəti olan “D. E. Shaw”da işləməyə başladı. 1990-cı ildə şirkətin tarixindəki ən gənc baş vitse-prezident oldu. Məhz bu şirkətdə gələcək həyat yoldaşı, Princeton məzunu Makkenzi ilə tanış oldu və onlar 1993-cü ildə evləndilər.

“D. E. Shaw”da işlədiyi dövrdə Cef Bezosun həyatını və bütövlükdə internet tarixinin istiqamətini dəyişdirəcək bir məlumatla qarşılaşdı. Bezos şirkət üçün yeni biznes imkanları axtararkən internetdə gəzirdi.

Həmin vaxt “World Wide Web”in ayda 2 300 faiz böyüdüyünü göstərən bir statistika ilə qarşılaşdı. Bu rəqəm onun diqqətini dərhal çəkdi. Bezos internet üzərindən məhsul satmağın böyük potensialını gördü. O, ənənəvi biznesdən fərqli olaraq internetin gələcəkdə nəhəng bir alış-veriş məkanına çevrilə biləcəyini düşündü.

Şirkət isə onu bu fikirdən daşındırmağa çalışırdı. “D. E. Shaw” rəhbərliyi Bezosu parkda uzun gəzintiyə çıxaraq şirkətdə qalmağa razı salmağa çalışdı. Lakin Bezos risk etməyi seçdi. O, heç cəhd etməyib peşman olmaqdansa, cəhd edib uğursuz olmağı üstün tutdu. Bu qərar onun həyatının ən mühüm dönüş nöqtələrindən biri oldu.

1994-cü ildə Bezos “D. E. Shaw”dakı işindən ayrıldı və internet dünyasına daxil olmaq qərarına gəldi. O, onlayn kitab mağazası yaratmaq üçün Seatl şəhərinə köçdü. Əvvəlcə internet vasitəsilə sata biləcəyi məhsulların siyahısını hazırladı. Kitablarla yanaşı CD-lər, proqram təminatı və kompüter avadanlıqları da bu siyahıda idi. Həmin dövrdə internet mağazalarının başqa bir üstünlüyü də var idi. ABŞ Ali Məhkəməsinin qərarına əsasən, fiziki mağazası olmayan poçt sifarişləri müəyyən hallarda satış vergisindən azad idi. Bu isə Bezosun internet üzərindən satdığı məhsullarda böyük üstünlük əldə etməsinə imkan verirdi. Bezos ailəsindən və dostlarından pul toplayaraq biznesinə təxminən 1 milyon dollar sərmayə cəlb etdi. İşini Seatldakı evinin qarajında qurmağa başladı.

16 iyul 1995-ci ildə isə uzun və məşhur Cənubi Amerika çayının adını daşıyan “Amazon.com” fəaliyyətə başladı. Əvvəlcə əsas diqqət kitab satışına yönəlmişdi. Lakin Bezos bununla kifayətlənmədi. 1998-ci ildən etibarən CD və kitab satışından sonra “Amazon” geyim, elektronika, oyuncaq və bir çox başqa məhsul kateqoriyalarına daxil olmağa başladı. 1990-cı illərin sonunda bir çox internet şirkəti - dot-com şirkətləri - çökərkən “Amazon” inkişaf etməyə davam etdi. Şirkətin illik satışları 1995-ci ildəki 510 min dollardan 2011-ci ildə 17 milyard dollardan çox səviyyəyə yüksəldi. “Amazon” artıq sadəcə kitab satan kiçik bir internet mağazası deyildi. Bezosun yaratdığı şirkət getdikcə böyük bir texnologiya və e-ticarət imperiyasına çevrilirdi.

2006-cı ildə “Amazon” tələb üzrə video xidmətini istifadəyə verdi. Xidmət əvvəlcə TiVo-da “Unbox” adı ilə tanınırdı və daha sonra “Amazon Video Direct” kimi yenidən adlandırıldı. 2007-ci ildə isə şirkət “Kindle” elektron kitab oxuyucusunu təqdim etdi. Bu cihaz istifadəçilərə kitab seçmək, almaq, yükləmək, oxumaq və kitablarını bir yerdə saxlamaq imkanı verirdi. Beləliklə, “Amazon” tədricən yalnız e-ticarət şirkəti olmaqdan çıxdı və texnologiyanın müxtəlif sahələrinə daxil olmağa başladı.

Lakin Cef Bezos üçün “Amazon” da son məqsəd deyildi. Onun daha böyük və uzunmüddətli arzularından biri həmişə kosmos olmuşdu. İnternet dünyasının ən tanınmış sahibkarlarından birinə çevrildikdən sonra Bezos diqqətini kosmosa yönəltdi.

2004-cü ildə “Blue Origin” adlı kosmik şirkəti qurdu. Onun əsas məqsədi kosmik uçuşlar üçün yeni texnologiyalar yaratmaq və gələcəkdə kosmosda daimi insan varlığını mümkün etmək idi.

Şirkət Seatl şəhərinin yaxınlığında böyük tədqiqat kampusu və Qərbi Texasda xüsusi raket buraxılış kompleksi yaratdı. Bezosun xəyalı sadəcə kosmosa getmək deyildi; o, kosmik səyahəti daha əlçatan etmək və insanların gələcəkdə kosmosda yaşaya biləcəyi bir dünya yaratmaq istəyirdi.

Cef Bezosun fəaliyyəti bununla da bitmədi. 5 avqust 2013-cü ildə o, “Washington Post” qəzetini və onun ana şirkəti olan “Washington Post Co.”-nun digər nəşrlərini 250 milyon dollara satın aldı. Həmin ilin sonunda Bezos “Amazon” vasitəsilə müştərilərə çatdırılmanı dəyişdirə biləcək yeni bir ideyanı da təqdim etdi. “Amazon Prime Air” adlandırılan eksperimental layihədə məhsulların dronlar vasitəsilə müştərilərə çatdırılması nəzərdə tutulurdu. Bu dronların müəyyən məsafəyə qədər məhsul daşıması və “Amazon”un paylama mərkəzlərindən təxminən 10 mil uzaqlığa qədər uçması planlaşdırılırdı. Bu yeni təşəbbüslərlə yanaşı, smartfonlar, televiziya serialları, bulud yaddaşı, hava nəqliyyatı texnologiyaları və sosial paylaşım xidmətləri kimi müxtəlif sahələr də “Amazon”un fəaliyyət dairəsini genişləndirdi.

Beləliklə, Bezosun yaratdığı şirkət artıq yalnız dünyanın ən böyük e-ticarət platformalarından biri deyil, həm də dünyanın aparıcı texnologiya şirkətlərindən birinə çevrilmişdi.

Cef Bezosun hekayəsi sadəcə “Amazon”un necə qurulduğundan ibarət deyil. Bu, gələcəyi başqalarından daha tez görməyə çalışan bir insanın hekayəsidir. O, internetin hələ yeni olduğu bir dövrdə onun gələcəyini gördü, təhlükəsiz və rahat seçimdən imtina edərək risk etdi və qarajda başlayan kiçik biznesi dünyanın ən böyük şirkətlərindən birinə çevirdi. Daha sonra isə e-ticarətlə kifayətlənməyərək kosmosa, mediaya və yeni texnologiyalara yönəldi. 2017-ci ilin iyulunda Jeff Bezos

Microsoft-un qurucusu Bill Qeytsi keçərək dünyanın ən varlı insanı oldu.

Onun hekayəsi ambisiyanın, uzaqgörənliyin və yaradıcılığın insanı nə qədər uzağa apara biləcəyini göstərir. Eyni zamanda Bezosun sərt və mübahisəli rəhbərlik tərzi onun uğur hekayəsinin daha mürəkkəb tərəfini də ortaya qoyur.

Bütün bunlara baxmayaraq, Cef Bezosun hekayəsi bir şeyi açıq şəkildə göstərir: bəzən böyük dəyişikliklər yalnız böyük bir ideyadan deyil, başqalarının risk etməyə qorxduğu anda verilən bir qərardan başlayır.

Nəzrin Gəncəliyeva












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]