KOD ADI SPARTAK! DTK agentura şəbəkəsinin daxili strukturu II YAZI
13-09-2026, 09:04

DTK-nın agentura şəbəkəsi həqiqətən də tarix, siyasət və kəşfiyyat nöqteyi-nəzərindən olduqca geniş, mürəkkəb və maraqlı bir mövzudur. Bu şəbəkə Sovet İttifaqı dövründə həm ölkə daxilində cəmiyyətə nəzarət etmək, həm də xaricdə casusluq fəaliyyətlərini həyata keçirmək üçün inanılmaz dərəcədə böyük bir miqyasa malik idi. Agentlər növlərinə və işə cəlb edilməsi qaydalarına görə bir-birindən kəskin şəkildə fərqlənirdilər. Onları fəaliyyətlərinin xarakterinə görə belə adlandırırdılar: informatorlar, rezidentlər və etibarlı şəxslər. Agentlərin əməkdaşlığa cəlb edilməsi də əsasən üç istiqamətdə gerçəkləşdirilirdi: şantaj, ideologiya, mənsəb və maddi maraqlar... Bir də “təsir agenti” deyilən bir termin var. Mənim nöqteyi-nəzərimcə, bir siyasi hərəkat üçün ən böyük təhlükə elə bu təsir agentləri olub...
Oxucunun məsələnin mahiyyətini anlaması üçün gələcəkdə kitab şəklində dərc etməyi düşündüyüm arxivimdəki bədii-detektiv və siyasi-publisistik üslubdakı yazılarımdan üç kinematoqrafik variant təklif edirəm. Bu variantlara xüsusi diqqət edin:
VARIANT — 1 (Telefon dinləməsi və texniki nəzarət ab-havası)
Yarımqaranlıq, pəncərəsiz kiçik bir otaq... Divarlar səsi boğmaq üçün xüsusi örtüklə üzlənib. Stolun üzərində böyük, lentli sovet maqnitofonunun makaraları ağır-ağır fırlanır. Qulaqlıqlı rabitəçi zabit hərbi dənizçi kimi diqqətlə səsə qulaq asır. Cızıltılı lentdən bir gəncin həyəcanlı səsi gəlir: “Rəsul bəy, mitinqin vaxtını dəyişdik. Bu haqda digər zavodlara və tələbələrə məlumat çatdırın. Hökumətin gözləmədiyi vaxtda — Ali Sovetdə sessiya keçirilən saatda meydana çıxacağıq...”
Zabit dərhal önündəki dəftərdə qeydlər aparır. Vərəqin başına yazır: “Obyekt “Tribun” telefonla danışdı...” Və olub-bitənləri dəftərə qeyd edir. Gördüyünüz kimi, real ad yoxdur, sistem hədəf aldığı adamın səsini belə şifrələyirdi...
Üç gün sonra “Tribun” öz fəhlə yoldaşları və tələbələrlə birlikdə meydana çıxanda, hökumət qüvvələri — milis, DTK-nın xüsusi təyinatlıları və Sovet Ordusunun daxili qoşunları Parlament binasına gedən yolda onların qarşısını kəsdi. “Tribun” əsəbiləşmişdi, hirsindən dişi ilə dodağını gəmirirdi: “Axı bunlar haradan bildi ki, biz bu saatda meydana çıxacağıq? Hər şeyi elə gizlin planlamışdıq ki... Bizi kimsə satıb!” — dodaqaltı mırıldansa da, onun yanından heç əskik olmayan “Seyid” ləqəbli şəxs bu sözləri eşitdi.
Plan tıkır-tıkır işləyirdi. “Seyid” DTK-dan aldığı təlimat üzrə həlledici zərbəni endirir:
— Ay Nemət, məni qınama, bu Rəsuldan şübhələnirəm. Sən ona mitinqin planı haqda nəsə demişdin?
“Tribun” başını bulayaraq təsdiq etdi: “Əclaf bizi satıb!”
DTK tərəfindən hədəfə götürülən “Tribun” haqqında açılmış iş qovluğunda onu xarakterizə edən ən mühüm üç cümlə: “Analiz və təhlil qabiliyyəti çox aşağı səviyyədədir. Olduqca şübhəçidir, hər şeyə şübhə ilə yanaşır. Şübhələndiyi şəxs artıq onun üçün bir xaindir, satqındır...”
Aradan 40 ilə yaxın vaxt keçsə də, “Tribun” hələ də elə bilir ki, həmin mitinq barədə məlumatları DTK-ya Rəsul adlı şəxs çatdırıb. Halbuki onun danışığı dinlənilmiş, sonra o, agent “Seyid” tərəfindən yönləndirilərək Rəsul haqqında satqın imici formalaşdırılmışdı. Beləliklə, “Tribun” konkret bu məsələdə “təsir agenti” rolunu oynamışdı. O, özü bunu bilməsə belə, yenə də vicdani məsuliyyət daşıyır.
QEYD: “Tribun”un digər şəxslər haqqında şübhəçiliyi ilə bağlı ayrıca bir yazı ilə ətraflı bəhs edəcəyik.
VARIANT — 2 (Mərkəzi Kartoteka — 10-cu Şöbənin təsviri)
Divarları yerdən tavana qədər kiçik taxta qutularla dolu nəhəng bir arxiv otağı. Minlərlə, on minlərlə kiçik kartoçka. Bu, DTK-nın “beyni” sayılan 10-cu şöbədir. Arxivçi qadın uzun barmaqları ilə kartları sürətlə vərəqləyir. Yeddi nəfərdən ibarət araşdırıcı briqada ona yardım edir. Üç günlük gərgin axtarışdan sonra nəhayət ki, axtarılan kart tapılır. Axtarış qrupunun təcrübəli qadın əməkdaşı ona yaxınlaşıb: “Yoldaş mayor, bu olmalıdır,” — deyir. Mayor kartı alıb diqqətlə baxır. Bəli, həmin koddur. Amma kartın küncündə göbəkvari yaşıl bir möhür var. Bu o deməkdir ki, bu adam haqqında nəsə axtarmaq, onun işini qurdalamaq qətiyyən olmaz — o, digər məxfi şöbənin toxunulmaz agentidir, məlumatı istəyən şöbə onu tanımamalıdır. Yəni “sağ əlin sol əldən gizlətdiyi sirr” bu kiçik taxta qutularda yatırdı...
***
Sülhəddin Əkbər bir müddət öncə “Azadlıq” radiosuna sensasiyalı bir müsahibə vermişdi. Onun iddiasına görə, AXC iqtidarının bəzi yüksək vəzifə tutan kadrları sabiq DTK-nın agenti olubmuşlar. Guya o, bu məlumatları dövrün prezidenti Elçibəyə çatdırıbmış, ancaq Prezident Elçibəy məlumatların geniş ictimaiyyətə açıqlanmasının qarşısını alıb. Sülhəddin ad çəkməsə də, Elçibəyə təqdim etdiyi çoxsaylı agentlərin siyahısında İsa Qənbərlə Pənah Hüseynin adının olduğu təəssüratını yaradır; yəni dövlətin ikinci və üçüncü şəxsi agent olubmuşlar.
Mən yuxarıdakı xəyali postulatı qurmaqla istənilən agentin müəyyən olunmasının nə dərəcədə qəliz bir prosedur olduğu haqda oxucuda təəssürat formalaşdırmaq istəmişəm. Təsəvvür edin: böyük bir professional komanda bir agentin “iş qovluğu”nu axtarır, uzun axtarışdan sonra qovluğun yerini göstərən kartı tapırlar, amma kartın üstündə “yaşıl möhür” var; yəni o möhür Sülhəddinin qarşısında keçilməz baryerdir.
İstənilən agentin müəyyən olunması üçün bundan daha qəliz prosedurlar var. Yəni tapılan kartın üzərində bəhs olunan möhür olmasa belə, axtarışın növbəti, daha çətin mərhələsi başlayır. Sülhəddinin dediyindən isə o bəlli olur ki, kimisə çağırıb göstəriş verib və qısa müddət sonra onlarca adamın agent olduğunu sübut edən sənədlər qovluğu artıq onun iş masasının üzərində imiş. Bax, burada adamı acı bir gülmək tutur.
VARIANT — 3 (Moskvaya arxiv daşınması — təxliyə anı)
1990-cı ilin soyuq yanvar gecəsi. Bir neçə saat sonra əliqanlı Sovet Ordusu şəhərə girəcək. Gərginlik son həddə çatıb. Bakının mərkəzində, DTK binasının daxili həyətində hərbi yük maşınlarının mühərrikləri boğuq şəkildə işləyir. Əsgərlər tələsik, amma heç bir səs salmadan dəmir zirehli qutuları maşınlara yükləyirlər. O qutuların içində Azərbaycanın son 70 illik intellektual elitasının, Xalq Hərəkatı liderlərinin taleyi, ittihamları, onlardan bəzilərinin haqqında yazılan “donos”lar, bəzilərinin isə öz yoldaşları haqqında yazdığı “donos”lar yatır. Bir neçə saatdan sonra bu maşınlar hərbi aerodroma, oradan isə Moskvaya uçacaq. Və bu gizli qovluqlar həmişəlik olaraq Lubyankanın arxivlərində gizlədiləcək. Bu gün efirdə asanlıqla ad çəkib “filankəs agentdir” deyənlərin heç vaxt açılmayacaq qovluqları bax o gecə göylərə sovrulurdu...
DTK-nın xəbis niyyətli başçısı Vaqif Hüseynov SSRİ DTK sədrinin 1-ci müavini Filipp Bobkovla yanaşı durub bütün bu proseduru izləyirdi. Onlardan təxminən 2-3 addım aralıda bir qrup yüksək çinli DTK zabiti dayanmışdı. Hüseynov geri dönmədən ortalığa dedi:
— Nəzərdə tutulan hər şey yükləndi, yaddan çıxan bir şey qalmadı?
Hamı sakitcə durmuşdu, sanki cavab verməyə ehtiyat edirdilər. 5-ci şöbənin rəisi polkovnik Vladimir Mirzoyev nəhayət ki, dilləndi:
— Bəli, yoldaş sədr, hər şey plan üzrə gedir.
— Bəs digər işlər? Tapşırdığım məsələləri həll etdinizmi?
— Hər şey həll olundu. Tapşırdığınız şəxslər haqqında lazım olan bütün sənədlər qüsursuz şəkildə tərtib olunub arxivə yerləşdirildi. Bəzi sənədlərdən çıxarışlar da tam şəkildə hazırlanıb. Əmr verdiyiniz an o sənədlər agentlərimiz vasitəsilə “Tribun” və digər maraqlı adamlara sızdırılacaq.
— Ən yuxarıdakını və ona ən yaxın olanı nə etdiniz? — Vaqif Hüseynov bu dəfə geri dönərək sərt baxışlarla Mirzoyevi süzdü.
Polkovnik bu baxışlar altında əzilsə də, özünü ələ alıb dedi:
— Yoldaş sədr, birinciyə “Uçitel”, ikinciyə də “Aspirant” ləqəbini taxdıq. Onların hədəf “dosye”sində zatən bu taxma adlardan istifadə etmişik. Bu saxta sənədlər “Tribun”a ötürülsə, elə zənn edəcək ki, həm “Uçitel”, həm də “Aspirant” agentdir və uzun illər bu məlumatları saqqız kimi çeynəyəcək.
Hüseynov məmnun halda gərnəşdi. Bahalı, isti palto geyinsə də, yanvarın sərt soyuğu iliklərinə qədər işləmişdi. Bu gərnəşməsi onun damarlarındakı qanın sürətini artırdı və bədəninə istilik yayıldı. Bundan xoşlanan DTK sədri yenidən Mirzoyevə tərəf dönüb bu dəfə təbəssümlə dedi:
— Danqalak özü də bilmədən bizim planlarımızı tam mənası ilə yerinə yetirir. — Sonra isə səsinin tonunu yüksəltdi: — Ona “Tribun” adını vermək onun üçün çox böyük şərəfdir. Xarakterinə uyğun yeni bir ad seçin!
— “Tamada” taxma adı necədir, yoldaş sədr? Onun işi zatən mitinqlərdə tamadalıq edib məclis aparmaqdır.
— Bravo, Mirzoyev! Tam hədəfə vurdunuz! — Hüseynov yumruğunu havaya qaldırıb yellədi və əlavə etdi: — “Veterinar”ı da nəzərdən qaçırmayın, ona da bəzi sənədlər sızdırarsınız. Hələ tələbə olarkən Təhməzovun xəbərçisi olub. Ona nə deyilsə, yerinə yetirəcək...
***
Hesab edirəm ki, DTK-da agentura şəbəkəsi ilə bağlı məsələnin necə mürəkkəb bir sistemə malik olduğu haqda oxucuda az da olsa təsəvvür yarada bildik. Hər yerindən duran DTK agentini müəyyən edib ortaya çıxara bilməz; hətta o adam DTK sədrinin birinci müavini olsa belə. Bu elə qəliz və mürəkkəb bir sistemdir ki, bir baryeri aşsan, digəri ilə qarşılaşacaqsan. Bu prosesi təkbaşına həll etmək isə qeyri-mümkündür. Böyük və professional bir komanda əlində siyasi hakimiyyətin rəsmi qərarı olmadan bu çətin yolu keçə bilməz.
Deməli, Sülhəddin Əkbərin guya təkbaşına bu işi görməsi diletantlıqdan başqa bir şey deyil. O, sadəcə olaraq, bir vaxtlar Vaqif Hüseynov və Vladimir Mirzoyevin birlikdə hazırladığı plan əsasında ona — yəni “Veterinar”a ötürülən saxta sənədlərə istinad edib. Onun özünün bundan xəbəri olubmu? Məncə, “Tamada”dan (“Tribun”) fərqli olaraq, “Veterinar” nə etdiyinin tam fərqində idi. Əgər “Tamada” bilmədən DTK-nın “təsir agenti” rolunu oynayıbsa, “Veterinar” tələbəlik illərindən başlayaraq onun üçün cızılan “yol xəritəsi” ilə hərəkət edib.
Oxucu haqlı olaraq sual edə bilər: mən bütün bunları haradan bilirəm? “Tribun”, “Tamada”, “Veterinar” kimi taxma adlar mənə necə bəlli olub? Tələsməyin, hər şeyə, hətta diqqət çəkməyən ən kiçik detallara belə aydınlıq gətirəcək, hər suala cevab verəcək, əldə etdiyim qaynaqları bir-bir nəzər-diqqətinizə çatdıracağam. Ancaq hər şeyə xronoloji ardıcıllıqla aydınlıq gətirilməsə, məsələ tam anlaşılmaz qalar. Odur ki, hər sualın cavabı vaxtında veriləcək. İlk növbədə, DTK-nın agentura şəbəkəsi ilə bağlı daxili struktur qaydalarını öyrənməliyik. İlk aydınlıq gətirilməli məsələ “delo” (iş) və “dosye” məsələsinin fərqidir...
“DELO” VƏ “DOSYE”NİN FƏRQİ
Rus dilində olan bu iki söz bir-birinə yaxın terminlər olsa da, istifadə olunduğu sahələr və daşıdıqları məna çalarları fərqlidir. Aralarındakı əsas fərqlər aşağıdakı kimidir:
- “Delo” sözünün əsas mənası odur ki, o, rəsmi, hüquqi və ya inzibati sənədlər toplusudur;
- “Dosye” isə müəyyən bir şəxs, hadisə və ya mövzu haqqında toplanmış sərbəst materiallardır;
- bu iki termin rəsmilik dərəcəsinə görə də fərqlənir. “Delo” çox vaxt sırf rəsmi status daşıyır (məsələn, məhkəmə və ya arxiv işi). “Dosye” isə həm rəsmi, həm də qeyri-rəsmi ola bilər. Məsələn, DTK-nın hədəfə götürdüyü dissident və digər şəxslər haqqında açdığı “dosye” tam rəsmi xarakterlidir. Ancaq bir jurnalist araşdırmasında müəyyən problem və ya o problemin hədəfi olan şəxs haqqında açılan “dosye” qeyri-rəsmi xarakter daşıyır;
- hər “delo”nun fokus nöqtəsi prosedura, hadisənin gedişatına və qanuni sənədlərə yönəlir. “Dosye” isə şəxsiyyətin bioqrafiyasına, xasiyyətinə, gizli və aşkar faktlara fokuslanır.
“Delo” hüquq və idarəçilik sistemində konkret bir hadisə ilə bağlı açılan rəsmi qovluqdur. Məsələn, “уголовное дело” (cinayət işi) və ya “личное дело агента” (agentin şəxsi işi). Hər ikisi əmrlər, ərizələr və hesabatlar olan rəsmi qovluqlardır.
“Dosye” isə daha çox kəşfiyyat, detektivlik, jurnalistika və ya biznes sahəsində istifadə olunur. Burada məqsəd hədəfə götürülən şəxs haqqında tapıla biləcek bütün xarakterik məlumatları — onun keçmişini, vərdişlərini, əlaqələrini, zəif və güclü tərəflərini bir yerə toplamaqdır. Məsələn, rus dilində belə bir ifadə var: “Собрать досье на конкурента” (rəqib haqqında dosye toplamaq).
Sabiq DTK-da da eynilə bu cür idi: həm “delo”, həm də “dosye” terminindən istifadə olunurdu və onlar tam fərqli funksiyalar daşıyırdı.
DTK KARGÜZARLIQ SİSTEMİNİN MEXANİZMİ
Sabiq DTK sistemində diqqət çəkən şəxslər haqqında toplanan materiallar ilə rəsmi agentura işləri arasında kəskin hüquqi və operativ fərqlər var idi. Təşkilatda bu işlər üçün əsasən üç cür iş qovluğu açılırdı:
1. “Liternoe delo” (“Litera işi”);
2. “Dosye” — buna “Əməliyyat-uçot işi” də deyilir və iki hissədən ibarətdir: “Delo operativnoy proverki” (DOP — Əməliyyat yoxlama işi) və ya “Delo-formulyar” (DF);
3. “Agenturnoe delo” (“Agentura işi”). Bu qovluq da iki hissədən ibarətdir: “Liçnoe delo agenta” (“Agentin şəxsi işi”) və “Raboçee delo agenta” (“Agentin işçi qovluğu”).
Bu qovluqlardakı materiallar xarakterinə və təyinatına görə bir-birindən kəskin şəkildə fərqlənirdi. Məsələn, “Litera işi”nin açılmasında hədəf müəyyən bir obyekt, siyasi təşkilat, xarici dövlət və ya kütləvi hadisə olurdu. Məqsəd müəyyən olunan sahədə (məsələn, zavod, universitet, siyasi təşkilat, hərəkat və ya xarici səfirlik) ümumi təhlükəsizlik vəziyyətini izləməkdən ibarət idi. “Litera işi”nin məzmunu obyektin planları, orada işləyən şəxslərin siyahısı, onların qısa xarakterik xüsusiyyətləri və agentura hesabatlarının surətlərindən ibarət olurdu.
Bu sənəd toplusu konkret bir şəxsə görə yox, hərfli kodlar (liter) altında müəyyən bir istiqamət və ya obyekt üçün açılırdı. Məsələn, “X xarici ölkəsinin səfirliyi”, “Dövlət Universiteti” və ya “Y hərbi zavodu” üçün ayrıca litera işi mövcud olurdu. Əgər diqqət çəkən şəxs həmin universitetdə oxuyurdusa, onun fərdi dosyesindəki məlumatların bir surəti ümumi vəziyyəti göstərmək üçün həmin universitetin litera işinə də əlavə edilirdi.
Bizim bu yazımız Azərbaycan Milli Azadlıq Hərəkatı və onun bətnindən doğulan AXC haqqında açılan “Litera işi” barədə olacaq. Yeri gəlmişkən qeyd edim ki, hər bir litera işi müəyyən kodla şifrələnirdi və bu kod adı havadan götürülmürdü; xüsusi əlamətlər nəzərə alınırdı. Məsələn, mənim araşdırmalarım nəticəsində müəyyən etdiyimə görə, AXC haqqında açılan “Litera işi”nin kod adı “Spartak” olub. Niyə bu qərara gəldiyimin səbəblərini irəlidəki yazılarımızda diqqətinizə çatdıracağam. Mümkündür ki, bu kod adında yanılım, amma bu heç də o demək deyil ki, AXC haqqında “Litera işi” açılmayıb. Bu, mümkün deyil, çünki DTK-nın iş prinsipləri bunu tələb edirdi.
“Dosye” dediyimiz “Əməliyyat-uçot işi” isə bir dissidentin, hər hansı bir ziyalının və ya şübhəli şəxsin fərdi qovluğudur. Burada hədəf konkret şəxsdir. Dosyeni açmaqda məqsəd həmin şəxsin antisovet fəaliyyətini, əgər varsa, xarici dövlətə casusluğunu sübut etmək və ya onu nəzarətdə saxlamaqdır. Dosyenin məzmunu hədəf şəxsin gizli izlənmə protokollarından, dinləmə materiallarından və onun haqqında yazılan donoslardan ibarət olurdu. Həmin şəxsin hər addımı, məktublarının surəti, gizli fotoları da bu dosyedə toplanırdı. Məqsəd şəxsi cinayət başında yaxalamaq və ya ifşa etmək idi.
Yuxarıda da qeyd etdiyim kimi, konkret şəxsin fərdi dosyesi iki hissədən ibarətdir — DOP və DF. Bundan başqa, dosyesi açılan hədəf şəxs və barəsində “Litera işi” açılan obyekt haqqında T-7 və T-8 əməliyyatları həyata keçirilirdi (əsasən 7-ci şöbə tərəfindən) ki, bütün bunlar barəsində gələcəkdə geniş bəhs ediləcək. Qısaca onu deyim ki, ictimai-siyasi fəal olan hər kəs haqqında DTK-da fərdi dosye açılır və ona xüsusi taxma ad (“kliçka”) verilirdi. Şübhəsiz ki, o şəxsin həmin dosyedən heç xəbəri də olmurdu. Yəni birinin DTK-da fərdi dosyesinin olması heç də o adamın agent olması anlamına gəlmir; əksinə, onun fəaliyyətinə qarşı açılmış bir təhqiqat qovluğudur.
Gəldik “dananın quyruğunun qopduğu yer”ə — agentin şəxsi iş qovluğuna. “Agent delosu” (Agentura işi) DTK kargüzarlıq sistemində ən dərin, ən mənalı və eyni zamanda ən mürəkkəb məsələdir. Bu, izlənilən şəxsin yox, DTK-ya işləyən (məlumat ötürən) şəxsin gizli qovluğudur. Qovluğun birinci hissəsində — “Liçnoe delo agenta” (Agentin şəxsi işi) bölümündə həmin agentin kimliyi, ləqəbi, agent kimi fəaliyyətə başlaması barədə verdiyi iltizam, keçdiyi təlimlər və dövlətdən aldığı pulların qəbzləri saxlanılırdı.
Yəni şəxs bilirdi ki, o, agentdir; öz istəyi ilə hər hansı bir şəxs və ya hadisə barədə DTK-ya gizli məlumatlar ötürür və bunun qarşılığında “qonorar” alır. Bir şəxsin agent kimi işə cəlb olunması ən çox şantaj yolu ilə gerçəkləşdirilirdi. Az bir qismi ideoloji əsaslarla könüllü olaraq, digər bir qismi isə — əsasən ziyalılar və müəyyən vəzifələrdə irəli çəkilənlər — mənsəb üçün bu işə girirdilər.
Qısaca ifadə etsək: “Dosye” konkret bir şübhəlinin ovlanması üçün, “Litera işi” bütöv bir məkanın və ya problemin nəzarətdə saxlanılması üçün, “Agent işi” ise DTK-nın öz gizli əməkdaşını idarə etməsi üçün tərtib edilirdi. Bütün bunlardan başqa, bir də “təsir agenti” deyilən bir qrup var idi...
“TƏSİR AGENTİ” KİMDİR VƏ DTK ONLARDAN NECƏ İSTİFADƏ EDİR?
Təsir agenti (ingilis dilində: Agent of Influence) — xarici bir dövlətin, təşkilatın və ya qrupun maraqlarını güdən, onun siyasətini dəstəkləyən və hədəf ölkədə ictimai rəyə, siyasi qərarlara və ya proseslərə gizli və ya açıq şəkildə təsir göstərən şəxsdir. Təsir agentinin əsas xüsusiyyətləri nədir və bu statusda kimlər ola bilər? Adətən jurnalistlər, ictimai-siyasi fəallar, alimlər, ekspertlər və ya mədəniyyət xadimləri bu rolda çıxış edə bilərlər.
Təsir agentlərinin fəaliyyət üsulu da fərqlidir. Onlar birbaşa kəşfiyyat xarakterli gizli işlər görməkdənsə, öz mövqeləri, çıxışları və yazıları vasitəsilə cəmiyyətdə müəyyən bir fikri və ya ideyanı formalaşdırmağa çalışırlar. Əgər məsələyə bu günün prizması ilə baxsaq, xaricdən bir sent belə qrant alan hər kəs təsir agentidir; bunu kimsə inkar edə bilməz, çünki heç bir kapitalist boş yerə pul xərcləməz.
Təsir agentləri öz fəaliyyətlərini həm tam dərk edərək (şüurlu şəkildə), həm də tamamilə fərqinə varmadan (bilməyərəkdən) həyata keçirə bilərlər. Kəşfiyyat və siyasi elmlərdə onlar məhz bu xüsusiyyətlərinə görə iki əsas qrupa bölünürlər:
1. Şüurlu şəkildə fəaliyyət göstərənlər (Məqsədli agentlər)
Bu şəxslər nə etdiklərini, kimə və nəyə xidmət etdiklərini tam olaraq bilirlər. Onların motivasiyası müxtəlif ola bilər:
- Maddi maraqlar: birbaşa pul, qrantlar, gizli maliyyələşmə və ya biznes imkanları qarşılığında sifarişi yerinə yetirirlər;
- İdeoloji bağlılıq: Xarici ölkənin siyasi sisteminə, dininə və ya ideologiyasına dərindən inanır və öz ölkəsinin maraqlarını arxa plana keçirirlər;
- Şantaj və ya qorxu: Şəxsi sirlərinin açılmaması və ya təhlükəsizlik qorxusu səbəbindən məcburi şəkildə bu fəaliyyətə cəlb olunurlar.
2. Bilməyərəkdən fəaliyyət göstərənlər (“Faydalı axmaqlar” / Useful Idiots)
Bu termin siyasi ədəbiyyatda manipulyasiya edilən insanları ifadə etmək üçün işlədilir. Bu qrupdakı şəxslər xarici qüvvələrin maraqlarına xidmət etdiklərini heç ağıllarına da gətirmirlər. Onların prosesə cəlb olunma mexanizmi belədir:
- Eyni hədəf illüziyası: xarici güclər şəxsin öz ölkəsindəki daxili narazılığından, tənqidi baxışlarından və ya radikal fikirlərindən istifadə edirlər. Şəxs elə bilir ki, sadəcə öz idealları (məsələn, haqq-ədalət, azadlıq, ekologiya və s.) uğrunda mübarizə aparır. Amma əslində onun bu fəaliyyəti xarici dövlətin hədəf ölkəni zəiflətmək planının bir hissəsi olur;
- Eqo və status manipulyasiyası: xarici fondlar və ya təşkilatlar bu şəxsləri müxtəlif beynəlxalq konfranslara dəvət edir, onlara mükafatlar verir, nüfuzunu qaldırır. Beləliklə, şəxs fərqinə varmadan həmin qurumların tezislərini öz ölkəsində yaymağa başlayır;
- İnformasiya tələsi: şəxsə manipulyasiya olunmuş, birtərəfli məlumatlar ötürülür. O da bu məlumatların doğruluğuna inanaraq cəmiyyətdə yayır və ictimai rəyi səhv yönləndirir.
Amma məsələ bu gün xaricdən qrant alıb ictimaiyyətdə “məsum erməni” obrazı yaradan “Toplum TV”çilərdən, “Meydan TV”çilərdən getmir; DTK-nın bir zamanlar və bu gün də istifadə etdiyi təsir agentlərindən gedir. Yazının bu bölümünü oxucuda ümumi təsəvvür yaratmaq üçün yazdım. Əslində, xaricə bağlı təsir agentləri tamam başqa bir mövzunun söhbətidir, gələcəkdə bu məsələyə ətraflı toxunacağıq. İndi isə qayıdaq mövzumuza — daxili agentura məsələsinə.
Yuxarıda da izah etdiyimiz kimi, DTK-nın iltizam alıb rəsmi şəkildə agentliyə cəlb etdiyi adamlardan başqa elələri də var ki, onlardan təsir agenti kimi istifadə edilir. Doğrudur, təsir agenti iltizam vermir, ancaq birbaşa təşkilatın təsiri altındadır və onların istəyi, qurduğu plan əsasında fəaliyyət göstərir. Yəni prinsip dəyişmir; xarici təsir agentlərində olduğu kimi, burada da eyni metodlarla planlar qurulur.
Sovet kəşfiyyat sisteminin daxili agentura mexanizmi olduqca şaxəli və qəddar bir məntiqlə qurulmuşdu. Rəsmi iltizam imzalayan agent (gizli əməkdaş) ilə sadəcə təsir agenti kimi istifadə olunan şəxs arasındakı fərq DTK-nın əməliyyat taktikasının ən peşəkar və ən təhlükəli tərəflərindən biridir. DTK daxili agenturanı formalaşdırarkən bu iki qrupu bir-birindən tamamilə fərqli metodlarla idarə edirdi:
I. Rəsmi iltizam verən agentlər (Klassik agentura)
Bu qrupa daxil olan şəxslər (DTK sənədlərində adətən “agent”, “rezident”, “etibarlı şəxs” adlanırlar) xüsusi orqanlarla əməkdaşlığa cəlb olunarkən “iltizam” (yazılı razılıq) imzalayırdılar. Bu işin mexanizmi belədir: şəxs könüllü (ideoloji əsasla), maddi maraq qarşılığında və ya ən çox yayılmış üsulla — kompromat (şantaj) vasitəsilə cəlb olunurdu. Ona gizli təxəllüs (ləqəb) verilirdi.
Agentin konkret işi və vəzifəsi var idi: tapşırılan obyekti izləmək, məlumat toplamaq, hesabat (donos) yazmaq və DTK zabitinə (kuratora) ötürmək. Agentin hüquqi tərəfi o idi ki, şəxs özünün DTK işçisi olmadığını, sadəcə gizli şəbəkənin bir halqası olduğunu tam dərk edirdi. Onun adı gizli arxivlərdə qeydiyyatda olurdu.
II. İltizamsız, iradəsindən kənar istifadə olunan “Təsir agentləri”
Bu kateqoriyaya daxil olan insanlar heç bir sənədə qol çəkmirdilər, özlərini heç vaxt “kqbist” hesab etmirdilər və çox vaxt DTK-ya nifrət etdiklərini belə dilə gətirirdilər; məsələn, yuxarıda bəhs etdiyim “Tribun” və ya “Tamada”. Lakin DTK onlardan cəmiyyəti manipulyasiya etmək üçün təsir aləti kimi məharətlə istifadə edirdi.
Bu mexanizm adətən belə işləyirdi:
- “Qaranlıqdan idarəetmə” (İdarə olunan kontakt): DTK zabiti hədəf şəxslə birbaşa agent kimi yox, “ziyalı söhbəti”, “təsadüfi dostluq” və ya “rəsmi dövlət məmuru” statusunda münasibət qururdu. Şəxs elə bilirdi ki, sadəcə maraqlı və nüfuzlu bir insanla həmsöhbətdir. Söhbət əsnasında DTK zabiti onun beyninə lazım olan tezisləri yeridir, o isə sonradan bunu öz fikri kimi cəmiyyətdə (Yazıçılar Birliyində, universitetdə, elmi dairələrdə) yayırdı.
- Nüfuz və eqonun manipulyasiyası: DTK daxildəki müəyyən tanınmış şəxslərin (şairlər, tənqidçilər, alimlər) “böyük iddialarını” yaxşı analiz edirdi. Məsələn, bir dissident və ya azadfikirli ziyalı DTK-nın planına uyğun gələn hansısa bir tənqidi mövqeyi müdafiə edirdisə, DTK gizli yollarla onun yolunu açırdı. Onun kitablarının çapına şərait yaradılır, cəmiyyətdə populyarlaşdırılırdı. Şəxs elə bilirdi ki, öz istedadı hesabına ucalıb və rejimlə mübarizə aparır; amma əslində DTK onun populyarlığından istifadə edərək cəmiyyətdəki digər radikal qrupları parçalayır və ya diqqəti başqa yönə çəkirdi;
- Provokasiya obyekti kimi istifadə: bəzən bu şəxslərə üçüncü, dördüncü əllər vasitəsilə “eksklyuziv” dezinformasiya ötürülürdü. Həmin şəxs bu məlumatın dövlətin ziyanına olduğunu düşünərək böyük sensasiya kimi tirajlayırdı. Nəticədə DTK öz əli ilə edə bilmədiyi qaralama kampaniyasını həmin “müstəqil” şəxsin nüfuzu və əli ilə həyata keçirmiş olurdu.
Məsələn, bəziləri 40 ildir bağırır: “Elçibəy və İsa Qəmbər agentdir, ləqəbləri də “Uçitel” və “Aspirant”dır!” Hətta Elçibəyin guya 1975-ci ildə DTK sədri Vitali Krasilnikova yazdığı peşmanlıq ərizəsini də redaksiyaları qapı-qapı gəzib tirajlayırlar. Amma kimsə də soruşmur ki, bir məhkumun “peşimanlıq ərizəsi” yazması məgər onun agent olması anlamına gəlir? Və yaxud o şəxsdən soruşasan ki: “DTK arxivlərində yeddi möhür arxasındakı gizli fondlardan sən o ərizəni necə çıxardın? Bəlkə o ərizə orijinalı ilə üst-üstə düşmür, səndən sadəcə bir şirma kimi istifadə edirlər?”
DTK bu cür təxribatlarda adətən ikinci üsula daha çox üstünlük verirdi. Niyə? Çünki rəsmi iltizamı olan agent ifşa olunanda cəmiyyət ona “satqın” kimi baxır və onun dediyi sözlərin heç bir ictimai çəkisi qalmır. Amma iltizamsız təsir agenti cəmiyyətin gözündə “müstəqil, dürüst, sözünü deyən” fiqur kimi imic qazanıbsa, onun ağzından çıxan hər bir cümlə ictimai rəyi dəyişmək gücünə malik olurdu. DTK sadəcə həmin şəxsin psixoloji zəifliklərini, ambisiyalarını və ya qəzəbini düzgün idarə etməklə onu “kor silaha” çevirirdi. Belə halda dinləyici və oxucu da öz-özünə düşünür: “Sülhəddin Əkbər AXC hakimiyyətində mühüm strateji vəzifə tutub, o boyda adam yalan deməyəcək ki...”
DTK-nın “təsir agentləri” içərisində elələri də var ki, “iltizamlı agent” olmasa da, xüsusi təxribatlar üçün hazırlanan avantüristlərdir və onlar nə etdiklərinin fərqinə varırlar. Məsələn, “Tribun” bənzəri fiqurlar birbaşa DTK-nın əlinə oynadıqlarını bilməsələr də, DTK onların zəif tərəflərini bildiyinə görə, üçüncü şəxs vasitəsilə onlara informasiyaları, saxta sənədləri sızdırır; bilir ki, “Tribun”un Elçibəyə, İsa Qəmbərə pataloji nifrəti var, saxta məlumatları mütləq tirajlayacaq.
Ancaq etdiyi hərəkəti və fəaliyyətini anlayan avantüristlər təxribat əmrini birbaşa alırlar. Məsələn, 5-ci şöbənin rəisi Mirzoyev “Seyid” Tahiri çağırıb deyir ki: “Mitinqə dar ağacı apar!” O da əmri yerinə yetirir, meydana dar ağacı gətirilir, eyforiyaya qapılmış kütlə “Vəzirovu bu dar ağacından asacağıq!” deyir və nəticədə əliqanlı Sovet Ordusu Bakıya girmək üçün bəhanə əldə edir.
Bax, el arasında bu cür təsir agentlərinə “suka” (satqın/təxribatçı) dili ilə yanaşılır. Onların işi kiminsə haqqında məlumat toplamaq deyil, birbaşa təxribatlar törətməkdir. Kimisi (Seyid Tahir kimi) bunu bilə-bilə edir, kimisi də (Hatəmi kimi) bilməyərəkdən, cahilliyinə görə edir. Məhəmməd Hatəmini məhz bu avantürist fəaliyyətinə görə hər kəs “ofsayt”da qoymaq istəyirdi...
ARDI VAR
Fərəməz Novruzoğlu







