Problem ondadır ki, biz istedadı inkişaf etdirməkdən çox, istedadın kimə yaxın olduğunu müzakirə edirik.

13-09-2026, 00:07           
Problem ondadır ki, biz istedadı inkişaf etdirməkdən çox, istedadın kimə yaxın olduğunu müzakirə edirik.
XXI əsrdə hələ də demokratiya, seçki, səsvermə, fikir müxtəlifliyi kimi ən adi sivil anlayışları belə qəbul etməkdə çətinlik çəkirik. Üstəlik, bunu təkcə cəmiyyətin müəyyən təbəqəsindən deyil, özünü ziyalı adlandıran, sənətin, ədəbiyyatın, mədəniyyətin içində olan adamlardan görmək xüsusilə ağrılıdır.
Biz böyük mədəniyyət ənənəsinin varisləriyik, amma bəzən o ənənənin bizdən tələb etdiyi sivil davranış səviyyəsinə belə yüksələ bilmirik.
Tez- tez müzakirə etdiyimiz " Niyə XXI əsrdə bizim kinomuz, ədəbiyyatımız, musiqimiz dünyanı fəth edə bilmir?" sualının cavabı da məhz elə budur.
Axı bizim kinomuzun, teatrımızın, ədəbiyyatımızın, musiqimizin kifayət qədər güclü ənənəsi var. Bir əsrdən artıq kino tariximiz, böyük aktyor məktəbimiz, dünya səviyyəsində bəstəkarlarımız, şairlərimiz, yazıçılarımız olub və bu gün də var.
Deməli bizim ən böyük problemimiz istedadsızlıq deyil. İstedadın inkişaf edə biləcəyi ədalətli, azad və rəqabətli mühitin olmamasıdır.
Biz özümüzü bəzən kiçik dövlət olduğumuz üçün görünməz hesab edirik. Amma dünya mədəniyyəti belə işləmir.
Axı dünyada bizdən qat-qat kiçik ölkələr var. Beş milyonluq İrlandiya dünya ədəbiyyatında özünə elə bir yer yaradıb ki, onun adını çəkmədən XX əsr ədəbiyyatından danışmaq çətindir. Bir neçə yüz minlik İslandiya musiqidə, kinoda, yaradıcı sənayelərdə özündən qat-qat böyük ölkələrin arasında görünə bilir. Elə qonşumuz Gürcüstanın da kiçik əhalisinə baxmayaraq, ədəbiyyatı, kinosu, teatrı və musiqisi dünya mədəniyyət xəritəsində özünəməxsus yer tutur.
Problem ondadır ki, biz istedadı inkişaf etdirməkdən çox, istedadın kimə yaxın olduğunu müzakirə edirik. Seçkidə belə azad iradəyə hazır olmayan mühitdən yaradıcılıqda azad düşüncə gözləyirik.
Gunel Musa












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]