Yaxşı aktyor, yaxşı rejissor, tanınmış yazıçı hələ yaşı idarəçi demək deyil...
11-09-2026, 23:46

Bizdə qəribə və dəyişməyən bir israr var: yaxşı aktyordursa, yaxşı rejissordursa, tanınmış yazıçıdırsa, deməli, mütləq yaxşı idarəçi də olacaq.
Niyə?
Kino təcrübəsinin olması insanı avtomatik olaraq kino təşkilatının yaxşı rəhbərinə çevirmir.
Təvazökarlıqdan kənar olsa da deyim ku, mən yaxşı jurnalistəm, amma heç vaxt bir mətbuat orqanı, agentlik idarəçisi ola bilmərəm.
Eləcə də yaxşı yazıçı olmaq yaxşı idarəçi olmaq demək deyil. Möhtəşəm aktyor olmaq kollektiv idarə etmək bacarığının zəmanəti deyil.
Bunlar tamam başqa qabiliyyətlərdir.
İdarəçilik üçün təşkilatçılıq, komanda qurmaq, müasir idarəetmə prinsiplərini bilmək, maliyyə və hüquqi məsələləri anlamaq, yeni nəsillə işləmək, institusional düşünmək və ən əsası, özündən sonra sistemi işlək vəziyyətdə saxlamaq bacarığı lazımdır.
Bir də bizdə yaş məsələsinə qəribə münasibət var. Sanki insan 80–81 yaşına çatıbsa, onun sədrliyə namizədliyini müzakirə etmək belə hörmətsizlikdir. Halbuki yaş nə üstünlükdür, nə də çatışmazlıq.
80 yaşlı insan da möhtəşəm idarəçi ola bilər. 40 yaşlı insan da. Əsas sual budur: bu gün həmin vəzifənin tələb etdiyi işi görə bilirmi?
Dünyanın bir çox peşəkar yaradıcı təşkilatlarında rəhbərlik şəxsin sənət tarixindəki nüfuzuna görə ömürlük mülk kimi qəbul edilmir. Rəhbərlik seçilir, müddəti olur, hesabat verir və dəyişə bilir.
Sənətkarın böyüklüyü ilə idarəçinin səriştəsini qarışdırmaq isə başqa bir yanlışlıq yaradır: biz insanın keçmiş xidmətlərinə görə onun gələcəkdə də mütləq ən doğru seçim olduğunu düşünürük.
Halbuki böyük sənətkar olmaq çox böyük üstünlükdür.
Amma yaxşı idarəçi olmaq üçün başqa üstünlüklər də lazımdır.
Bəlkə də biz artıq “kim daha məşhurdur?” sualından yox, “kim bu işi daha yaxşı görə bilər?” sualından başlamalıyıq.
Gunel Musa

