İsfəndiyar Vahabzadə... “Qardaş” romanı

12-09-2026, 00:07           
İsfəndiyar Vahabzadə...  “Qardaş” romanı
Zəkəriyyə kişinin əvvəlki iki arvadından neçə övladı olmuşdusa mən dəqiq deyə bilmərəm. Amma bircə onu deyə bilərəm ki, atama qədər sağ qalanlarının, Ələşrəf, Şirəli, Cahangir, Mahmudağa, Fatma bibimin adlarını eşitmişəm. Mənim uşaqlıq dövrlərimə isə bir Mahmudağa, bir də Fatma bibim sağ qalmışdılar. Onları isə görmüşəm. Zəkəriyyə kişinin adlarını çəkdiyim o biri övladları, yəni Ələşrəf, Şirəli, Cahangir 1937-1938-ci illərdə həbs olunub, gedər-gəlməzə göndərilmişdilər. Deyilənlərə görə, tarixdə o məşhur Şəki üsyanının fəal iştirakçıları olmuş, Sovet quruluşuna qarşı çıxmışdılar. Məşhur Şəki üsyanı 1933-cü ildə olmuşdu. Bu hadisədən, yəni üsyan yatırılandan sonra bir müddət dağlara, “Gələsən-görəsən” qalasına çəkilmiş, sonralar elə dağlarda da bir-bir həbs olunub güllələnmişdilər. Daha sonra isə onlardan bir xəbər-ətər çıxmamışdı. Onları gördüm deyən olmamışdı. Harada dəfn olunduqları belə bilinməmişdi. Bəziləri deyir ki, guya Türkiyəyə qaçmışdılar, bəziləri deyir ki, ələ düşməsinlər deyə intihar etmişdilər. İndi nə bilim hərə bir söz deyir də... Əlqərəz onlardan dürüst məlumat yoxdur.
Sadəlövh, təmiz, saf adam olmuşdular. Yalnız mollaxana təhsili görmələrinə baxmayaraq, müdrik, dərrakəli, hər şeyi başa düşən, bu dünyanın gəlirindən-çıxarından baş çıxaran adam olublar. Müdrik, ağıllı adam olmasaydılar rus imperiyasına nifrət etməzdilər ki... Ona qarşı çıxmazdılar ki... Rus imperiyasına qatı nifrətləri var idi.
“Yenə birtəhər bu Sovet quruluşuna dözmək, buna istədin-istəmədin birtəhər qulluq etmək olar. Bunun az da olsa indi materializm tərəfini çıxsaq, bəzi öz yaxşı cəhətləri var. Daha mənim dilimi, varlığımı, mənliyimi əlimdən alan rusa xidmət etmək, ona nökərçilik etmək?... Hə... bu mümkün olan şey deyil axı”...
Atamın gündəliyindən.
Çoxları indi çox söz deyir, çox söz deyə bilər. Özünü yüksək təbəqənin nümayəndəsi sayır. Ay nə bilim ziyalı ailəsindən olmuşuq. Ay nə bilim bəy nəslimiz belə gəldi, mülkədar nəslimiz belə getdi. Var-dövlətimiz başımızdan aşıb-daşırdı. Zadəgan idik. Ay nə bilim nə idik. Bizi sonradan “qulaq” elədilər... Yox-yox biz bunların heç biri deyildik, olmamışıq. Nə zadəgan, nə bəy. Heç biri. Amma ki, vuruşqan dalaşqan olmuşuq. Güllə qabağına gedən olmuşuq. Söz götürən olmamışıq. Heç kimin də qabağından qaçmamışıq. Bu düzdür, bu xüsusiyyət elə indi də bizdə qalıb, özünü göstərir. Əlbəttə harada görülüb ki, ona qədər qardaş bir yerə yığışanda onlara bir söz deyən olsun. Vallahi... zəmanə, dövran nə qədər dəyişsə də, başqalaşsa da, bu xüsusiyyəti indiyə kimi özümüzdə qoruyub saxlamışıq. Adi kasıb... Hhmm... Kasıb deyəndə ki, heç kimə möhtac olmadan, öz əlimizin zəhməti ilə yaşayıb, günümüzü indi pis ya yaxşı keçirənlərdən olmuşuq. İndi birtəhər dolanmışıq. Heç kimə də möhtac olmamışıq. Heç kimə də boyun əyməmişik. Varlı, imkanlı da deyildik ki, desinlər ki malları, mülkləri əllərindən getmişdi deyə, Sovet quruluşuna qarşı çıxırdılar. Dediyim kimi yox... Sadəcə olaraq ağılla, fəhmlə başa düşüb dərk edirdilər ki bu yeni quruluş mənasız bir şeydir. Sarsaq quruluşdu. Təbiətin yazılmış və yazılmamış qanunlarına zidd qurulub. “Necə yəni hamının hər şeyi var, amma eyni zamanda heç kimin heç nəyi yoxdur. Hər şey ümumidir. Belə şey ola bilməz axı. Bu yeni quruluşun çatışmayan cəhətləri çoxdur, lap çoxdur. Amma rus imperiyasının çəkmələri altında olmaq... Yox bu yaramaz. Bu mümkün olan şey deyil. Bununla barışmaq olmaz. Əəəə... necə yəni nəsli-kökü bilinməyən, dib-dəhnədən çıxan rusun birisi gəlib mənə böyüklük eləsin?... Axı rus kimdir ki, mənə böyüklük eləsin? Mənə böyük qardaş olsun. Mənim öz dini bir, dili bir qardaşım var. Meşədə yaşayan, çəlləkdə çimən ayıdan mənə qardaş olmaz. Ay...hay... Həmin o məşhur illərdə Şəki üsyançıları lap o Fərman Kərimzadənin “Qarlı aşırım”ındakı kimi Şəkidə Sovet hökumətini yıxıb, hələ bir üç gündə milis idarəsini, poçtxananı, bankı ələ almışdılar. Əllərində saxlamışdılar... Sonralar atam həmişə zarafatla deyərdi ki, mən üç gün başqa bir quruluşda, başqa bir hökumətdə yaşamışam.
(İsfəndiyar Vahabzadə “Qardaş” romanından parça)
Ş Aydınoğlu Vahabzadə












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]