Başınızın salamat olmasını istəyirsinizsə, şəxsən tanımadığınız şəhid ailələrindən və qazilərdən bir az uzaq durun.
10-09-2026, 12:28

Bu cümlə sərt səslənir. Bəlkə də həddindən artıq sərt.
Amma bəzən insanın yaşadığı bir hadisədən sonra yumşaq cümlələrə həvəsi qalmır.
Şəhidlərə hörmət etmək başqa şeydir, şəhid ailəsinin hər davranışını toxunulmaz elan etmək başqa.
Şəhidimizin adını yaşatmaq lazımdır. Məzarını ziyarət etmək, haqqında danışmaq, uşaqlara onun kim olduğunu anlatmaq, adının küçələrə, məktəblərə, kitablara, yaddaşımıza yazılmasına çalışmaq lazımdır.
Qazi qarşısında da baş əymək lazımdır.
Amma bütün bunlar o demək deyil ki, şəhid ailəsi olmaq insanı avtomatik olaraq yaxşı insan, qazi olmaq isə avtomatik olaraq haqlı insan edir.
İnsan hər yerdə insandır.
Onun da xasiyyəti var, eqosu var, səhvi var, haqsızlığı var. Bəzən çox yaxşıdır, bəzən çox pis. Bəzən mərhəmətlidir, bəzən qəddardır. Bəzən haqqı tapdanır, bəzən özü başqasının haqqına girir.
Şəhidlik müqəddəsdir. İnsan isə müqəddəs deyil.
Məncə, bu ikisini bir-birinə qarışdırmaq həm şəhidlərin xatirəsinə, həm də cəmiyyətə qarşı haqsızlıqdır.
Üstəlik, bizdə şəhid ailəsinə və qaziyə münasibətdə başqa bir təhlükəli refleks də yaranıb: toxunulmazlıq refleksi.
Dövlət qoruyur. Qanun qoruyur. Cəmiyyət qoruyur. Kütlə qoruyur.
Bəzən isə bütün bunların üstünə biz özümüz də əlavə bir emosional qalxan çəkirik.
Nəticədə qarşımızdakı insanın davranışını qiymətləndirmək belə qəbahət sayılır.
“Şəhid ailəsidir.”
“Qazidir.”
Sanki bu iki söz insanın xarakterinə verilmiş ömürlük diplomdur. Xeyr.
Bu statuslar böyük ehtiram tələb edir, amma insanın bütün davranışlarına avtomatik bəraət vermir.
Mən şəhidlərimizin ruhunu incitməkdən qorxuram. Amma şəhidlərin adından istifadə edib başqasını incitməkdən də qorxuram.
Ona görə mənim üçün ən sağlam münasibət budur:
Şəhidlərimizi sevək, ailələrinə hörmət edək, qazilərimizin haqqını qoruyaq.
Amma şəxsən tanımadığımız insanlara yalnız statuslarına görə həyatımızın qapısını sonuna qədər açmayaq.
Çünki insanın kim olduğunu onun titulundan yox, sizinlə necə davrandığından anlayırsınız.
Bəzən məsafə hörmətsizlik deyil.
Məsafə özünü qorumağın ən mədəni formasıdır.
Mən bunu nəzəriyyədən demirəm.
Şəxsi təcrübəmdən deyirəm.
Və bəlkə də bu yazının ən narahat edən tərəfi elə budur: insan bəzi şeyləri başına gəlməyənə qədər belə düşünmür.
Gunel Musa

