KOD ADI SPARTAK! QRU təhlükəsi hələ də qapımızın ağzındadır
10-09-2026, 10:42

1988-ci il. Noyabrın soyuq, yağışlı və dumanlı Bakı axşamı. Şəhərin üzərinə çökən qaranlıq təkcə fiziki deyil, həm də ideoloji bir qeyri-müəyyənliyin xəbərçisi idi. Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin — o vahiməli DTK-nın binasında dəhlizlər qəribə bir sükuta qərq olmuşdu. Ağır palıd qapıların arxasından yalnız sovet istehsalı “Yatran” yazı makinalarının quru, ritmik taqqıltısı eşidilirdi. Havada karbon kağızının, tünd tütünün və onilliklərlə rəflərdə saralmış arxiv qovluqlarının o spesifik, ağır qoxusu var idi...
DTK-nın “İdeoloji təxribatla mübarizə və ziyalıların nəzarətdə saxlanılması” üzrə ixtisaslaşmış məşhur 5-ci şöbəsinin dəhlizində isə, digərlərindən fərqli olaraq, daha gərgin vəziyyət diqqəti çəkirdi. Əməkdaşlar ora-bura qaçışır, hansısa əmri yerinə yetirmək üçün tələsirdilər. Bu gərginlik içərisində 40-45 yaşlarında, ucaboylu, idmançı görkəmli bir nəfər ağır addımlarla irəliləyirdi. O, ağır palıd qapılı bir otağın qarşısında durdu. Qapını döymədən öncə dodaqaltı deyindi: “Bu əclaf erməni, görəsən, yenə hansı sinsi planlar hazırlayıb? İşə bax, bizim soydaşlarımızı Ermənistandan qovub çıxarırlar, amma bizdə hələ də ən strateji postlarda ermənilər oturub. Hardasan, Heydər Əliyeviç?! Bu çətin vaxtda bizə sən lazımsan!”
Bu adam Azərbaycan SSR DTK-nın 5-ci şöbəsinin ən operativ, ən bacarıqlı kadrı, bütün DTK-da hörmət sahibi, eyni zamanda yenicə başlayan Xalq Hərəkatında da “millətçi” ləqəbi ilə tanınan ləyaqətli çekist, podpolkovnik Eldəniz Əliyev idi. Xalq Hərəkatının ən qəliz və barışmaz adamı Məhəmməd Hatəmi belə ona loyal yanaşırdı. Hər kəsin yaxşı tanıdığı millətçi şair Xəlil Rza sonralar öz xatirələrində yazacaqdı: “DTK-da əclaflar çox olsa da, mən fəxr edirəm ki, orada millətçi bir kadr, türk oğlu türk Eldəniz Əliyev də vardı. Azərbaycanın dövlət kimi müstəqil olmasında ən azı bizim qədər onun da böyük xidmətləri olub!”
ERMƏNİ RƏİSİN İŞ OTAĞI
Şöbə rəisi polkovnik Georgi Aramoviç Sarkisyanın kabinetində yalnız stolüstü reostatlı lampanın solğun sarı işığı yanırdı. Otağın böyük hissəsi qaranlığa qərq olmuşdu. Pəncərədən uzaqdan gələn qeyri-müəyyən, ritmik bir uğultu eşidilirdi — Azadlıq meydanında (keçmiş Lenin meydanı) toplanmış yüz minlərlə insanın eyforik səsi, şüarları, emosional dalğaları binanın qalın daş divarlarını sanki gizlicə titrədir, sovet imperiyasının Bakıdakı dayaqlarını sarsıdırdı.
Polkovnik Sarkisyan pəncərənin önündə dayanıb, əlindəki büllur stəkanda tünd çayı gümüş qaşıqla astaca qarışdırırdı. Qaşları çatılmışdı, baxışları meydandakı insan dənizinin üzərində gəzişirdi. Onu ən çox hiddətləndirən meydandakı insan selinin “Azərbaycan!” və “Qarabağ!” hayqırtısı idi.
Polkovnik dodaqaltı mırıldandı: “Anitsvats linek! Şan tğaner!”
İlk baxışda ünvansız kimi göründə də, 5-ci şöbə rəisinin meydandakı Azərbaycan xalqını söydüyü bəlli olurdu: “Lənətə gələsiniz! İt uşaqları!”
Bu paradoksal hal kənar müşahidəçinin diqqətini dərhal cəlb edirdi. Pəncərənin xaricində yüz minlərlə insanın bir ağızdan hayqırdığı “Azərbaycan!”, “Qarabağ!” uğultusu binanın divarlarını, pəncərə şüşələrini titrədirdi. Otağın daxilində isə sistemin güvəndiyi, lakin xalqın iradəsi qarşısında aciz qalan bir DTK rəsmisinin çarəsiz qəzəbi vardı. Meydandan gələn o kütləvi, eyforik səs dalğası otağa dolduqca, həmin şəxs qulaqlarını qapamaq, bu reallığı rədd etmək istəyirdi. O, masasının arxasında var-gəl edərək, pəncərədən baxa-baxa dişlərini qıcayır və boğuq səslə öz dilində həmin o ağır sözləri sıralayırdı: “Anitsvats linek! Şan tğaner!”
Lakin polkovnikin pəncərə arxasından gələn o qəzəbli pıçıltısı meydanın möhtəşəm gurultusu qarşısında tamamilə boğulub yox olurdu...
Erməni polkovnik pəncərəyə yaxınlaşıb pərdələri çəkdi, pəncərəni azacıq araladı. İçəri soyuq və təmiz dəniz havası daxil oldu. Otaqdakı kəsif qoxulu hava bu təmiz havanın qarşısında təslim oldu. Polkovnik dərindən nəfəs aldı. Meydandan ucalan uğultu indi daha gur səslə polkovnikin qulaqlarında cingildədi. Qəzəb və çarəsizlik içində sərt şəkildə pəncərəni çırpdı, pərdələri çəkdi; sanki bu uğultudan qaçmaq, gizlənmək istəyirdi. İndi o, artıq pıçıldamır, öz dilində daha uca səslə nifrətini qusurdu: “Yes dzer mere latsatsnelu em! Yes dzer mere kkunem!”
İKİ MİLLƏTÇİ — ERMƏNİ VƏ TÜRK ÇEKİSTİN DİALOQU
Polkovnik o qədər qəzəb və nifrətlə yüklənmişdi ki, qapının döyüldüyündən və kiminsə içəri girməsindən xəbərsiz idi. İçəri girən adam əslən Naxçıvandan idi, hələ gənc yaşlarından ermənilərlə ünsiyyətdə olmuş və işi gərəyi bu xəbis dili az-çox öyrənmişdi. O, polkovnikin son sözlərini eşitmiş, Azərbaycan xalqının ünvanına səslənən ana söyüşünü başa düşmüşdü. Bu səbəbdən də öz doğma dilində (şöbə rəisi bizim dilimizi başa düşmürdü) ona layiqli bir cavab verdi. Polkovnik arxadakı adamın səsini eşitdi, ancaq nə dediyini anlamadı. O, geri çevrilmədən, qapının ağzında, əlində bir neçə vərəq sənədlə rəisin əmrini gözləyən gənc, perspektivli əməliyyat müvəkkilinə tərəf səsləndi:
— Sənsən, Əliyev? — cavab gözləmədən fikrini tamamladı: — Bilirsən səni niyə çağırmışam?
Əliyev cavab vermədən keçib rəisin masasına perpendikulyar şəkildə qoyulmuş digər masanın — bric masasının arxasındakı oturacaqlardan birində əyləşdi. Onun təşkilatda böyük nüfuzu vardı. Heydər Əliyevlə zamanında olan yaxın münasibəti DTK-dakı millətçi qüvvələrin ona xüsusi bir simpatiya bəsləməsinə səbəb olmuşdu. Bunu təşkilatda olan yuxarı səviyyəli, böyük vəzifələr tutan hər kəs, o cümlədən Sarkisyan da bilirdi. Bu səbəbdən, yuxarı səviyyəli rəislər təbəqəsi onunla hər zaman məsafə saxlayır, ehtiyat edirdilər.
— Eşidirsən, yoldaş Əliyev? Meydan qaynayır! Amma unutma ki, kütlə böyük, lakin kor bir qüvvədir. Onu nəzarətdə saxlamaq lazımdır.
Eldəniz müəllim cavab verməyə tələsmirdi. Amma o, çox yaxşı bilirdi ki, bu gün DTK sədri Qorelovskinin kabinetində mühüm bir müşavirə olub; müşavirədə sədrdən başqa onun yenicə təyin olunan 1-ci müavini İlhüseyn Hüseynov, müavini Namiq Abbasov, 5-ci şöbənin rəisi polkovnik Georgi Sarkisyan, onun müavini podpolkovnik Vladimir Adiloviç Mirzoyev, 5-ci şöbənin bölmə rəisi (sonradan şöbə rəisinin müavini oldu) Sadıx Mikayıl oğlu Əliyev də iştirak ediblər.
Arada uzunmüddətli susqunluq oldu. Nəhayət, Eldəniz Əliyev könülsüz halda dedi:
— Yəqin ki, məni çağırmağınızın səbəbi bugünkü müşavirə ilə bağlıdır.
Əliyev DTK-nın ən təcrübəli kadrlarından biri idi. O, yüksək təhlil qabiliyyətinə sahib çekistlərdən sayılırdı. İstənilən məsələni ən kiçik detallarına qədər analiz edib nəticə çıxarmaq qabiliyyəti vardı. Əgər bu bilik və bacarığı olmasaydı, onun kimi milli düşüncə sahibi birini belə bir strateji vəzifədə əsla saxlamazdılar. 1986-cı ildən yarıgizli fəaliyyətə başlayan, Qarabağ hadisələrinin başlaması ilə açıq şəkildə ortaya çıxan Xalq Hərəkatının DTK tərəfindən rəsmi kuratoru o idi. Bu vəzifədə məhz Eldəniz Əliyevin olması hərəkat öncüllərinin təhlükəsizliyi üçün çox önəmli idi. DTK-nın irticaçı qanadı hər kəsi həbs etmək, bəzilərini isə hətta fiziki cəhətdən məhv etməyi planlaşdırırdısa, Eldəniz Əliyev və onunla birlikdə digər milli ruhlu çekistlər fərqli mövqe ortaya qoyurdular.
Sarkisyan Əliyevin mövqeyini bilirdi, ancaq indi tapşıracağı məsələni də ondan başqasına həvalə edə bilməzdi. Çünki bu məsələdə 1 nömrə məhz o sayılırdı; hər kəsi tanıyır, məsələnin mahiyyətini dərindən təhlil edib mənimsəyirdi.
Şöbə rəisi masanın üstündəki qutudan siqaret çıxarıb yandırdı. Dərin bir qüllab vurub tüstüsünü sinəsinə çəkdi. Sonra ayağa qalxıb otağın digər küncündə olan dəmir seyfə yaxınlaşdı; bir neçə kilidi açaraq oradan bir iş qovluğu çıxarıb seyfin qapısını yenidən bağladı. Yerinə qayıtdıqdan sonra sonuncu qüllabı vurub siqareti külqabında söndürdü. Əlini seyfdən çıxardığı qovluğun üzərinə qoydu, sanki onu kimdənsə gizləməyə çalışırdı.
Polkovnik nəhayət ki, dilləndi:
— Əliyev, sən bizim şöbənin ən bacarıqlı kadrısan. Ona görə hələlik gizli qalması gərəkən bəzi məlumatlarla səni tanış etmək istəyirəm. Məlumun olsun ki, 5-ci şöbənin adı dəyişəcək.
Əliyev təəccüblə rəisinin üzünə baxırdı. Nə baş verdiyini tam anlamasa da, çox irticaçı bir plan hazırlandığını dərk edə bilirdi. Axı səbəb nə idi, şöbənin adını niyə dəyişmək istəyirlər?
H A Ş İ Y Ə
Azərbaycan DTK-nın daxili strukturunda mütəmadi olaraq dəyişikliklər olmuşdu. Bəhs olunan 5-ci şöbə əvvəllər tam fərqli bir funksiya daşıyırdı. Bu şöbə iqtisadi məsələlərlə məşğul olurdu. Siyasi məsələlərlə isə 4-cü şöbə məşğul olurdu. Bu şöbə “Sekretno-politiceksiy otdel” (Gizli-siyasi şöbə) adlanırdı. 1960-cı ilin mart ayında daxili strukturla bağlı dəyişikliklərdə 4-cü (Siyasi şöbə), 5-ci (İqtisadi şöbə) və 6-cı (Nəqliyyat şöbəsi) şöbələr ləğv edilərək, onların funksiyası 2-ci — Əks-kəşfiyyat şöbəsinə həvalə olundu. Bu, o zamanlar idi ki, ölkədə siyasi sabitlik hökm sürür, dissident hərəkatı, demək olar ki, sönük xarakter daşıyırdı. Amma cəmi iki il sonra Xudu Məmmədov və Oqtay Eldəgəz kimi iki gənc mücahid MAQ (Milli Azadlıq Qərargahı) kimi möhtəşəm bir təşkilat yaratdılar. Daha bir müddət sonra Əbülfəz Elçibəy fenomeni ortaya çıxdı. Heç şübhəsiz ki, DTK bütün bu fəaliyyətlərdən xəbərdar idi. Məhz bu səbəblə təşkilatın daxili strukturunda yenidən dəyişikliklər edilməsi zərurəti yarandı.
1967-ci ildə baş verən dəyişikliklərdən biri də o oldu ki, daxili siyasətlə bağlı məsələ 2-ci — Əks-kəşfiyyat şöbəsindən alınaraq, daha geniş səlahiyyətlərlə, həm də daha geniş kadr heyəti ilə 5-ci şöbə yaradıldı. Bu şöbənin əsas funksiyası ideoloji məsələlərlə bağlı idi. Şöbənin rəsmi adı belə idi: “İdeoloji təxribatla mübarizə” (Борьба с идеологической диверсией).
İndi şöbənin adının yenidən dəyişdirilməsində məqsəd geniş vüsət alan Milli Azadlıq Hərəkatına ağır zərbə vurmağa hesablanmışdı. Bunu DTK-nın bu sahə üzrə ən təcrübəli və ən milli kadrı olan Eldəniz Əliyev çox gözəl anlayırdı.
QULLARIN ÜSYANI VƏ SPARTAK!
Podpolkovnik Eldəniz Əliyev dərin fikrə getmişdi. Mənsub olduğu 5-ci şöbənin adının dəyişdiriləcəyi xəbəri onu narahat edirdi. DTK elə bir orqandır ki, orada hər hansı struktur dəyişikliyi elə-belə baş vermir; bu dəyişikliyin arxasında xüsusi bir məqsəd durur...
— Əliyev, fikrin haradadır? — Şöbə rəisi yenicə yandırdığı siqaretin tüstüsünü sinəsinə çəkib burun dəliklərindən havaya buraxdı.
Xəyaldan ayılan gənc podpolkovnik rəisinə tərəf baxdı. Stolun üzərindəki yaşıl abajurlu lampa yalnız bir nöqtəni işıqlandırırdı. Rəis sağ əlinin şəhadət barmağı ilə xüsusi iplə bağlanmış, üzərinə möhür vurularaq mumla bərkidilmiş qovluğu döyəcləyirdi:
— Bu gündən sonra bu iş sənin nəzarətində və rəhbərliyin altında gedəcək! — deyib qovluğu ona uzatdı.
Eldəniz Əliyev qovluğu alıb baxdı. Yarıqaranlıq otaqda qovluğun üzərində qırmızı mürəkkəblə, iri hərflərlə yazılmış yazını oxuya bildi. “СОВЕРШЕННО СЕКРЕТНО” (“Tam məxfi”) möhürü vurulmuş qovluğun üzərində yalnız bir şifrəli söz yazılmışdı: “SPARTAK”!!!
İki saat sonra öz iş otağında rəisindən aldığı qovluğu incələyən podpolkovnikin üzü gülürdü. Bəli, Romaya qarşı qulların üsyanını təşkil edən Spartak bu gün Bakıda idi. Amma o, tək bir adam deyildi — milyonları ifadə edirdi!
Spartak Azərbaycan xalqını təmsil edirdi! Spartak 70 il onu qul kimi istismar edən sovet imperializminə qarşı baş qaldırmış, üsyan bayrağını başı üzərinə qaldırmışdı!
DTK bu möhtəşəm üsyanı — Azərbaycan Milli Azadlıq Hərəkatını nəzarətdə saxlamaq və tədbirlər görmək üçün onun barəsində çox dərin və əhatəli bir plan hazırlığı içərisində idi. İlk olaraq bu hərəkatın mahiyyətini araşdıran bir dosye açmış və bu dosyeyə “Spartak” kod adını vermişdi. Hər şey ən incəliyinə qədər hesablanmışdı, amma çox ciddi bir səhvə yol verilmişdi: Spartaka — Milli Azadlıq Hərəkatına qarşı mübarizəni bu hərəkata xüsusi rəğbət bəsləyən bir adama həvalə etmişdilər.
Eldəniz Əliyev çox yorulmuşdu, kürəyində bir ağrı hiss edirdi. İki əlini boynunun arxasında çarpazlaşdırıb sağa-sola hərəkət etdi və rahat bir nəfəs aldı. Sonra durub pəncərəni açdı, təmiz havanı sinəsinə çəkərək gözlərini yumdu. Saat 21:30 radələri olsa da, o qədər də uzaq olmayan meydandan uğultu səsləri gəlirdi: “AZƏRBAYCAN, AZƏRBAYCAN! QARABAĞ, QARABAĞ!”
Podpolkovnik üzündə xüsusi bir təbəssümlə pıçıldadı: “Səni mütləq azad görəcəyik, Azərbaycan!”
QAPIYA DAYANAN TƏHLÜKƏ
Bu gün televiziya ekranlarında, “YouTube” proqramlarında tarixin şahidi olduğunu iddia edən bir çoxlarını izləyirəm. Elə inamla, elə rahatlıqla oturub “Filankəs KQB-nin agenti idi, ləqəbi də bu idi, bəyanatları filan evdə yazırdı” deyirlər ki, adam mat-məəttəl qalır. Elə bil bu şəxslər ömürlərini Lubyankanın arxivlərində gecələməklə keçiriblər. Məsələn, Nemət Pənahlı mənim məsələ ilə bağlı “Reaksiya TV”dəki son çıxışımın rəy bölümündə yazıb ki, Əbülfəz Elçibəy agent idi, ləqəbi (“kliçkası”) də “Uçitel” olub. Və yaxud Təhmasib Novruzov adlı şəxs çıxıb deyir ki, İsa Qəmbər agent olub. Amma heç kim bu adamlardan soruşmur: sən dövlətin ən gizli arxivinə necə girmisən, bu məlumatları necə əldə etmisən? DTK-nın dəmir bürokratik kargüzarlığından sənin xəbərin varmı? “Litera işi”, “Əməliyyat-uçot işi” ilə “Agentin şəxsi işi” arasındakı uçurumu ayıra bilirsənmi? Təbii ki, sən bütün bunları bilmirsən! Bəs elə isə bu boğazdan yuxarı danışıqlarında məqsəd nədir? Bax, əsl məsələ də elə o məqsəddədir. Bu məqsədin təməli elə o dövrdə qoyulub.
Gəlin ekranlardakı bu məhəllə qeybətlərini, ucuz intriqaları bir kənara qoyaq. Sizi sovet DTK-sının real, quru və amansız sənədləşmə dünyasına, o “yeddi möhürlü” seyflərin pərdəarxasına dəvət edirəm. Çünki həqiqət efirlərdə danışılanlardan qat-qat daha mürəkkəb, daha dramatik və daha dərindir...
İlk öncə yuxarıda bəhs etdiyim məsələdən — podpolkovnik Eldəniz Əliyevi narahat edən 5-ci şöbənin adının dəyişdirilməsindən başlayaq. 1989-cu ilin birinci yarısında bu məsələ gerçəkləşdirildi; şöbənin adı dəyişdirilərək “Z” — “Защита конституционного строя” (Konstitusiya quruluşunun müdafiəsi) şöbəsi adlandırıldı. Adından da göründüyü kimi, hərəkat liderlərini dövlətin konstitusiya quruluşunu dəyişməyə cəhd etmək maddəsi ilə daha ağır cəzalara məruz qoymaq istəyirdilər. Ardınca DTK-da ciddi kadr dəyişiklikləri də oldu. İlk baxışdan elə görünür ki, hadisələrə nəzarət edən rus və erməni kadrları azərbaycanlı kadrlarla əvəzləməklə guya milli addım atıblar. Məsələn, 1989-cu ilin avqustunda DTK sədri Qorelovski Vaqif Hüseynovla əvəzləndi. Ardınca da 5-ci şöbənin (yeni “Z” şöbəsi) erməni rəisi Sarkisyan yarı azərbaycanlı Vladimir Adiloviç Mirzoyevlə əvəz olundu, onun müavini olaraq da digər irticaçı DTK zabiti Sadıx Əliyev təyin edildi.
Vaqif Hüseynov vəzifəyə gələr-gəlməz Mirzoyevin rəhbərliyi altında 12 nəfər professional DTK zabitindən ibarət “Böhran” qrupunu yaratdı. Siyasi terrorla məşğul olan bu qrupun bütün cinayətlərini növbəti yazılarımda əhatəli şəkildə dəyərli oxucularımın nəzər-diqqətinə çatdıracağam. Hələlik bir məsələdən bəhs edim...
“Böhran” qrupunun və şəxsən Mirzoyevin ilk ciddi antimilli fəaliyyəti 20 Yanvar hadisələri ilə bağlıdır. 1990-cı ildə “Lefortovo” həbsxanasında olarkən, istintaq zamanı müstəntiqim Mixail İvanoviç Osin məni əsasən iki məsələ üzrə dindirirdi. Birinci məsələ Nemət Pənahlı ilə bağlı idi; bu haqda əvvəlki yazılarımda ətraflı bəhs etdiyim üçün əlavə şərhə ehtiyac duymuram.
İkinci məsələ isə 1990-cı ilin yanvar mitinqlərində Azərbaycan SSR KP MK-nın binası önünə gətirilən “dar ağacı” ilə bağlı olmuşdu. Mənə verilən suallardan anladım ki, mitinqçilər həmin dar ağacını oraya gətirəndən sonra çıxış edərək Əbdürrəhman Vəzirovu dar ağacından asacaqlarını deyibmişlər. Təbii ki, mən bu fikrə qarşı qəti etiraz etdim. Mənim etirazımdan sonra Osin bir videokaseti işə saldı. Ayın 19-da göstərilən məkanda mitinq gedir, çıxış edən Seyid Tahir Qarabağidir. Müstəntiq doğrunu söyləmişdi: Seyid Tahir “Vəzirovu bu dar ağacından asacağıq” deyirdi.
Videoya baxdıqdan sonra müstəntiq mənə iki nəfər haqqında sual verdi — Seyid Tahir və Təhmasib Novruzov haqqında. Onun dediyinə görə, dar ağacını oraya bu iki nəfər gətiribmiş. Mən onun dediklərinin nə dərəcədə doğru olduğunu deyə bilmərəm, çünki həmin vaxt Bakıda olmamışam; erməni silahlılarının Sədərəyə hücumunun qarşısını almaq üçün dostlarımla birlikdə döyüş meydanlarında idim.
Müstəntiq məndən Tahir və Təhmasib haqqında bildiklərimi danışmağımı istədi. Hər ikisini tanısam da, onları tanıdığımı inkar etdim və heç nə demədim. Niyə bu hadisəni xatırlatdım? Təsəvvür edin: Bakıda çoxgünlük mitinqlər olur, meydana “dar ağacı” gətirilir və nəticədə qoşunların şəhərə girməsinə bəhanə verilir; eyni zamanda Xalq Hərəkatının ən lokomotiv dəstəsi olan Naxçıvana ermənilərin silahlı hücumu təşkil olunur, sovet qoşunları Naxçıvana girməyə cəhd edir. Bəs bütün bunların “Z” şöbəsinin rəisi və “Böhran” terror qrupunun lideri Mirzoyevlə nə əlaqəsi var? Bəli, birbaşa əlaqəsi var.
1990-cı illərin ortalarında “Böhran” qrupu ilə bağlı açılan cinayət işindən bəlli olur ki, KP MK-nın qabağında keçirilən mitinqə dar ağacının gətirilməsi birbaşa onun planı əsasında baş tutub.
Dəyərli oxucularım, indi özünüz bütün bu məlumatları zəncirvari olaraq birləşdirin və nəticə çıxarın. Yalnız bu təqdirdə kimin kim olduğunu özünüz ayırd edə bilərsiniz. Çox təəssüf ki, bu günə qədər “Lüstrasiya haqqında” qanun qəbul olunmayıb və DTK-nın agentura şəbəkəsi, eyni zamanda təsir agentləri hələ də fəaliyyətlərini davam etdirirlər. Əsas məqsəd də siyasi arenada xaos yaratmaq və Azərbaycan Milli Azadlıq Hərəkatına ləkə yaxmaqdır. Deməli, təhlükə hələ də qapımızın ağzındadır. Bu təhlükəni, xaosu yaradan isə DTK daxilində hələ də tam təmizlənməmiş QRU xəttidir...
ARDI VAR
Fərəməz Novruzoğlu




