80- ci illərdə doğulanlar niyə daha çox xroniki ağrı yaşayır?
10-09-2026, 11:23

Son araşdırmalarda 1981–1996-cı illər arasında doğulanların yəni Y nəslinin özündən sonra gələn Z nəslinə nisbətən daha çox xroniki ağrı yaşadığı göstərilir.
Y nəsli dünyanın çox sürətlə dəyişdiyi bir dövrdə böyüdü.
Diqqət etsək görərik ki, mayyalıların" 2000-ci ildə dünya dağılacaq" mifi qismən reallaşdı. 2000- ci illərdən etibarən dünyada iki böyük dəyişiklik eyni vaxtda baş verdi: fərdiyyətçiliyin yüksəlişi və texnologiyanın sürətli inkişafı. Yəni bizim dünyamız 2000- ci ildə həqiqətən də dağıldı.
Əvvəllər insanın həyatı daha çox kollektiv münasibətlər üzərində qurulurdu. Uşaqlar küçədə oynayır, qonşular bir-birini tanıyır, ailələr daha çox bir yerdə vaxt keçirir, insanlar bir-birindən asılı yaşayırdı.
Bunun əlbəttə ki, mənfi tərəfləri də vardı. Şəxsi sərhədlər daha çox pozulurdu, insanın özünə aid məkanı az idi. Amma bütün bunların başqa bir tərəfi də vardı: İnsan özünü tək hiss etmirdi. Ünsiyyət qurmaq üçün internetə ehtiyac yox idi. İnsan həyatı real münasibətlərin içində keçirdi. Sonra nə baş verdi? Fərdiyyətçilik gücləndi. İnsana “öz həyatını özün qur”, “heç kimdən asılı olma”, “ən yaxşı ol”, “uğur qazan”, “özünü reallaşdır” deyildi.
Əvvəllər ailədə bir televizor vardı və hamı eyni otaqda oturub eyni verilişə baxırdı. İndi isə hər kəsin öz ekranı, öz dünyası, öz alqoritmi var.
Y nəsli bütün dəyişikliklərin şahidi oldu. Z nəsli isə artıq dəyişmiş dünyaya doğuldu. Ondan əvvəlki nəsillər isə bu dəyişikliklərin böyük hissəsi baş verəndə artıq müəyyən yaşa çatmışdılar. Y nəsli isə keçidi uşaqlıq və yeniyetməlik dövründə yaşadı.Bu, çox vacib fərqdir.
Çünki insanın dünyaya baxışı məhz həmin illərdə formalaşır. Məsələn mən uşaq olanda istədiyin musiqini istədiyin anda dinləmək mümkün deyildi. Yadıma gəlir bacımla radionun qarşısında oturub sevdiyimiz mahnının səslənməsini gözləyirdik. Səslənirdisə, şanslı idik. Səslənmirdisə, başqa mahnıya qulaq asırdıq. Sonra texnologiya bir anda dəyişdi.
Bir neçə il ərzində radio qarşısında mahnı gözləyən uşaqdan istədiyi mahnını bir kliklə açan insana çevrildik.
Bu dəyişikliklərin sürəti heyrətamiz idi.
Eyni şeyi sosial rifah məsələsində də görmək mümkündür.
Bir vaxtlar müəyyən imkanların normal olduğunu düşünürdük. Sonra həmin imkanların bir-bir yoxa çıxdığını gördük.
Məsələn, uşaqlıqda yay tətilində hara gedəcəyini düşünmək adi məsələ idi. Sonralar isə eyni şey lüksə çevrildi.
İki dünya arasında isə cəmi on il vardı.
Y nəslinin əsas problemi də bəlkə budur. Biz həm köhnə dünyanın necə olduğunu gördük, həm də onun necə yoxa çıxdığının şahidi olduq.
Bizdən əvvəlkilərin dəyişməz hesab etdiyi şeylərin dəyişdiyini gördük.
Ailə münasibətləri dəyişdi.
İş anlayışı dəyişdi.
Texnologiya dəyişdi.
İqtisadi reallıq dəyişdi.
Ünsiyyət dəyişdi.
İnsanların bir-birinə münasibəti dəyişdi. Bütün bunlar çox qısa müddətdə baş verdiyi üçün Y nəslində qəribə bir sabitliksizlik hissi yarandı.
İnsan nəyə güvənəcəyini bilmir.
Çünki dünən doğru olan şey bu gün artıq işləmir.
Bir vaxtlar həyatın təbii hissəsi hesab etdiyimiz şeylərin bir gün yox ola biləcəyini artıq bilirik.
Y nəsli düşmən ərazisində tək qalmış, silahsız bir əsgər kimidir.
Hara getməli olduğunu dəqiq bilmir.
Amma qaldığı yerdə də özünü təhlükəsiz hiss etmir.
Hər dəyişiklik bir az təhlükə kimi görünür.
Çünki o, həm köhnə dünyanın təhlükəsizliyini görüb, həm də həmin dünyanın necə dağıldığını yaşayıb.
Z nəslinin bəzi nümayəndələri üçün isə vəziyyət fərqlidir. Onlar heç vaxt mövcud olmayan bir dünyanın yoxluğunu hiss etmirlər. Çünki həmin dünyanı görməyiblər.
Y nəslinin ağrısı bəlkə də məhz bundan gəlir.
Gunel Musa

