Qırmızı diplomatiya – “Filan şeyi istəyirəm. Verəcəksiz!”

16-09-2026, 11:58           
Qırmızı diplomatiya – “Filan şeyi istəyirəm. Verəcəksiz!”
Dövran dəyişib, daha uzun-uzun danışmağa ehtiyac yoxdur, siyasətçi və diplomatlar lakonik, konkret danışırlar, ikibaşlı danışmır, sözlərini birbaşa deyirlər – həm də çox qırmızı və sitalcasına.

Nümunələrə keçək. Rusiyanın xarici siyasət idarəsinin sözçüsü Mariya Zaxarova Ermənistanın Moskva və Brüssel arasındakı var-gəl etməsini, Kremlə verəcəyi konkret cavabı uzatmasını nəzərdə tutaraq deyib: “Deyirlər ki, sonra qərar verəcəyik. Bəs bu “sonra” nə vaxtdır? Bağışlayın, mebelləri çıxarmağa nə vaxt başlayacaqlar?”

Əvvəllər belə deməzdilər, siyasi ayrılığı məişət səviyyəsinə endirməz, bunu ər-arvadın boşanması məsələsi ilə izah etməzdilər. Zaxarova isə birbaşa deyir ki, Ermənistan Rusiyanın kəbinli arvadıdır, özünə məşuq tapıb, amma mebelləri çıxarmağa tələsmir.

Məişətdə belə şeylərə dözümlü yanaşdıqlarına baxmayın, rus dövləti siyasətdə bu cür “onu burak, bana gəl” durumuna təhəmmül etmir, dərhal, boynunun ardını qaşımadan “iki sevda çəkənlərin cəzası var” xəbərdarlığı edir və hərəkətə keçir. Ukrayna da əğyar dilinə aldanıban Avropa ilə vüsala yetmək istədi, nəticəsi nə oldu, görürsünüz.

Qırmızı diplomatiyanın ustası isə, bişəkk, Donald Trampdır. Adam yenidən prezident işlədiyi 1 il 8 ayda qırmızı diplomatlığın kitabını yazıb. O kitabdan bir neçə sətiri burda iqtibas edək, yəqinlik hasil olsun.

Hələ səlahiyyətlərinin icrasına başlayanda qızılbaş ser dedi: “Kanada niyə ayrıca dövlət olmalıdır ki? Gəlsin ABŞ-yə birləşsin, 51-ci ştat olsun və onu qubernator idarə etsin”.

Əvvəlcə çox adam elə bildi ki, Tramp zarafat edir, sonra gördülər ki, yox, təklifin nə əvvəlində, nə axırında smaylik işarəsi yoxdur. Kanadanın baş naziri Castin Trüdo bir az üzünü bozartdı, bir az təbəssüm etdi, yüngülvarı etiraz bildirdi, xeyri olmadı. Bir müddətdən sonra Tramp Kanadaya iddiasını təkrar etdi və bu ölkəyə sanksiya qoyacağını açıqladı. O gün yenə də dediyini deyib.

Hazırda Kanadada düşünürlər ki, nə etsinlər, necə eləsinlər, bu kürən bəladan nə cür qurtulsunlar.

Yadınızda olar, Kanada ilə eyni vaxtda Tramp Qrenlandiyanın adını da çəkmişdi: “Qrenlandiya bizim olmalıdır!”

Barak Obamanın və ya Bill Klintonun vaxtı olsa və ABŞ həqiqətən də Qrenlandiyaya ehtiyac duysa, misterlər Danimarka rəhbərliyinə belə deyərdilər: “Dövlətlərimiz arasında uzun sürən dostluq, müttəfiqlik münasibətlərini nəzərə alaraq, hesab edirik ki, Qrenlandiyada ABŞ hərbi bazalarının yerləşdirilməsi dövlətlərimizin qlobal təhlükəsizliyi baxımından əlverişli olar, eyni zamanda ABŞ şirkətlərinin Danimarka şirkətləri ilə birlikdə adanın yeraltı sərvətlərinin istismarına başlaması həm Danimarka, həm də ABŞ üçün böyük iqtisadi dividəndlərin təmn edilməsi yolunda effektiv rıçağa çevrilər”. Bu stildə uzun bir sicilləmə.

Amma Tramp uzun danışmağı sevmir, yuxarıdakı cümlələrin yekun parafrazı nədirsə, onu deyir: “Qrenlandiya bizə lazımdır. Onu normal qiymətə bizə satın, ya da...”. İndi danimarkalılar da, qrenlandiyalılar da fikirləşə-fikirləşə qalıblar, Pentaqonun adaya desant çıxaracağı günü gözləyirlər. Bundan əvvəl Tramp uzağı bir dəfə Danimarkanın baş nazirinə zəng edəcək və deyəcək: “Nə oldu, adanı xoşluqla vermirsən? Yoox? Verəssən!” Vəssalam.

Nikolas Maduro qırmızı diplomatiyanın incəliklərini anlamadı, Tramp ona deyəndə ki, nefti bizə ver, özün də hakimiyyətdən rədd ol, Maduro təklifi “ho-ho-ho” sədalı gülüşlə qarşıladı. Nə də komandasında bir müdrik adam olmadı ki, onu başa salsın. Nəticədə adamı gecəylə evindən arvadı qarışıq götürdülər, ABŞ-yə apardılar, indi üstündən nəşə tapıb, ittiham edirlər.

Panama dövlətini idarə edənlər isə hamıdan ağıllı çıxdılar, gördülər, Panama kanalına tamah salmış Trampın sözünü (“Panama bizimdir, bizim olacaq”) ciddiyə almasalar, qapaz yeyəcək, panamaları, sombreroları boğazlarına keçəcək, dedilər, Tramp necə məsləhət bilir, elə olsun.

Hazırda qırmızı diplomatiyaya hədəf olan dövlətlər o qədər də müqavimət göstərmirlər. Qazaxıstan deyir, bala Tramplara ölkənin nadir torpaq elementləri lazımdırsa, gəlsinlər, işləsinlər, nə olacaq ki?

Albaniya hökuməti deyir, ölkənin ən yaxşı kurort zonası kürəkən Cared Kuşnerə və onun ömür-gün yoldaşı İvanka Trampa qurbandır, gəlib, tikib-qursunlar.

Hətta Əfqanıstanın mollaları özləri elçi düşüblər, ABŞ-yə ismarış göndəriblər ki, gəlin sərvətlərimizin istismarı üçün milyardlıq sərmayə qoyun, əl-ələ verək, işləyək.

Bir sözlə, Tramp hansı ölkəyə barmaq tuşlayır, “mənə sizdən filan şey lazımdır” deyirsə, çoxu razılaşır.

İran hələ dirəşir. Tramp İrandan çox şey istəmir, eləcə nefti, Hörmüz boğazına nəzarəti, ölkənin başqa, üzüyola hökumət tərəfindən idarə edilməsini istəyir.

Ukraynanı da dirəşənlər cərgəsinə aid etmək olar. Tramp iki ildir qızıl-qırmızıca Kiyevin Moskvaya təslim olmasını istəyir, amma Zelenskigil söhbəti fırladırlar.

Çin isə ABŞ-nin tələblərinə məhəl qoymur - nə qırmızı-qırmızı dediklərinə, nə klassik diplomatiya dilində irad etdiklərinə.

İndilikdə bizim üçün isti-soyuğu yoxdur, amma ser bir gün “Zəngəzur mənimdir, Mehridə yolpulunu mən yığacam” desə, İran, Türkiyə, Rusiya, ermənilər və biz xeyli pəjmürdə olacağıq.

**

Dünya köhnə dünyadır, taleyranları təzədir və uzun danlşmırlar.

Samir SARI












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]