"Vitse-prezidentin evindən çamadanlarla dolu milyonlarla dollar çıxdı" - İlham Əliyev AP-nin rüşvətxorlar yuvası olmasından danışdı
16-09-2026, 10:18

İlham Əliyev 2022-ci ildə baş verən “Qətərgeyt” işini xatırladaraq deyib ki, Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
“30 il biz bütün Avropa təşkilatlarında öz səsimizi ucaldırdıq, həqiqəti çatdırmağa çalışırdıq”.
Bestmedia.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə bildirib.
Dövlət başçısı Azərbaycanın Avropa institutları ilə münasibətlərində uzun illər ərzində qarşılaşdığı yanaşmadan danışıb. İlham Əliyev qeyd edib ki, hələ 2001-ci ildə, Azərbaycan Avropa Şurası Parlament Assambleyasına üzv olduqdan sonra ölkənin nümayəndə heyətinin rəhbəri kimi Ermənistanın işğal siyasətinə siyasi qiymət verilməsi məsələsini gündəmə gətirib.
Prezident bildirib ki, Azərbaycanda heç vaxt Avropa Şurasından Ermənistanla hərbi mübarizə aparması tələb olunmayıb. Tələb yalnız işğal faktına siyasi qiymət verilməsi və işğalçının işğalçı kimi tanınması olub.
“Elə mən özüm şəxsən 2001-ci ildə, - o vaxt Milli Məclisin deputatı idim, Azərbaycan Avropa Şurası Parlament Assambleyasına üzv olmuşdu, mən də Azərbaycan nümayəndə heyətinin başçısı idim, - bizim nümayəndə heyəti oraya gələndə, birinci növbədə bu məsələni qaldırdıq ki, ədalətsizliyə son qoyulmalıdır və nə tələb edirdik. Tələb etmirdik ki, Avropa Şurası, gedin, Ermənistana qarşı vuruşun. Tələb edirdik ki, siyasi qərar qəbul edin. İşğalçını işğalçı adı ilə çağırın və siyasi qərarın qəbul edilməsi faktiki olaraq bir siyasi qiymətdir”.
İlham Əliyevin sözlərinə görə, həmin dövrdə bu tələb yerinə yetirilməyib. Əksinə, Azərbaycanın öz haqqını müdafiə etməsinə qarşı müxtəlif kampaniyalar aparılıb.
“Bunu etmək istəmədilər. Siyasi qiymət verilmədi. Əksinə, bizi qaralayırdılar, bizi ləkələyirdilər və bu gün də bu, davam edir”, – Prezident deyib.
“Azərbaycan gücləndikcə bizə qarşı çirkin media kampaniyası aparılır”
Dövlət başçısı bildirib ki, Azərbaycan öz gücünü və potensialını artırdıqca ölkəyə qarşı Qərbdə yeni media kampaniyalarının şahidi olur.
“Baxın, indi Azərbaycan gücləndikcə, necə deyərlər, öz potensialını tam işə saldıqca, yenə də bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır. Yəni bizi qaralayırlar, Azərbaycan haqqında hər gün yalan, iftira, böhtanla dolu yazılar dərc edilir”.
Prezidentin fikrincə, bu yanaşma Avropa institutlarının Ermənistan-Azərbaycan münaqişəsi dövründə tutduğu mövqe ilə bağlı suallar doğurur.
“Avropa Şurasında Ermənistana qarşı sanksiya tətbiq edilmədi”
İlham Əliyev Ermənistanın uzun illər Azərbaycan ərazilərini işğal altında saxlamasına baxmayaraq, Avropa Şurası tərəfindən Ermənistana qarşı sanksiyaların tətbiq edilmədiyini vurğulayıb.
O bildirib ki, Azərbaycan 2023-cü ilin sentyabrında Qarabağda separatçılığa son qoyduqdan və ərazi bütövlüyünü tam bərpa etdikdən cəmi bir neçə ay sonra Avropa Şurasının Azərbaycana qarşı sanksiya tətbiq etməsi həmin qurumların yanaşmasındakı ziddiyyəti göstərir.
“Avropa Şurasında Ermənistana qarşı sanksiya tətbiq edilmədi. Amma biz ki, 2023-cü ilin sentyabrında Qarabağı tam azad etdik, separatçılığın kökünü kəsdik və separatçıları həbs etdik, deməli, ondan dörd ay sonra Avropa Şurası bizə qarşı sanksiya tətbiq etdi. Bax, onların əsl siması budur”.
İlham Əliyev: “Avropa Parlamenti rüşvətxorlar yuvasıdır”
Prezident daha sonra Avropa Parlamentinin fəaliyyətini də sərt ifadələrlə tənqid edib. İlham Əliyev qurumda korrupsiya ilə bağlı qalmaqallara toxunaraq Avropa Parlamentini “rüşvətxorlar yuvası” adlandırıb.
“Avropa Parlamenti rüşvətxorlar yuvasıdır. Bunu mən tam məsuliyyətlə deyirəm - rüşvətxorlar yuvasıdır Avropa Parlamenti”.
Dövlət başçısı bu fikrini Avropa Parlamentinin keçmiş vitse-prezidenti Eva Kaili ilə bağlı korrupsiya qalmaqalına istinad etməklə əsaslandırıb. 2022-ci ildə “Qətərgeyt” işi çərçivəsində Kailinin saxlanılması və onun evində axtarış aparılması Avropa Parlamentində ciddi korrupsiya qalmaqalına səbəb olmuşdu. İş üzrə böyük məbləğdə nağd pulun aşkarlanması Avropa institutlarında şəffaflıq və lobbiçilik məsələləri ilə bağlı ciddi müzakirələrə yol açmışdı.
İlham Əliyev isə bu hadisəni belə qiymətləndirib:
“Onun vitse-prezidentinin evindən çamadanlarla dolu milyonlarla dollar çıxdı, hamısını ört-basdır etdilər. Elə bil olmayıb bu. Onun adı bəllidir, o Yunanıstandan olan bir xanım deputatdır. Neçə il keçib onun üstündən? Bir ölçü götürülüb ona qarşı? Yox! Məsuliyyətə cəlb edilib? Yox! Sərbəst buraxılıb”.
Prezident, həmçinin Avropa Parlamentində islamofob yanaşmaların mövcud olduğunu bildirib və bu məsələnin diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb:
“Avropa Parlamenti bax, bu islamofoblardan ibarətdir və bu da daim diqqət mərkəzində olmalıdır”.
Beləliklə, İlham Əliyevin çıxışında əsas mesajlardan biri Azərbaycanın Ermənistanın işğalı dövründə Avropa institutlarından siyasi ədalət tələb etməsinə baxmayaraq, bunun təmin edilməməsi, əksinə, Azərbaycan ərazilərini azad etdikdən sonra ölkəyə qarşı müəyyən Avropa strukturlarının sərt mövqe nümayiş etdirməsi olub.
Prezidentin fikrincə, bu yanaşma Qərbin Azərbaycanla bağlı ikili standartlarının göstəricisidir.

