Yeni tədris ili bizim üçün sürprizlə başladı!
16-09-2026, 00:11

Ötən gün nazirimiz Emin Amrullayev şagirdlərə çağırış etdi ki, məktəbə getsinlər. Mən də hesab edirəm ki, şagird təhsili məktəbdə almalıdır, repetitor yanında yox. Eyni zamanda E. Əmrullayevi Azərbaycanın ən səmimi naziri hesab edirəm. Onun təhsil sistemindəki problemlərə tənqidi yanaşmasını alqışlayıram.
Lakin, bəzən orta məktəblər elə qərarlar verirlər ki, valideyn qalır mat-məəttəl...
Muradın getdiyi 45 nömrəli məktəbdə bu ildən dəyişiklik olub. 7-ci siniflərin dərsi saat 11.30-da başlayacaq. Mən bu vaxta kimi orta məktəbdə 11.30-da dərs başlayacağına ilk dəfə şahid oluram. Səhər və ya günorta, hətta üçüncü növbələrin olması başa düşüləndir. Amma 11.30 nədir?!
Bu bizə nə problem yaradır?
Saat 11.30-da dərs başlaması o deməkdir ki, dərslər saat 4 və ya 5-də bitəcək.
Murad musiqi məktəbinə gedir və bu sahədə çox böyük potensialı var. İndi necə olacaq? O tutaq ki, saat 5-də orta məktəbdən çıxıb musiqi məktəbinəmi gedəcək?! Belə bir rejim 12 yaşlı uşaq üçün nə qədər uyğundur?! Eyni zamanda Qarabağ Futbol akademiyasında məşqlərə gedir. Əvvəl məktəbdə birinci növbə idi. Biz musiqi və idmanı elə bölmüşdük ki, həftədə 2-3 gün musiqi, 2-3 gün idmanla məşğul olurdu. Amma indi hər şey dəyişdi və elə bir situasiya yaratdılar ki, məcbur məktəbə getməli, digər iki həyatında mühüm tol oynayacaq aktivitəni buraxmalıdır. Eləmi cənab nazir, 45 nömrəli məktəbin rəhbərliyi?
Elə deyil...
Hələ mən valideynlərin səhər tezdəndən işə gedəcəyini, evdə tək qalacaq 12 yaşlı uşağın məktəbə hazırlaşıb getmək problemlərini demirəm....
Bu təkcə bizim yox, bütün 7-ci siniflərin problemidir. Valideynlər və uşaqlar boykot edirlər. Şikayət edirlər. Problem həll olunmasa o sinif ən azı yarıbayarı boş qalacaq.
Şəxsən mən də düşünürəm ki, orta məktəbə getməkdəndirsə, musiqi və idman fəaliyyətini davam etdirməsi, eyni zamanda repetitor yanına gedir əsas fənlərdən təhsilini davam etdirməsi daha uyğundur.
Bax belə...
İndi seçim qarşısındayıq. Biz dərslərin əvvəlki qaydada birinci növbədə başlamasını tələb edirik.
Siz də siniflərin dolu olmasını istəyirsinizsə anlayış göstərin.
Elnur Məmmədli
TEREF

