Gizli görüntülər: ABŞ hərbçisi İrandan 50 saat sonra çıxarılıb
14-09-2026, 17:18

İranda vurulan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-15E “Strike Eagle” qırıcısının silah sistemləri zabiti iki gün düşmən xəttinin arxasında yaralı və tək qaldıqdan sonra ABŞ Birgə Xüsusi Əməliyyatlar Komandanlığına (JSOC) bağlı qüvvələr tərəfindən xilas edilib.
Ordu.az xəbər verir ki, bu barədə CBS telekanalının “60 Minutes” proqramı məlumat yayıb.
Aprel ayında İran üzərində vurulan F-15E “Strike Eagle” qırıcısının silah sistemləri zabiti təhlükəsizlik səbəbilə “Bravo” çağırış adı ilə təqdim edilib. Təyyarədən katapult oturacağı ilə ayrıldıqdan sonra təxminən 50 saat İran qüvvələrindən gizlənən hərbçi başına gələnləri ilk dəfə danışıb.
“Bravo” bildirib ki, İran qüvvələri ona bir neçə yüz metrədək yaxınlaşıb və ağır yaralı vəziyyətdə təxminən 2130 metr yüksəklikdə yerləşən dağlıq əraziyə qalxıb.
Hadisə müharibənin başlamasından beş həftə sonra, aprelin 3-də gecə saatlarında baş verib. “Dude 44” çağırış adlı F-15E İranın İsfahan şəhərinin cənubundakı dağlıq ərazidə gecə missiyası həyata keçirərkən çiyindən buraxılan raketlə vurulub.
Təyyarədə “Alpha” çağırış adlı pilot və “Bravo” çağırış adlı silah sistemləri zabiti olub. Raketin zərbəsini “yük qatarının vurması”na bənzədən “Bravo” ekipajın təyyarəni xilas etməyə çalışdığını, lakin ciddi zədələr səbəbindən katapult oturacaqlarından istifadə etməyə məcbur qaldıqlarını bildirib.
“Bir neçə saniyə sonra özümüzü İranın tam mərkəzi üzərində süzülərkən gördük”, - deyə “Bravo” bildirib.
Zədələnmiş paraşütlə sərt eniş
Raket zərbəsi “Bravo”nun katapult oturacağına və paraşüt sisteminə də zərər vurub. Hərbçi katapultdan ayrıldıqdan sonra bir anda paraşütünü görə bilmədiyini və bunu həyatının ən qorxulu anı hesab etdiyini bildirib.
“Bravo” eniş zamanı zədələnmiş paraşütü aça bilmək üçün sistemi düzəltməyə çalışıb.
Tibb mütəxəssislərinin qiymətləndirməsinə görə, hərbçi yerə saatda təxminən 110-160 kilometr sürətlə çırpılıb. Düşmə nəticəsində onun onurğası, qolu və çiyni sınıb, ayaq biləyi burxulub, baş və üz nahiyəsində qanaxmalı yaralar yaranıb.
Buna baxmayaraq, o, eniş yerindən uzaqlaşmağa başlayıb.
İran qüvvələri bir neçə yüz metrədək yaxınlaşıb
F-15E-nin düşməsindən sonra İran qüvvələri amerikalı ekipaj üzvlərini ələ keçirmək üçün axtarışa başlayıb. “60 Minutes” ABŞ hərbi mənbələrinə istinadən İran qüvvələrinin “Bravo”ya bir neçə yüz metrədək yaxınlaşdığını bildirib.
“Bravo” İran qüvvələrinin onu axtardığına əmin olduğunu deyib. “Onların gəldiyini bilirdim. Məni axtardıqlarını dəqiq bilirdim”, - deyə o bildirib.
Hərbçi sağ qalma və düşməndən yayınma təlimlərinə əsaslanaraq əsas prioritetinin düşməndən uzaqlaşmaq, gizlənə biləcəyi ərazi tapmaq və dost qüvvələrlə əlaqə yaratmaq olduğunu bildirib.
Ağır yaralarına baxmayaraq dərədən uzaqlaşan “Bravo” daha təhlükəsiz hesab etdiyi yüksək əraziyə doğru hərəkət edərək təxminən 2130 metr yüksəklikdəki dağ silsiləsinə qalxıb.
“Bravo”nun yanında normalda katapult oturacağında saxlanılan geniş sağqalma dəsti olmayıb. Raket zərbəsi nəticəsində bu avadanlığı itirən hərbçinin üzərində yalnız sağqalma jileti, rabitə və siqnal cihazları, həmçinin az miqdarda su olub.
İlk pilot altı saat sonra xilas edilib
F-15E-dən ayrılan iki hərbçi bir-birindən kilometrlərlə uzaqda yerə enib. ABŞ qüvvələri təxminən altı saat sonra pilot “Alpha”nı tapıb.
“60 Minutes” tərəfindən yayımlanan məxfiliyi aradan qaldırılmış görüntülərə görə, “Alpha”nın xilas edilməsi üçün keçirilən gündüz əməliyyatında bölgəyə 21 hava vasitəsi göndərilib. Onlardan ikisi birbaşa xilasetmə missiyasında istifadə olunan helikopterlər olub.
Sosial şəbəkələrdə yayılan görüntülərdə ABŞ helikopterlərinin atəşə məruz qaldığı görülüb.
Dağlıq ərazidə qalan “Bravo” “Alpha”nın xilas edilməsini olduğu yerdən izləyib. Eyni qüvvənin “Bravo”nu tapmaq cəhdi isə nəticəsiz qalıb və komanda ərazidən geri çəkilib.
“Bravo” ilk gecə ABŞ qüvvələrinə “Yaralıyam. Hərəkət edirəm. Allah yaxşıdır” mesajlarını göndərə bilib.
MKİ əməliyyata cəlb olunub
“Bravo”nun tapılmasında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) mühüm rol oynadığı bildirilib. “60 Minutes”un məlumatına görə, MKİ İran qüvvələrini çaşdırmağa yönəlmiş aldatma tədbirlərinin də daxil olduğu çoxşaxəli əməliyyat həyata keçirib.
Məxfi texnologiyalardan istifadə etməklə “Bravo”nun mövqeyi müəyyənləşdirilib.
Xilasetmə qüvvələrinin əraziyə çatmasına şərait yaratmaq üçün ABŞ bombardmançı təyyarələri və PUA-ları “Bravo”nun olduğu ərazinin yaxınlığındakı İran İslam İnqilabı Keşikçiləri Korpusunun qüvvələrinə zərbələr endirib.
CBS bu hücumlarla bağlı daha əvvəl məxfi saxlanılan bəzi görüntülərin də ictimaiyyətə açıqlanıb.
“Little Bird” helikopterləri dağa göndərilib
F-15E-nin vurulmasından təxminən iki gün sonra “Bravo”nun xilas edilməsi üçün ikinci və daha genişmiqyaslı əməliyyat başladılıb.
Xilasetmə qüvvələri iki böyük axtarış-xilasetmə təyyarəsi ilə İran ərazisindəki müvəqqəti səhra uçuş zolağına enib. Təyyarələrdən “Bravo”nun bir neçə kilometr uzaqdakı dağ silsiləsinə çata biləcək kiçik “Little Bird” helikopterləri çıxarılıb.
Helikopterlər dağ silsiləsinə çatdıqdan sonra ABŞ Hərbi Hava Qüvvələrinin Pararescue (PJ) bölmələrinin elit paraşütçü-xilasetmə heyəti yaralı hərbçinin yanına çatıb.
“Bir PJ-in həmin dağ silsiləsində qarşıma çıxdığı an həyatımın ən gözəl anlarından biri idi”, - deyə “Bravo” bildirib.
Hərbçinin xilasetmə qrupuna dediyi ilk söz isə qısa olub: “Gedək”.
Xilasetmə təyyarələri səhrada ilişib qalıb
Əməliyyat “Bravo”nun helikopterə götürülməsi ilə başa çatmayıb. Xilasetmə qüvvələri müvəqqəti uçuş zolağına qayıtdıqda böyük xilasetmə təyyarələrinin eniş qurğularının səhra qumuna batdığı və təyyarələrin havaya qalxa bilmədiyi məlum olub.
Bundan sonra ABŞ Hərbi Hava Qüvvələrinin məxfi bölməsi əməliyyata cəlb edilib. “Bravo” ilə birlikdə əməliyyatda iştirak edən 90-dan çox xüsusi təyinatlı hərbçi İrandan təxliyə edilib.
ABŞ ordusu səhrada buraxmaq məcburiyyətində qaldığı təyyarələri üzərlərindəki həssas hərbi texnologiyanın İranın əlinə keçməsinin qarşısını almaq üçün bombalayaraq məhv edib.
50 saatlıq əməliyyat
“Bravo” F-15E-nin vurulmasından təxminən 50 saat sonra İran ərazisindən çıxarılaraq təhlükəsiz əraziyə çatdırılıb.
Əməliyyat boyunca demək olar ki, heç bir qidası olmayan və çox az su ilə sağ qalan hərbçi yüksək yüksəklikdəki səhrada soyuq hava, güclü külək, ağır yaralar və İranın axtarış qüvvələri ilə mübarizə aparıb.
“Bravo” tutulacağı təqdirdə nə edəcəyini düşündüyünü və silahlı olduğunu təsdiqləyib. Lakin əsas prioritetinin İran qüvvələri ilə döyüşmək deyil, qarşısına çıxan növbəti problemi həll etmək və xilasetmə qrupunun ona çatması üçün vaxt qazanmaq olduğunu bildirib.
“Heç vaxt şübhə etmədim”
“Bravo” ABŞ ordusunun onu xilas etməyə gələcəyinə heç vaxt şübhə etmədiyini deyib. “Bir gün də çəksə, bir il də çəksə, Amerikanın verdiyi sözə əməl edəcəyini və məni xilas edəcəyini bilirdim”, - deyə hərbçi bildirib.
O, baş verənləri şəxsi sağqalma hekayəsindən daha çox kollektiv hərbi əməliyyat kimi qiymətləndirib. “Bu, mənim yaşadıqlarımın hekayəsi deyil. Bu, komanda işinin, təlimin, inancın, qərarların və liderliyin hekayəsidir”, - deyə “Bravo” bildirib.
Pilot “Alpha” isə “60 Minutes”un müsahibə təklifini qəbul etməyib, lakin proqrama yazılı açıqlama göndərib.
Yenidən uçuş missiyalarına qayıtdığı bildirilən “Alpha” açıqlamasında onu və “Bravo”nu xilas edən döyüş axtarış-xilasetmə heyətinin və birgə qüvvələrin peşəkarlığına minnətdarlığını ifadə edib və əməliyyatda iştirak edən şəxslərə təşəkkürünü bildirib.
Şahin Qocayev

