Bərdədə baytarlıq aptekləri millətə divan tutur!!! VİDEO
14-09-2026, 09:18

Bərdədə baytarlıq apteklərinə kim nəzarət edir?
Bərdədə fəaliyyət göstərən bəzi baytarlıq aptekləri ilə bağlı ciddi narazılıqlar səslənir. Sakinlərin iddialarına görə, bir sıra apteklərdə satılan baytarlıq preparatlarının üzərində istehsal və son istifadə tarixləri, tərkibi və istifadə qaydaları barədə zəruri məlumatlar ya göstərilmir, ya da natamam olur.
Daha ciddi iddialardan biri isə bəzi preparatların qeyri-standart, kustar üsulla hazırlandığı və keyfiyyətinə dair sualların mövcud olmasıdır. Buna baxmayaraq, həmin məhsulların qiymətlərinin kifayət qədər yüksək olduğu bildirilir.
Digər narazılıq doğuran məsələ apteklərdə çalışan şəxslərin peşəkar hazırlığı ilə bağlıdır. İddialara görə, bəzi satış məntəqələrində baytarlıq mütəxəssisi olmayan şəxslər heyvan sahiblərinə dərman və müalicə ilə bağlı məsləhətlər verirlər.
Mənim özüm də belə xidmətlərdən istifadə zamanı ziyana düşmüşəm. Lakin məsələ yalnız şəxsi zərərlə məhdudlaşmır. Söhbət heyvanların sağlamlığından, təsərrüfat sahiblərinin maddi itkilərindən və nəticə etibarilə istehlakçı təhlükəsizliyindən gedir.
Daha bir ciddi iddia isə odur ki, Bərdədə fəaliyyət göstərən baytarlıq apteklərinin bir hissəsində satış zamanı müştərilərə kassa çeki verilmir. Əgər bu iddia təsdiqini taparsa, burada artıq yalnız baytarlıq preparatlarının keyfiyyəti deyil, vergi və istehlakçı hüquqları məsələsi də gündəmə gəlir.
Bəs bu apteklərə kim nəzarət edir?
AQTA, vergi orqanları və digər aidiyyəti dövlət qurumları Bərdədə fəaliyyət göstərən baytarlıq apteklərində yoxlamalar aparırmı? Preparatların mənşəyi, sertifikatları, son istifadə tarixləri və saxlanma şəraiti araşdırılırmı? Apteklərdə çalışan şəxslərin müvafiq ixtisasının olub-olmaması yoxlanılırmı? Satış zamanı çek verilib-verilməməsinə kim nəzarət edir?
Əgər bütün bunlar yoxlanılırsa, nəticələr niyə ictimaiyyətə açıqlanmır?
Yox, əgər nəzarət mexanizmi işləyirsə, onda Bərdədə bu qədər narazılığın yaranmasına səbəb nədir?
Aidiyyəti qurumlardan konkret cavab gözləyirik.
Bərdədə baytarlıq apteklərində həqiqətən nə satılır və bu sahəyə kim nəzarət edir?
Xəyyam Salmanzadə

