Qarabağ sadəcə “gəldim, gördüm, çəkdim” məkanı deyil.
14-09-2026, 00:10

Suallarım media siyasətini müəyyən edənlərədir:
Niyə jurnalistin peşəkarlığı ilə blogerin izləyici sayı eyni tərəzidə çəkilir?
Niyə jurnalistə “sən nə qədər izlənirsən?” sualı verilir, “sən nə qədər yaxşı yaza bilirsən?” sualı yox?
Sizə də elə gəlmirmi ki, jurnalistikanın gələcəyini yalnız baxış sayı ilə ölçməyə başlayanda, biz əslində jurnalistikanın öz mahiyyətini dəyişirik.
Aşpazın videosuna bir milyon insan baxa bilər. Bərbərin videosuna iki milyon. Bir insanın küçədə etdiyi adi hərəkət belə bir gündə milyonlarla baxış toplaya bilər.
Niyə reportaj yazmağı bacaran, illərlə bu peşədə çalışan jurnalistin yerinə bəzən sadəcə kamerasını yaxşı tutan və auditoriyası böyük olan adam daha əlverişli görünür?
Dövlət niyə informasiya siyasətində jurnalistə əvvəlki qədər ehtiyac duymur?
Son illərdə Qarabağ səfərləri haqqında xəbərlərə baxanda qəribə bir mənzərə görünür: sosial şəbəkə simaları, blogerlər, böyük izləyici auditoriyası olan şəxslər getdikcə daha çox görünür.
Blogerin getməsinə qarşı deyiləm.
Əsla.
Bloger də getsin. Çəkib göstərsin. Danışsın. Öz auditoriyasına çatdırsın.
Amma jurnalistin yeri niyə boş qalmalıdır?
Qarabağ sadəcə “gəldim, gördüm, çəkdim” məkanı deyil.
Burada reportaj var.
Burada tarix var.
Burada insan taleləri var.
Burada rəqəmlərin arxasında yaşayan insanlar var.
Burada bir kəndə qayıdan ailənin hekayəsi var.
Bir şəhərin yenidən qurulmasının görünməyən tərəfləri var.
Bunları isə təkcə kamera ilə çəkmək yox, jurnalist kimi görmək lazımdır.
Blogerin əsas kapitalı auditoriyasıdır.
Jurnalistin əsas kapitalı isə peşəsidir.
Bir ölkənin informasiya yaddaşını yalnız sosial şəbəkə videolarına həvalə etmək olmaz.
Gunel Musa

