Son 20 ildə Azərbaycanda 1000-dən çox kitabxana bağlanıb
18-09-2026, 11:44

Kitaba maraq, kitabxanaların sayı cəmiyyət üçün həssas məsələdir. Mümkün qədər say qorunmalı, kitab nüsxələri artırılmalıdır. Azərbaycanda isə bunun əksi baş verir. Təkcə son 20 ildə ölkədə 1000-dən çox kitabxana bağlanıb. Demək olar, hər il azalma müşahidə edirik.
Bizimyol.info xəbər verir ki, Azərbaycanda 2907 kitabxana fəaliyyət göstərir. Bunların 2500-ü kəndlərin payına düşür. Bakıda cəmi 97 kitabxana var. Şəhərin Pirallahı rayonu heç kitabxana olmaması ilə fərqlənir. Naftalanda yalnız 1 belə müəssisə işini dayandırmayıb.
Kitabxanaların sayı son illər daha aşağı sürətlə azalır. Elə bir dövr vardı ki, hər il onlarla maarif ocağı tarixin yaddaşına qovuşurdu.
Müstəqillik dövrünün rekordu 1992-ci ildə qeydə alınıb. Onda kitabxanaların sayı 4900-ü keçib. Özü də son bir il ərzində 100-dən çox müəssisənin yaradılması məlum olmuşdu.
2006-cı ildə say 4004-ə düşüb. Növbəti 9 il ərzində 800-ə qədər kitab yeri fəaliyyətini saxlayıb. 2018-ci ildən çox az kitabxananın bağlanması halı yaşanır.
1991-ci ildə kitabxanalardakı kitabların sayı 46 milyon nüsxəyə çatırdı. İndi həmin ictimai obyektlərdə 27,7 milyon kitabın olduğu bildirilir.
Ayrı-ayrı rayonlarda azalmanın çox böyük olması diqqət çəkir. 2011-ci ildə Şabranda 42 kitabxana varmış, say 29-a düşüb. İsmayıllıda bu illər ərzində say 55-dən 39-a, Qəbələdə 41-dən 20-yə, Balakəndə 38-dən 22-yə, Neftçalada 47-dən 36-a dəyişib.
Çox sözə ehtiyac yoxdur. Kitabxanaların sayının azalması yaxşı gələcəyə işarə vurmur.
Aytən, Bizimyol.info

