Satışda olan ətlərlə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

18-09-2026, 12:24           
Satışda olan ətlərlə bağlı TƏCİLİ XƏBƏRDARLIQ
Baytarlıq müayinəsindən keçməmiş heyvanların kəsilərək ətinin satışa çıxarılması insan sağlamlığı üçün ciddi təhlükələr yarada bilər.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, xəstə və ya xəstəlik şübhəsi olan heyvanların kəsilərək ətinin istehlaka təqdim edilməsi nəticəsində insanlara bruselyoz, qarayara, vərəm və digər zoonoz xəstəliklər keçə bilər.

Həmçinin heyvan mənşəli məhsullar vasitəsilə exinokokk və trixinella kimi parazitlər insan orqanizminə daxil olaraq müxtəlif fəsadlara səbəb ola bilər.

AQTA-nın məlumatına görə, antisanitar şəraitdə heyvanların kəsilməsi zamanı ətin Salmonella, E. coli-nin O157 seroqrupu və Listeria kimi patogen mikroorqanizmlərlə çirklənməsi mümkündür. Bu isə qida zəhərlənməsi riskini artırır.

Agentlik istehlakçıları ət və ət məhsullarını yalnız baytarlıq nəzarətindən keçmiş, müvafiq qaydada fəaliyyət göstərən kəsim məntəqələrindən və satış obyektlərindən almağa çağırıb.

Qeyd olunub ki, qanunsuz kəsim məntəqələrində əldə edilən ət məhsullarının istehlakı insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər.

Əhalinin sağlamlığının və qida təhlükəsizliyinin qorunması məqsədilə AQTA tərəfindən qanunsuz heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində nəzarət tədbirləri davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]