Hökumət "min manat bəsdir" deyir: İqtisadçılar 2 min manat
16-09-2026, 09:52

Azərbaycanda son dövrlərdə ərzaq, kommunal xidmətlər, nəqliyyat və digər gündəlik xərclərin ailə büdcəsində tutduğu pay artır.
Xüsusilə 4 nəfərlik ailənin normal yaşayışını təmin etmək üçün aylıq nə qədər gəlirə ehtiyac olduğu və mövcud gəlirlərin əsas tələbatları nə dərəcədə qarşıladığı aktuallaşır.
Bəs bu gün 4 nəfərlik ailənin normal dolanışı üçün orta hesabla nə qədər aylıq gəlir tələb olunur və həmin vəsaitin hansı hissəsi əsas yaşayış xərclərinə sərf edilir?
İqtisadçı-ekspert İlqar Hüseynov “Cebheinfo.az”-a bildirib ki, 2026-cı il üçün minimum istehlak xərclərinin ümumi məbləği 260 manat müəyyənləşdirilib.
Onun sözlərinə görə, 2027-ci ildə dövlət büdcəsinin müzakirəsi zamanı bu rəqəm dəyişə bilər:
“Əgər sırf dövlətin hesablamaları kontekstindən yanaşsaq, 4 nəfərlik ailənin dolanışığı üçün aylıq minimum 1000 manat vəsait nəzərdə tutmaq olar. Reallıqda isə düşünürəm ki, istehlak səbətinin həcmi dövlətin hesabladığı statistik rəqəmlərlə tam üst-üstə düşməyə bilər. Mən hesab edirəm ki, ən azı ərzaq və digər istehlak malları ilə bağlı bir ailə üzvünün aylıq tələbatı orta hesabla 450-500 manat təşkil edir. Bir nəfər üçün aylıq 450-500 manat hesabladıqda, 4 nəfərlik ailənin normal dolanışı üçün orta hesabla 1800-2000 manat vəsait lazım ola bilər".
Bir ailənin kommunal və nəqliyyat xərcləri isə vaxta və mövsümə görə dəyişir:"Qış aylarında kommunal xərclər artır. Bu da əsasən istilik təchizatı ilə əlaqədardır. Məsələn, 80 kvadratmetrlik mənzilin “Azəristiliktəchizat” tərəfindən istiliklə təmin olunması üçün təxminən 40 manat vəsait sərf olunur. Bura aylıq internet, su, qaz və elektrik xərclərini də əlavə etsək, qış aylarında kommunal ödənişlər təxminən 150-200 manat arasında dəyişə bilər”.
İqtisadçı qeyd edib ki, bütün bu xərclər nəzərə alındıqda, 4 nəfərlik ailənin ən azı orta səviyyədə dolanması üçün aylıq 2000 manat gəlirə ehtiyac var.

