Bəzən uşaqlardan tələb etdiyimiz davranışın ilk dərsini onların valideynlərinə keçmək lazımdır.
16-09-2026, 00:02

Məncə, 3-cü sinifdən yuxarı şagirdin valideyninin məktəbin həyətinə daxil olmasına xüsusi zərurət yoxdursa, buna ehtiyac yoxdur. Məktəbin həyəti seyrək olmalıdır. Müəllimlər şagirdləri sıraları aydın görməlidir. Amma həyətdə şagirddən çox valideyn olur. Hətta elə şagird var nəsillikcə məktəbə gəlir
1–2-ci siniflər üçün valideynin məktəb həyətinə daxil olması başadüşüləndir. Uşaq balacadır, çantasını daşımaqdan tutmuş sinifini tapmağa qədər valideyn dəstəyinə ehtiyacı ola bilər.
Amma 3-cü sinifdən yuxarı artıq uşaq məktəbə özü girə bilməlidir. Çünki məktəb uşağın müstəqillik qazandığı yerdir. Valideynin uşağın arxasınca məktəbin hər küncünə qədər getdiyi yer yox. Uşağı məktəbə gətirdin qapıya qədər ötürdün vəssalam. Şəkil çəkdin bir-iki kadr. Uşağı müəllimə təhvil verdin çıxırsan. Amma bəzən məktəbin həyəti bir anda fotoqrafiya pavilyonuna çevrilir.
Bir uşaq burada dayanır, o biri orada.
“Bir də gülümsə.”
“Başını belə tut.”
“İndi müəllimlə şəkil.”
“Burada dayan, arxada məktəb görünsün.” Vay olar müəllim valideyndən xahiş edəndə ki, “buradan keçməyin”, “uşaqları bu tərəfdə saxlamayın”, “burada dayanmayın”. O saat sanki şəxsi əraziyə müdaxilə edilib. Aqressiya, etiraz, kobud cavab..
Biz uşaqlardan intizam, qaydalara əməl etmək, müəllimə hörmət, növbə gözləmək, başqasının haqqına girməmək tələb edirik.
Amma uşağın gözünün qarşısında böyüyü qaydanı pozur, müəllimlə mübahisə edir, xəbərdarlığı vecinə almır.
Sonra həmin uşağın məktəbdə intizamlı olmasını gözləyirik.. Məktəbdə intizam dərsdən əvvəl başlayır. Bəzən uşaqlardan tələb etdiyimiz davranışın ilk dərsini onların valideynlərinə keçmək lazımdır.
Gunel Musa

