Şəmkirdə şəhidin büstü buna görə sökülübmüş – İcra yeni məlumat yaydı+FOTO

15-09-2026, 12:46           
Şəmkirdə şəhidin büstü buna görə sökülübmüş – İcra yeni məlumat yaydı+FOTO
Şəmkir şəhərində yerləşən Xəqani İbrahimli Parkında aparılan işlərlə bağlı bəzi sosial şəbəkə səhifələrində yayılan məlumatlarla əlaqədar bildiririk ki, Şəmkir şəhərində Fərman Qurban oğlu Salmanovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə heykəlin ucaldılması Azərbaycan Respublikası Prezidentinin 9 iyul 2019-cu il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilir.

Bu barədə Globalinfo.az-ın sorğusuna cavab olaraq Şəmkir Rayon İcra Hakimiyyətindən bildirilib.

“Bununla yanaşı qeyd edirik ki, sözügedən parkda vaxtilə şəhid Xəqani İbrahimlinin büstü mövcud olmuş, 2013-cü ildə Şəmkir şəhərində aparılan abadlıq-quruculuq işləri çərçivəsində büst götürülüb. Son günlər bəzi sosial şəbəkə səhifələrində Xəqani İbrahimlinin büstünün guya Fərman Salmanovun heykəlinin ucaldılması məqsədilə götürülməsi, həmçinin parkın adının dəyişdirilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Hazırda Xəqani İbrahimli adına parkda abadlıq işləri aparılmaqdadır. Abadlıq işləri yekunlaşdıqdan sonra şəhidin ailə üzvlərinin də razılığı ilə büstün əvvəlki yerinə qaytarılması nəzərdə tutulub.

Bir daha vurğulayırıq ki, Şəmkir Rayon İcra Hakimiyyəti şəhidlərin əziz xatirəsinə hər zaman yüksək ehtiram və diqqətlə yanaşır”, – məlumatda vurğulanıb.

Şəhid Xəqani İbrahimlinin büstü

İH sözügedən ərazidə geoloq alim Fərman Salmanovun adını daşıyan park yaradılması xəbərini də təkzib edib:

“Fərman Salmanovun adını daşıyan park yaradılmır. Parkın adı ümumiyyətlə dəyişdirilmir. Sadəcə, orada Fərman Salmanovun heykəli qoyulur”.

Qeyd edək ki, Xəqani İbrahimli Şəmkir rayonunun ilk şəhididir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]