Azərbaycanın sabiq Baş konsulu külli miqdarda qızıl qaçaqmalçılığında ittiham olunur
10-09-2026, 17:07

Sultan Qasımov barəsində başlanmış cinayət işi üzrə istintaq başa çatıb, materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib
Azərbaycanın Sankt-Peterburqdakı sabiq Baş konsulu Sultan Qasımov barəsində cinayət işi üzrə istintaq başa çatıb.
Bestmedia.az xəbər verir ki, əldə olunan məlumata görə, Sultan Məhəmməd oğlu Qasımov külli miqdarda qızılın qaçaqmalçılığı ilə bağlı cinayət işində təqsirləndirilən şəxs qismində tanınıb.
Məlumata əsasən, cinayət işi üzrə araşdırma prokurorluq orqanlarında aparılıb. Sabiq diplomata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib.
İstintaq yekunlaşdırıldıqdan sonra cinayət işi baxılması üçün məhkəməyə göndərilib. İşə yaxın vaxtlarda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılması gözlənilir.
Sultan Qasımov kimdir?
Sultan Məhəmməd oğlu Qasımov diplomatik fəaliyyəti dövründə Azərbaycanın Rusiyadakı konsulluq xidmətində müxtəlif vəzifələrdə çalışıb.
O, 2009-cu ildə Azərbaycanın Rusiya Federasiyasının Yekaterinburq şəhərindəki ilk Baş konsulu təyin edilib və 2016-cı ildə bu vəzifədən geri çağırılıb.
Sultan Qasımov 3 may 2016-cı ildə Azərbaycanın Sankt-Peterburq şəhərində Baş konsulu vəzifəsinə təyin olunub. O, 21 oktyabr 2024-cü ildə həmin vəzifədən geri çağırılıb.
Sultan Qasımovun konsulluq dövrü Polad Bülbüloğlunun Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri (2006-2024) olduğu dövrə təsadüf edir.
Sultan Qasımov 2019-cu ildə Sankt-Peterburqla Azərbaycan arasında ikitərəfli əməkdaşlığın inkişafında fəal xidmətlərinə görə qubernator Aleksandr Beqlovun imzaladığı Fəxri fərmanla təltif olunub. Fəxri fərmanı ona Sankt-Peterburq Xarici Əlaqələr Komitəsinin sədri Yevgeni Qriqoryev təqdim edib.
Qeyd edək ki, cinayət işi üzrə ittihamın məhkəmədə araşdırılması zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirilməyənədək onun təqsirsiz sayılması hüquqi prinsip olaraq qalır.

