Kredit götürmədən bankların "hədəfinə" düşürlər

9-09-2026, 17:24           
Kredit götürmədən bankların "hədəfinə" düşürlər
Bəzi şəxslərin telefonuna banklardan tez-tez kredit təklifləri ilə bağlı SMS-lər və bildirişlər gəlir. Hətta müştəri banka kredit üçün müraciət etmədiyi halda belə ona əvvəlcədən müəyyən məbləğdə kredit təklif oluna bilir. Digər müştərilər isə bu cür təkliflərlə ya çox az qarşılaşır, ya da ümumiyyətlə, qarşılaşmırlar.

Bəs banklar kredit təklif edəcəkləri müştəriləri hansı meyarlar əsasında müəyyənləşdirirlər?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirir ki, banklar üçün əsas məqsəd kredit təklifini ondan yararlanmaq ehtimalı yüksək olan şəxslərə göndərməkdir:

“Bank üçün daha cəlbedici olan şəxslər istehlak krediti götürmək potensialı olan müştərilərdir. Bunun üçün müştərinin kredit tarixçəsinin müsbət olması və digər göstəricilər nəzərə alına bilər. Bank kredit təklifini elə şəxsə göndərmək istəyir ki, həmin şəxsin krediti götürmək ehtimalı olsun. Çünki SMS-lərin göndərilməsi də bank üçün pulsuz deyil və müəyyən xərc tələb edir”.

Ekspertin sözlərinə görə, əksər hallarda kredit təklifləri bankın əlində olan müştəri məlumatları əsasında göndərilir:

"Əksər hallarda şəxs hansısa formada həmin bankla əvvəllər əlaqədə olub, onun müştərisi olub və ya xidmətlərindən istifadə edib. Belə olduqda bankın əlində həmin şəxslə bağlı müəyyən məlumatlar olur və ona kredit təklifləri göndərilir. Bəzi hallarda isə şəxs daha əvvəl həmin bankın müştərisi olmadığı halda da kredit təklifləri ala bilər ki, bu da müştəri bazalarının banklar arasında qanunsuz ötürülməsi ehtimalı ilə də əlaqələndirilir.

Məsələn, şəxs başqa bankın müştərisi olub. Həmin bankın əməkdaşları sonradan başqa banka keçdikdə əvvəlki bankın kredit portfeli və müştəri bazası ilə bağlı məlumatları qanunsuz şəkildə yeni banka gətirə bilirlər. Bundan sonra yeni bank həmin şəxslərə kredit təklifləri göndərir”.

Ekspert vurğulayır ki, belə hallarda təklif göndərilən şəxsin cari maliyyə vəziyyəti hər zaman əvvəlcədən ətraflı təhlil edilməyə bilər:

“Bank həmin şəxsin kredit tarixçəsinin hazırda necə olduğunu, maaşının olub-olmadığını və maliyyə vəziyyətinin dəyişib-dəyişmədiyini bilməyə bilər. Sadəcə, əlində olan bazadan həmin şəxsin vaxtilə hansısa bankın müştərisi olduğunu və kredit götürdüyünü bilir. Buna görə də ona kredit təklifi göndərir. Yəni bəzi hallarda bu təkliflər müştərinin hazırkı vəziyyəti tam təhlil edilmədən, mövcud baza əsasında göndərilir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]