Bəşəriyyət üçün böyük təhlükə gəlir — Açıqlama
8-09-2026, 15:28

ABŞ Siyahıyaalma Bürosunun dünya əhalisinin yaş strukturu ilə bağlı hesabatında bildirilir ki, tarixdə ilk dəfə qocaların sayı körpələrin sayını ötüb. Hesabata görə, dünya tarixində ilk dəfə 65 yaş və yuxarı insanların sayı 5 yaşdan kiçik uşaqların sayını ötüb. Buna əsas səbəb kimi dünyada doğum səviyyəsinin azalması və əhalinin sürətlə qocalması göstərilir. 2022-ci ildə 65 yaşdan yuxarı şəxslərin və 5 yaşdan kiçik uşaqların dünya əhalisində payı təxminən eyni - 10 faiz olub. Lakin bundan sonra yaşlı insanların payı artmağa, azyaşlı uşaqların payı isə azalmağa başlayıb.
Bu tendensiya nədən qaynaqlanır?
Sosioloq Əhməd Rəhmanov Demokrat.az-a açıqlamasında bildirib ki, bütün problemlər SSRİ-nin süqutundan sonra başladı.
Onun sözlərinə görə, belə ki, SSRİ kimi böyük bir ərazini əhatə edən bir dövlətin apardığı siyasət təkcə özünə yox, dünya iqtisadiyyatına da öz təsirini göstərirdi:
“Məsələn, bütün dünyada əmək haqlarının, sosial müavinətlərin, əmək qanunları ilə bağlı qəbul olunan qanunların və həmkarlar ittifaqlarının fəaliyyətində SSRİ-nin rolu danılmazdır. Bu da o deməkdir ki, 1990-cı illərdən sonra dünyada ümumi idarəetmədə dəyişikliklər başladı. Bu dəyişikliklər getdikcə vətəndaşın rifahına qismən xeyir etsə də, başqa bir tərəfdən vətəndaşın sabaha olan inamını sarsıtdı. Mənəvi dəyərlər dəyişməyə başladı”.
Sosioloq əlavə edib ki, əgər nə vaxtsa SSRİ-yə daxil olan və onun təsiri altında olan Avropa dövlətlərində vətəndaş dövlət və dövlətçilik üçün çalışırdısa, bu gün artıq vətəndaş şəxsi maraqlarına, maddi durumuna görə çalışmağa başladı:
“Eləcə də dövlət vətəndaşa olan münasibətini dəyişdi. Əgər nə vaxtsa dövlət üçün vətəndaş əsas dəyər idisə, bu gün vergi ödəyicisi, yəni gəlir mənbəyi dəyərlidir. Bu da ona gətirdi ki, vətəndaşda eqoizm hissi baş qaldırdı. Bu gün vətəndaş artıq sabahı düşünmür, vətəndaş bu gün kef çəkmək, bu gün əylənmək istəyir. Sabah üçün plan qurmur. Belə olan halda uşaq məsuliyyət, müəyyən bir müddətdə məhdudiyyət və əlavə xərc deməkdir. Odur ki, valideynlər az uşaq dünyaya gətirmək yolunu seçiblər”.

