"Binance”ın qurucusu: "Kriptoda ən çətin dövr geridə qaldı"
2-09-2026, 16:24

"Binance”in keçmiş baş direktoru və qurucusu Çanpen Çjao (Changpeng Zhao - CZ) kriptovalyuta bazarında ayı mövsümünün ən çətin mərhələsinin geridə qaldığını bildirib.
Valyuta.az xəbər verir ki, o, Honkonqda keçirilən “Bitcoin Asia 2026” tədbirində çıxışı zamanı kriptovalyuta bazarının çətin dövrdən keçdiyini və hazırkı mərhələnin ən ağır “kripto qışlarından” biri olduğunu deyib.
Çjaonun sözlərinə görə, bazarda bundan sonra da eniş və yüksəlişlər müşahidə oluna bilər, lakin kriptovalyuta sektorunun təməl strukturu əvvəlki dövrlərlə müqayisədə daha güclüdür.
"Ən çətin qış dövrünü geridə qoyduğumuzu deyə bilərik. Ayı mövsümünün ən ağır mərhələsini də arxada qoyuruq. Bundan sonra eniş-yoxuşlar ola bilər, amma təməl struktur əvvəlkindən daha güclüdür”, - CZ bildirib.
Real dünya aktivlərinə ümid edir
Çjao kriptovalyuta sektorunda son dövrdə üç istiqamətdə ciddi irəliləyiş gördüyünü qeyd edib. Bunlar mərkəzləşdirilməmiş birjalar (DEX), real dünya aktivləri (RWA) və stabilkoinlərdir.
Onun fikrincə, real dünya aktivlərinin blokçeyn üzərində tokenləşdirilməsi kriptovalyuta sektorunun növbəti böyük inkişaf istiqamətlərindən birinə çevrilə bilər.
CZ bildirib ki, tokenləşdirmə əməliyyatların daha sürətli həyata keçirilməsinə, sərhədlərarası investisiyaların asanlaşmasına və dünyanın müxtəlif ölkələrindən investorların eyni aktivlərə çıxış əldə etməsinə imkan verə bilər.
O, həmçinin mərkəzləşdirilməmiş birjaların artıq ilkin eksperimental mərhələni geridə qoyduğunu və səkkiz il ərzində kriptovalyuta ekosisteminin daimi hissəsinə çevrildiyini vurğulayıb.
Çjao stabilkoin bazarında da nəzərəçarpacaq artım olduğunu, xüsusilə ABŞ-nin bu istiqamətdə ciddi irəliləyiş əldə etdiyini bildirib.

