“ChatGPT”, “Reddit” və “Roblox” sərt rəqəmsal təhlükəsizlik qaydalarına tabe edilib
1-09-2026, 16:34

Avropa Komissiyası “ChatGPT”, “Reddit” və “Roblox”u Rəqəmsal Xidmətlər Aktı (DSA) çərçivəsində ən sərt tənzimləmə rejiminə daxil edib.
Valyuta.az xəbər verir ki, xidmətlərə yeni tələblərə uyğunlaşmaq üçün dörd ay vaxt verilib.
Məlumata görə, “ChatGPT” çox böyük onlayn axtarış sistemi, “Reddit” və “Roblox” isə çox böyük onlayn platformalar kimi müəyyənləşdirilib.
Qərar nəticəsində hər üç xidmət Avropa İttifaqında (Aİ) daha geniş təhlükəsizlik, şəffaflıq və hesabatlılıq tələblərinə əməl etməli olacaq.
Avropa Komissiyası “ChatGPT”ni DSA çərçivəsində onlayn axtarış sistemi meyarlarına cavab verən “hibrid xidmət” kimi qiymətləndirib.
Buna səbəb platformanın istifadəçi sorğularına cavab verməklə yanaşı, internetdə axtarış apararaq real vaxt rejimində məlumat təqdim etməsidir.
“OpenAI”nin məlumatına görə, 2026-cı ilin martında başa çatan altı ay ərzində “ChatGPT”nin Aİ-də axtarış funksiyasından istifadə edən aylıq aktiv istifadəçilərinin orta sayı təxminən 159 milyon olub.
“Reddit” üzrə bu göstərici 57,2 milyon, “Roblox” üzrə isə təxminən 48 milyon təşkil edib.
DSA-ya əsasən, Aİ-də aylıq istifadəçi sayı 45 milyonu ötən onlayn xidmətlər fəaliyyət istiqamətlərindən asılı olaraq çox böyük onlayn platforma və ya çox böyük onlayn axtarış sistemi kimi təsnif edilə bilər.
Yeni status “ChatGPT”, “Reddit” və “Roblox” üçün bir sıra əlavə öhdəliklər yaradır.
Şirkətlər qanunsuz məzmun, yetkinlik yaşına çatmayanların müdafiəsi, istifadəçilərin psixi və fiziki rifahı, fundamental hüquqlar, seçki prosesləri və ictimai təhlükəsizliklə bağlı sistemli riskləri hər il qiymətləndirməlidirlər.
Bundan başqa, xidmətlər müstəqil auditdən keçməli, tənzimləyici qurumlar və müvafiq yoxlamadan keçmiş tədqiqatçılarla məlumat mübadiləsi aparmalıdır.

