Parklanmaya görə ödənişlər bu qaydada alınacaq

25-07-2023, 17:04           
Parklanmaya görə ödənişlər bu qaydada alınacaq
Parklanmaya görə qanunsuz pul yığımının qarşısının alınması, rəqəmsallaşmanın və istifadə rahatlığının təmin edilməsi məqsədilə ödənişlərin nağdsız qaydada həyata keçirilməsi nəzərdə tutulur.

TEREF.AZ bildirir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Trend-in sorğusuna cavab olaraq bildirilib.

"İlkin mərhələdə müvafiq əməkdaşlar və könüllülər sürücülərə yeni sistemdən istifadə qaydalarını izah edəcəklər. Parklanmadan gələn gəlirlər sistemin saxlanılmasına, həmçinin dövlət tərəfindən nəqliyyat infrastrukturunun inkişafına yönəldiləcək", - deyə məlumatda qeyd olunub.

Nazirlər Kabinetinin “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında Qərarı dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərində parklanmaya görə ödənişin edilməsini tənzimləyir. Sözügedən qərar dövlət avtomobil yollarının tərkibinə daxil edilən sahələrdə təşkil olunan küçə parklanma yerlərinə aiddir.

Xatırladaq ki, bu gündən parklanma ilə bağlı yeni qaydalar qüvvəyə minib. “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği” yalnız dövlətə məxsus parkinqlərdə qüvvədə olacaq. Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-dək, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmayacaq. Bakı şəhəri üzrə IV zonada nəqliyyat vasitələrinin parklanmasına görə ödəniş tələb olunmayacaq. Gəncə və Sumqayıt şəhərləri üzrə isı II zonalarda nəqliyyat vasitələrinin parklanmasına görə ödəniş alınmayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]