Orta Şərq nədən bataqlıqdır, nədən dönə-dönə eyni faciələri böyük fərəh hissiylə yaşamaqdan doymur?

21-09-2026, 09:58           
Orta Şərq nədən bataqlıqdır, nədən dönə-dönə eyni faciələri böyük fərəh hissiylə yaşamaqdan doymur?
Bu sualın cavabını Karl Popperin “Tarixpərəstliyin səfaləti” əsərində aramaq lazım. (Popperin “historisizm” dediyi şeyi dilimizə “tarixpərəstlik” kimi tərcümə edərdim.)
Tarixpərəstlik nə deməkdir? İndini və gələcəyi tarixi təcrübələr və əhvalatlar üzərinə inşa etmək. Qələmi qılıncın varisi olaraq tərbiyələndirmək. Tarixpərəstlik tarixdən mədəniyyət yaratmaq cəhdidir ki, yeri və zamanı gəldikdə o mədəniyyəti yenidən tarixə çevirə biləsən.
Yəni tarixpərəstlik tarixin turşuya qoyulmasıdır.
Tarixpərəstlik Teseyin köhnə gəmisinin taxtalarını söküb ona bənzəyən, amma başqa bir gəmi düzəldir. Bu gəminin adı mədəniyyətdir.
Orta Şərq xalqları məhz bu işin mahir ustalarıdır. Onlar min illərdir tarixin köhnə gəmisinin taxtalarını eynisiylə əvəz edərək ondan mədəniyyətin yeni gəmisini düzəldirlər. Proses gedir, amma nəticə olaraq forma və məzmun dəyişmir. Orta Şərqdə min il əvvəl nə baş veribsə, bu gün də eynisi baş verir. Bu, tənbəl bir tələbənin eyni paltarı kirləndikcə çevirib yenidən geyinməsi kimi acınacaqlı, eyni zamanda gülməli bir işdir.
Bu gün Qırmızı dənizin yan-yörəsində yaşananlar vaxtilə Nəhavəd şəhərinin yan-yörəsində yaşananların ikinci seriyasıdır. Farslar Sasani tarixinin köhnə taxtalarını söküb onun eynisi olan yeni bir mədəniyyət yaratdılar, sadəcə, üstünü islamın yaşıl rəngiylə boyadılar.
İndi yeri və zamanı gəldi, mədəniyyətin altında gizlədilmiş tarix üzə çıxdı və artıq hər gün Qırmızı dənizi adına layiq boyamaqdadır.
Buradan bizim çıxarmalı olduğumuz nəticə: tarixi, sadəcə, öyrənmək lazımdır, tarixə pərəstiş bir xalqın öz ayaqlarını topuqdan sındırıb tərsinə, geriyə bitişdirməsidir.
Mədəniyyəti yalnız tarixpərəstlik üzərində qurulan hər yer Orta Şərqdir! Bataqlıqdır!
Игидай Дадашов












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]