Müharibə qurtardı, müharibə davam edir

19-09-2026, 00:03           
Müharibə qurtardı, müharibə davam edir
II YAZI
Səhər tezdən Qorxmaz Şıxalıoğlu ilə Kərgəlandan Küvənilə gəldik – yarım saat qapını döydük, səsimizi atdıq məhəllənin başına, mobil telefona zəng elədik, gələndən-gedəndən “Səfər əmi” deyib haray istədik, bir nəticə hasil olmadı – özümüz getməyə qərar verib dünənki yola üz tutduq. Qəfil zəng gəldi: Səfər əminin telefonu səssizə düşübmüş, qohumları xaricdən gəlirmiş, onları yeyrbəyer etməklə məşğul olacaqdı, bizi isə nahar yeməyində məkanda və “Məkan”da gözləyəcəkdi!
Bəli, gəldik çatdıq Əzərud kəndinə - dünən Qorxmaz Şıxalıoğlunun təşrif buyurduğu, Azərbaycanın Milli Qəhrəmanı şəhid Pəncəli Teymurovun anası Vahimə xanımı ziyarət etmək istədiyi həyətə. Bir daha və yenidən. Bu dəfə Vahimə ana özü qarşıladı – qapqara paltarda!
Açığı, cəsarətim çatsa da, ərkim çatmadı deyəm bu şəhid anasına: Pəncəli kimi şəhid və qəhrəman oğulun anası heç vaxt qara geyinməməlidir! Sənə al və şal, al şal yaraşır, qara çadra yox!
Qorxmaz Şıxalıoğlu fotoqraflığı mənə tapşırmışdı deyə, mən də əbədi vibrasiyada olan əsən əllərimlə güc-bəla bir neçə alababat kadr götürə bildim – deyim ki, elə “feşenebelnıy”, ekstravaqant mənzərələr var idi, yox!
Ziyarətlər davam etdikcə bu on ildən artıq müddətdə, Vahimə ana da konstruktivləşmiş, oğluna sayğıdan və sevgidən toxtamış, emosiya və hisslərinə hakim ola bilməyi öyrənmiş, şükür allaha, hələ ki, sifətini, yerişini, duruşunu təkəbbür sarmamış və etiket protokoluna uyğun səmimiyyətlə və təmkinlə qarşılamaq prosedurunu bacarmaqda!
SÖZARASI: Azərbaycan tarixində bütün qəhrəmanların analarının qəribə adları var: istər türk, istər ləzgi, istər avar, istərsə də talış olsun!
Mən əvvəlki yazıda dediyim kimi, şəhid, şəhid ailəsi haqqında yazı yazmağı qeyb etmişəm: 34 ildir yoxam. Bu törəndə də meydan və niyyət, ziyarət və sayğı Qorxmazın idi deyə, bir az aralıda qaldım, bir az uzaq gəzdim.
Açığı, Qorxmaz Şıxalıoğlu həm həyətdə, həm ev-muzeyin birinci mərtəbəsində, həm də ikinci qatında söhbət edəndə nə danışdığı, nə eşitdiyi, nə ilə maraqlandığı mənə qəti maraqlı olmadı! Mənim missiyam Qorxmaz Şıxalıoğlunun “meyitini” Lənkərana gətirib Səfər əmiyə təhvil verməkdən ibarət idi!
Dediyim bir neçə səbəbdən biri də bu idi dünən bilə-bilə ki, Vahimə ana evdə deyil: Qorxmaz mənim gözümün qabağında ziyarət zamanı an-an, qədəm-qədəm varından yox olurdu! Əgər həyətə maşınla gəlmişdisə, birinci mərtəbəyə ayaqları ilə qədəm basmışdısa, artıq ikinci qata Qoxmazın ruhu qalxmışdı.
Qorxmaz “meyit”ə çevrilməkdə idi – özü də, “üləma”ların adını “çox iti sürətlə axan dağ çayı” qoyduğu, kəndin sahilində yerləşən Vəşəri misalı!
Şəhidin ölümündən sonra, şəhid anası ilə evində görüşərək nəzərdə yazı yazmaq tutmaq dəm-dəm halvası deyil, Qorxmaz Şıxalıoğlu kimi bir imza üçün heç deyil! Üstəlik də peşəkar jurnalist olaraq, ərinin yox, oğlunun, ölkənin “Milli Qəhrəmanı” adına layiq görülən şəhid oğulun qəbri üstə göz yaşı axıdan qara çadralı qadınla... oğlunun qəbrinin içinə daman göz yaşlarına sirdaş olub allah-bəndə söhbəti etmək durumunda!
Qorxmaz Şıxalıoğlu yazacaq, ya film hazırlayacaq, baxarsınız, eşidərsiniz, ya da oxuyarsınız, mən ayrı şeylər düşünürdüm!
Hə-ə, orda qaldıq ki, qəhrəmanların analarının qəribə adları və mükəmməl deyimləri qalıb tarixdə!
Onlardan birincisi Babəkin anası təkgöz Börümən xanımın “oğlun nə üstündə vuruşdu” sualına cavabıdır: “Mənim oğlum at üstündə azadlıq uğrunda vuruşdu 30 il!” – DEYİMƏ BAX E!
Ada bax e: Börümən – başqa heç bir halda rast gəlmədim!
Şah İsmayılın anası... Dəspinə xatun – 5 əsr əvvəl adı ahəng qanununa tabe olan incə saitli Şah Anası!
Elə bilərsiniz yazdığım yazı bitməmiş dediyim öz yadımdan çıxıb, yox: deyirəm niyə Vahimə ananı qara paltarda görmək istəmədim, yaraşdırmadım!
Bu yaxınlarda rəhmətə getmiş Nəriman Həsənzadənin yaradıcılığında rast gəlmişəm: şair remarka yerində qeyd edir ki, döyüşə gedən təzəbəy oğul nişan üzüyünü barmağına taxır, anası təəccüblə ona baxanda deyir ki, ana, əgər düşmən məni öldürsə, meyidimin üstünə gələndə qoy görsün ki, mən var-dövlət uğrunda yox, vətən uğrunda vuruşub şəhid olmuşam!
Sənin oğlun 13-14 yaşında 220 voltluq elektrik naqilini yalın əllə şəbəkəyə bağlamağa ürək edən oğuldur – düzdür, elektrik erməni qədər qəddar və vəhşi olmayıb, sadəcə, 40-50 metr atıb o yana ki, a bala, mənimlə zarafat eləmə!
Sənin oğlun döyüşməyib də yaşaya bilərdi! Amma döyüşə icazə gözləmədən də atılan mərd kişidir!
Sənin oğlun öz toyunda özünə şəhidlik arzu edən oğuldur!
Sənin oğlun 10 ilə belə qəhrəmanlığı unudulmayan oğuldur və sonucda bu dövlətin, bu xalqın “Milli Qəhrəman”ı adına layiq görülüb!
Sənin oğlun ölümüylə belə nəinki Ana olaraq sənə, ümumilikdə yeddi para kəndə 25 kilometr abad yol çək(dir)ən oğuldur!
Amerikadan, Türkiyədən belə Səni ziyarətə gəlirlər, hələ bütün Azərbaycanı demirəm!
Bu boyda ucalığa yas saxlayarlar?
Mən Vahimə Ananı Börümən Ana kimi görmək və tarixdə yaşamasını istədim!
Mən Vahimə Ananı Nurəddin Xocanın Anası kimi hazırcavab görmək istəyirəm: “Nurəddin ölüb, bu vətənə qurban olsun, hesab edərəm dörd yox, üç oğlum var!”
Və mən, etiraf edirəm, Vahimə Ananın nə dediyini, nə deyəcəyini avantaja çevirmək fikrindən bir o sadə səbəbdən uzağam ki, nə onun, nə də başqalarının dedikləri Pəncəli Teymurovu OLDUĞU QƏHRƏMANLIQDA və UCALIQDA mənə çatdırmır!
NİYƏSİ BU Kİ...
Qorxmaz Şıxalıoğlu Vahimə Anayla söhbət edəndə mən bir vaxtlar Pəncəlinin yaşadığı evin, gəzdiyi həyətin və keçdiyi yolun Pəncəlinin dövründə olduğu durumunu göz önünə gətirməyi bacardığımdan düşünürdüm: əgər müharibə Pəncəli Teymurovun yaşadığı bu ərazidə getsəydi, Pəncəli Teymurov bu torpaqda 30 il vuruşardı, məğlub olmazdı, imkan verməzdi işğala məruz qalsın, məğlub olsaydı da belə, bu torpağı 30 il işğalda saxlaya bilməzdilər!
Pəncəli Teymurov məhz bu baxımdan Milli Qəhrəman adını-ucalığını haqq edir – mən onun haqq etdiyi belə təqdimatı görmədiyim üçün bütün yazılanlardan, çəkilənlərdən razı qalmamışam!
Və... mən Pensərdən təxminən 25 kilometr, faktiki isə 23.5 km-lik yolu iki dəfə o baş-bu baş gedib qayıdanda fikirləşirdim ki... görəsən, “koordinat təyin edən” ələngəsi – “nöqtəqoyan” aparatı olan REYESTR deyilən bir qurum var, kimdən xahiş etmək olar ki, gəlsin Pəncəli Teymurovun yaşadığı evin-həyətin koordinatlarını müəyyən etsin, “toçka” vursun və ümumi sistemə əlavə etsin, yəni axtarış verəndə ekranda görünsün... o müqəddəs məkan – BUNU BÜTÜN ŞƏHİDLƏRİMİZ ÜÇÜN ETMƏK LAP ƏLA OLARDI!
Niyə?
Bu vətənin əziz və sevimli, uğrunda şəhid olmağı ən ali və müqəddəs borc olduğunu anlatmaqda bundan gözəl və tutarlı arqument ola bilməz!
İndi Əzəruda gedənlər Pəncəlinin gedib gəldiyi yollarla getmirlər – o yollar hətta şəkillərdə qalmayıb! Və o evlərdə, o yollarda böyüyən uşaqlar bu vətəni hardan hara sevib işğaldan azad olunması üçün şəhid olmağa könüllü gediblər: öndə Pəncəli Teymurov olmaqla!
İstəyirəm ki, Pəncəli Teymurovun koordinatları – uzunluq və en dərəcələri sistemdə otursun və əşhədü-billah şəxsiyyət vəsiqəsinə - pasportuna baxılsın!
Pəncəli fərqində də deyildi ki, orada “azərbaycanlı” yazılıb, “talış” yox!
Bunu anlatmaq lazımdır həm şovinistlərə, həm də separatçılara!
Tarix üçün də xüsusi guşə ayırmaqla və yazmaqla: ÖLKƏNİN TORPAQLRINA su qatılanda palçıq olur, vətəndaşlarının qanı qarışanda VƏTƏN! – icra başçısı olan, döyüşlərdə sülaləsi ilə bir yerdə vuruşan dostum deyib bu sözü!
Məhz Pəncəli Teymurovun timsalında isbata ehtiyacı olmayan bir aksiom yaranacaq ölkə vətəndaşları – çoxsaylı xalqlardan ibarət azərbaycanlı...lar üçün!
Kimsə də kimisə türk, ya talış-ləzgi-avar çıxaranda soxa bilək gö...z..ünə: bu vətən hamı üçündür, döyüşə də hamı azərbaycanlı kimi gedib, ona görə də heç kim o basırıqda özünə şəxsiyyət vəsiqəsi alıb milliyyəti qrafasına dəqiqlik gətirməyib!
Qorxmaz söhbəti bitirir: Lənkərana qayıdırıq. “Məkan”da nahara yığışırıq. Mən dünən yatandan heç nə yeməmişəm, ancaq su içirəm, dünən axşamdan da itirdiyim telefonu axtarıram. Səfər əmiylə Qorxmazı restoranda qoyub gedirəm telefonumu axtarmağa və... tapıram. Telefon səssizə düşübmüş.
Zənni-gümana düşüb Səfər əmiyə şübhə etmişdim. Telefonum tapılanda isə bunu “zənni-gümanımın cəzası” saymadım!
ÇÜNKİ:
Pəncəli Teymurov kimi şəhidlərin aurasında bütün səslər susur, səssizə düşür, bu ucalığın qabağında hətta texnoloji tərəqqi acizdir!
Və mən bu həqiqəti başa düşüb susanlardanam. Yazdığım isə... nə şəhid, nə şəhid ailəsi haqqında yazı, heç xronoloji-statistik inşa-təqdimat da deyil!
Sadəcə, oyundankənar vəziyyətdə... stadiondankənar canlı yayım saymaq olar!
p.s. Şəhidə, Şəhid Anasına çox da çox yaxınlaşmaq olmur!
Şəhidlərdən, şəhid ailələrindən kitab ((və kitablar) (KİTAB E!!!)) yazanlar bunu bilməz!
O acını ki yaza bildin, deməli, hələ də qonşu evində bişən ehsan halvası da olsa, sənə şirin gəlir: “şəhidlərimizlə fəxr edirik”,- deyə bilirsən! Evində bişməyənəcən!
p.p.s. Bir vaxtlar kəndə giriş və yol bu gündə olub.
Aydın Can












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]