Kaş sənin mərdliyin və insanlığın başqalarında da olaydı, dəli qız ...

22-09-2026, 11:34           
Kaş sənin mərdliyin və insanlığın başqalarında da olaydı, dəli qız ...
Röya Rəfiyevanın statusunu oxudum. Ürəyim parçalandı. Başına gələnlər, yaşadıqları dəhşətdir. Almaniyaya ümidlə gedən Röya Rafiyevanın yaşadıqları deportasiya ilə nəticələndi (düzdür, sonra yenidən Almaniyaya döndü). Amma məsələ təkcə onun bu ölkədən çıxarılması deyil. Proses zamanı qarşılaşdığı hadisələr, yaşadığı çətinliklər və bütün bunların onda yaratdığı sarsıntı insanı düşündürür. Röya başına gələnləri ilk dəfə bu qədər ətraflı danışıb. Yazısını oxuyanda, həyatın hər üzünü görmüş, dəfələrlə yıxılıb qalxmış biri kimi, mənim də ürəyim qan ağladı. Röya Azərbaycanı balalarından çox sevən biridir. Keçmiş iş yoldaşı kimi buna şahidəm. Bəzən aqressiv görünə bilər. Amma onu yaxından tanıyanlar bilir ki, o qədər kövrəkdir, o qədər həssasdır ki...
Mən xəstələnəndə bir çox dost yoxa çıxdı. Halbuki həmin vaxt Röya ilə küsülü idik. Buna baxmayaraq, ilk gündən mənəvi dəstəyini hiss etdim. Ailəmlə, dostlarımla mütəmadi əlaqə saxlayır, səhhətimlə maraqlanırdı. Mən Türkiyədə olanda Almaniyadan yanıma gəlmək istədi. İcazə vermədim. Bakıya qayıdanda zəng etdi:
“Sufi”, (Röya məni belə çağırır) “icazə ver, qardaşım gəlib səni özü görsün. İnanım ki, yaxşısan”.
Niyyətini bildiyim üçün qəti şəkildə yox dedim.
Amma qardaşı yenə də evimizə gəldi. Qısa müddət oturdu və getdi. Gedəndən sonra gördüm ki, bir zərf qoyub. İçində maddi dəstək vardı. Açığı, gözlərim doldu. Pula görə yox. Mərdliyinə görə.
İmkanlı dostlara hal-əhval üçün zəng edəndə bəzən elə bilirdim İlham Mirzəyevin verilişinə düşmüşəm: “Ağlaşma”, “pul yoxdur, evimi satıram” və sair ifadələr...
Qardaş(lar), mən sizdən sadəcə “necəsən?” sözünü eşitmək istəyirdim. Pula ehtiyacım yoxdur. Dövlət onsuz da müalicəmə yardım edir.
Röya mərd olduğu qədər vətənpərvər qızdır. İstedadlı jurnalistdir. Bəli, gəncliyində səhvləri də ola bilər. Hamımızın səhvləri olub. Amma bir insanın səhvi onun bütün həyatının üstündən xətt çəkməyə əsas verməməlidir.
Röyanı Vətənə qaytarmaq lazımdır. Bu yazını oxuyan hər kəsdən xahişim budur, məsələyə yalnız bir deportasiya və geridönüş faktı kimi baxmayın. Bunun arxasında bir insanın həyatı, ailəsi, keçmişi, dostları və Vətən həsrəti dayanır.
Röya, sənə həmişə “dəli qız” demişəm.
Amma bu “dəli qız”ın ürəyinin nə qədər böyük olduğunu mən yaxşı bilirəm.
Səni çox sevirik. Və bir şeyi heç vaxt unutmayacağam- mənə görə gecələr yuxudan durub Allaha dua edən bir ateist... Kaş sənin mərdliyin və insanlığın başqalarında da olaydı, dəli qız ...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]