Sabah seçim qarşısında qalsalar, dövlətin qanununa qulaq asacaqlar, yoxsa şeyxin əmrinə?
17-09-2026, 17:08

Ateizmi təbliğ edən “Çevik” ləqəbli tiktoker həbs edilib.
Əvvəldən deyim, Çevikin apardığı mübarizə formasını mən də sağlam hesab etmirəm.
İnanmırsansa, inanma. Amma başqasının inancını söymək, təhqir etmək, ələ salmaq ateizmin sübutu deyil.
Mənim sualım başqadı.
Görəsən, Azərbaycan dövləti üçün daha böyük təhlükə Çevikdi, yoxsa günü-gündən qol-budaq atan təriqət və camaatlar?
Mənim cavabım birmənalıdı: təriqət və camaatlar.
Bu şəkli də ona görə qoymuşam.
Bir təriqət imamı ağzındakı, tüpürcəyi dəymiş şirniyyatı uşağa verir. Uşaq da bunu adi şirniyyat kimi yox, “kəramət sahibinin” payı kimi qəbul edir.
Mənim üçün burda tüpürcəkdən də iyrənc olan uşağın ağlına yeridilən fikirdi: bu adam adi adam deyil. Bunun ağzından çıxan da müqəddəsdi, sözü də.
Bu gün ağzından çıxan şirniyyatı yeyirsən.
Sabah ağzından çıxan əmri də yeyəcəksən.
Mən demirəm ki, belə böyüdülən hər uşaq sabah terrorçu olacaq. Amma canlı bomba da səhər yuxudan durub birdən-birə canlı bomba olmur. Əvvəl onun “niyə?” sualını öldürürlər. Sonra şeyxi, lideri, “ustadı” onun öz ağlından üstün tutmağı öyrədirlər.
Türkiyə bunun acısını az çəkməyib.
Atatürkün qurduğu laik respublikada illər keçdikcə müxtəlif dini camaatlar böyük təsir imkanları qazandılar. Fətullahçılar, Süleymançılar, İsmailağa, Menzil, Kuytul çevrəsi və başqaları müxtəlif vaxtlarda Türkiyənun başına ciddi bəla oldular.
Dövlətin içində dövlətdən başqa bir mərkəzə sədaqət yaranırsa, məsələ artıq ibadət deyil.
Qapalı dini şəbəkələr zamanla xarici dövlətlərin xüsusi xidmətlərinin, siyasi mərkəzlərin və hətta terror təşkilatlarının təsir və istifadə obyektinə çevrilir.
Ona görə də dövlət üçün sual bu olmalıdı:
Bu camaatı kim maliyyələşdirir?
Pul hardan gəlir?
Kimə tabedilər?
Uşaqlara nə öyrədirlər?
Sabah seçim qarşısında qalsalar, dövlətin qanununa qulaq asacaqlar, yoxsa şeyxin əmrinə?
Mən inanan adamam. Tanrıya inanıram, Qurana inanıram. Elşad Mirinin, mərhum Yaşar Nuri Öztürkün, Mehmet Okuyanın Quranı ağıl və düşüncə ilə izah edən yanaşmalarının xeyli hissəsi mənə yaxındı.
Rəhmətlik Hacı Şahinin xüsusilə ömrünün son illərində apardığı təbliğat da dövlətçilyə və dinə xidmət edirdi.
Son zamanlar Farid Abdullah da çox bəyəndiyim dindarlardandı.
Mənim dinlə problemim yoxdu..
Düşünürəm ki, təhlükəsizlik orqanlarımız Çevikin TikTok-da nə dediyinə baxdığı qədər, bəlkə ondan da artıq, Azərbaycanda hansı təriqətin necə böyüdüyünə, kimdən maliyyələşdiyinə, hansı xarici mərkəzlərlə əlaqə saxladığına və üzvlərindən necə bir itaət tələb etdiyinə baxmalıdır.
Çünki Çevikin bir videosunu bağlamaq asandı.
Şeyxin tüpürcəyini müqəddəs bilən bir nəsli şeyxin əmrindən çıxarmaq isə çox çətin olacaq.
Bahadur Seyidov

